Sabunçu rayonunda 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olundu
15 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Tədbirdə ilk olaraq son günlər baş vermiş hadisələrdə canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident giriş nitqilə çıxış edərək ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış və qarşıda duran həlli vacib məsələləri müəyyənləşdirmişdir. Adil Vəliyev bildirdi ki, Nazirlər Kabinetinin son iclası cənab Prezidentin xalq qarşısında hesabat verməsi üçün olduqca mühüm bir mərhələyə təsadüf etdi. Elə bir mərhələyə ki, indi dünyanın nəbzinin Azərbaycanda döyündüyü zaman ölkəmizin cəsarətli, Prezidentin isə qətiyyətli addımları məmləkətimizdə olduğu qədər, beynəlxalq birlikdə də dərindən və diqqətlə öyrənilir. Azərbaycanın qarşıdakı dövrdə fəaliyyət konturlarını müəyyənləşdirmək istəyənlər ölkə rəhbərinin artıq hər cümləsini deyil, hər bir sözünü, hətta sətiraltı məna verən kinayəsini belə xüsusi həssaslıqla izləyirlərHesabat dövründə Sabunçu rayonunun da sosial-iqtisadi sahələrində dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Hesabat dövründə Sabunçu rayonunun da sosial-iqtisadi sahələrində dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseyn-zadə rayonunun 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların həcmi 2,5 faiz artaraq 53,7 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 2 faiz artaraq 152 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,3 faiz artaraq 94,6 mln.manata çatmışdır.
Hesabat dövrü ərzində sosial sahələrdə çalışanların orta əmək haqqı ötən dövrlə müqayisədə 0,3 faiz artaraq 425,2 manat, sənayedə çalışanların əmək haqqı isə 0,9 faiz artaraq 550,6 manat təşkil etmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ilin 3 ayı ərzində 456 ailənin hər birinə orta hesabla 151,4 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunaraq ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair tapşırıq və tövsiyyələrinin icrasını təmin etmək məqsədi ilə cari ilin əvvəlindən rayonda 959 yeni iş yerləri yaradılmışdır. Bu müddət ərzində iş axtarmaq məqsədilə Məşğulluq Mərkəzinə 8818 nəfər müraciət etmiş, onlardan 725 nəfəri işlə təmin olunmuşdur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Dövlət Proqramının icrasına başlanmışdır. Dövlət proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, əhalinin elektrik enerjisi, su, kanalizasiya, qaz və istilik təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
01.04.2016-cı il tarixinə olan məlumata görə həmin tədbirlərdən 4 bənd üzrə işlər tamamlanmış, 19 bənd üzrə işlərin icrasına başlanılmış və hazırda davam etdirilir, qalan bəndlərin icrası üçün hazırlıq işləri aparılır.
Bildiyiniz kimi ötən ilin noyabr ayının 26-da Nardaran qəsəbəsində bir sıra ekstremist əhval-ruhiyyəli şəxslər tərəfindən dini zəmində insan tələfatı ilə nəticələnən qarşıdurmalar baş vermişdir ki, bunun da qarşısı dövlət güc strukturları tərəfindən qısa bir müddət ərzində qətiyyətlə alınmışdır.
Qəsəbədə əhalini narahat edən digər sosial məsələlərin həllinə, geniş abadlıq işlərinin, küçə və yolların yenidən qurulmasına başlanılmışdır. Qısa müddət ərzində Sabunçu rayon Polis İdarəsinin 42 saylı Polis Bölməsinin, “Azərişıq” ASC-nin Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin Nardaran sahəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin və Nardaran qəsəbə nümayəndəliyi üçün binalar tikilib istifadəyə verilmiş, Sabunçu Dövlət Təhlükəsizlik Xidmətinin Nardaran bölməsinin inzibati binasında tikinti işləri başa çatmaq üzrədir.
“Azəravtoyol” ASC tərəfindən qəsəbənin əsas küçələrindən olan Abşeron küçəsinin genişləndirilməsi və yenidənqurulması ilə əlaqədar 97 həyətyanı sahədə daş hasarlar, 16 qeyri-yaşayış sahəsi sökülərək müasir tələblərə uyğun yenidən tikilmiş, yol 18 metrə qədər genişləndirilərək asfaltla örtülmüşdür. Hal-hazırda N.Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılmış və yaxın vaxtlarda başa çatması nəzərdə tutulur. Bu işlər Rayon İcra Hakimiyyətinin daimi nəzarətindədir.
Məhəllələrdə abadlıq işləri 2016-cı ildə də davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72, S.Qocayev küçəsi 126, Ş.Kamilov küçəsi 15/74, R.Qəmbərov küçəsi 2 saylı binaların məhəllədaxili ərazilərində qeyri-qanuni tikililər, qarajlar, çəpərlər sökülərək ərazidə abadlıq işləri aparılmış, burada 25 ədəd müasir tipli yüngül konstruksiyalı işıq dirəkləri quraşdırılmış, 700 metr uzunluğunda səki daşları yenilənmiş, 4000 m2-ə yaxın sahəyə asfalt örtüyü vurulmuşdur. Bu işlər hal-hazırda da davam etdirilir. Yeni nümunəvi həyətin may ayının sonuna kimi sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
2016-cı ilin sonuna kimi Bakıxanov qəsəbəsində daha 3 nümunəvi həyətin salınmasına hazırlıq işləri aparılır.
