Sabunçu rayonunda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirildi
11aprel 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamına uyğun olaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Rayon Polis İdarəsinin 46-cı bölməsinin inzibati binasının qarşısında gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi. Yolasalma mərasimində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, nümayəndələri, ictimaiyyət təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak etdilər.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi vurğuladı və gəncləri Vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik etdi.
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Çağırışçılarla iş şöbəsinin rəisi polkovnik-leytenant Rauf Hacıyev son günlər cəbhə xəttində düşmən təxribatının qarşısının alınması zamanı Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi qəhrəmanlıqdan, cəmiyyətin Qarabağ uğrunda sıx birləşməsindən danışdı.
Çıxış edənlər valideyn Şahin Şıxəliyev, Sabunçu rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri, Qarbağ müharibə veteranı Zülfüqar Cəfərov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, onlardan qələbə xəbərləri gözlədiklərini vurğuladılar.
Çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdilər.
Sonda gənclər Azərbaycan Respublikasının dövlət bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla təyin olunduqları hərbi hissələrə yola salındılar.