Bakıxanov qəsəbəsinin Sülh küçəsi 1, R.Qəmbərov küçəsi 26, 28 saylı ünvanlarda 2 mərtəbəli mərasim evinin tikintisinə başlanmışdır və bu işlər də yaxın vaxtlarda başa çatdırılacaq.
Bildiyiniz kimi “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 saylı Qərarına əsasən rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti qarşısına 5 il müddətinə əlavə vəzifələr qoyulmuşdur və artıq qərarın icrasına başlanılmışdır. Belə ki, qəza təhlükəsi olan binaların siyahısı tərtib edilərək, baxılıb rəy verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarına göndərilmişdir. Bu binalardan 37-si üçün artıq müvafiq rəylər verilmişdir. Həmin rəylər əsasında rayonun Bakıxanov və Ramana qəsəbələrindəki 5 yaşayış binasından sakinlər köçürülərək yerində yeni çoxmənzilli yaşayış binalarının inşasına başlanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu tikinti-təmir işləri zamanı ilkin olaraq rayon üzrə 235 nəfər işlə təmin edilmiş, ilin sonuna qədər daha 400-ə yaxın vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulmuşdur.
2016-cı ildə daxili imkanlar hesabına rayonda çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması da davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 13 saylı binada təmir işləri artıq başa çatdırılmış, Sülh küçəsi 4 saylı binada hal-hazırda işlər davam etdirilir. İlin sonuna kimi qəsəbənin R.Axundov küçəsi 13, S.Mehmandarov küçəsi 8, S.Qocayev küçəsi 126, Sülh küçəsi, məhəllə 4090/94 ev 2/7, 1/1, 4, 1/2, 2/6 saylı binalarda təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Dövlət proqramı və başqa mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmir edilərək asfaltlanması davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən hər qəsəbədə daxili imkanlar hesabına bir neçə küçənin abadlaşdırılması və asfalt örtüyünün vurulmasına başlanmışdır.
İndiyədək Bakıxanov qəsəbəsinin Ş.Kamilov, Gənclik, Sabunçu qəsəbəsinin Stansiyayanı, Zabrat qəsəbəsinin V.Çkalov, S.Səfərov, Balaxanı qəsəbəsinin R.Qədimov, C.Cahangirov, Maştağa qəsəbəsinin H.Abbasov, Seyid İbad Ağa, Bilgəh qəsəbəsinin S.Vurğun, Pirşağı qəsəbəsinin H.Əliyev küçələrinə ümumilikdə 29000 m2 yeni asfalt örtüyü vurulmuşdur.
Bundan başqa “Azəravtoyol” ASC tərəfindən rayonun Nardaran qəsəbəsi, Abşeron küçəsinə 41400 m2 asfalt örtüyü vurulmuş, hal-hazırda Nardaran qəsəbəsinin N.Əsgərov küçəsinə (12600 m2), Bilgəh qəsəbəsinin Azərbaycan Qadını küçəsinə (7200m2) və Ramana qəsəbəsinin Südçülük Sovxozundan Maştağa qəsəbəsi istiqamətinə yolda (7500m2) təmir-bərpa işləri aparılaraq, asfalt örtüyünün vurulmasına hazırlıq işləri görülür.
Rayonun mərkəzi yollarının ətrafında və məhəllədaxili ərazilərdə xeyli yaşıllaşdırma işləri də görülmüşdür. Belə ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov və M.Fətəliyev küçələri boyu salınmış xiyabanın kənarlarında ötən il başlanmış işlər bu il də davam etdirilərək 2950 metr uzunluğunda məhəccərlər quraşdırılmış, 8800 m2 yaşıl ot örtüyü salınmışdır.
Bakıxanov qəsəbəsi, R.Qəmbərov və Ş.Kamilov küçələrinin kəsişdiyi yol ayrıcını birləşdirən yerdə nəqliyyat vasitələrinin hərəkət dairəsi inşa edilərək dairənin mərkəzi hissəsinə 930 m2 yaşıl ot örtüyü salınmışdır. Bununla da rayon üzrə salınmış çəmənliklərin ümumi sahəsi 67800 m2-ə çatdırılmışdır.
Cari ilin əvvəlindən əhalinin elektrik enerjisi, qaz, su təchizatının daha da yaxşılaşdırılması, digər xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli işlər görülmüşdür və hazırda da davam etdirilir.
Rayon İcra hakimiyyəti 2016-cı ilin I rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Cari ilin 3 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1213 ərizə və 606 məktub daxil olmuş, İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 86 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə isə cəmi 1200 nəfər iştirak etmiş və 44 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 65 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
Məruzə ətrafında Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Rayon Məşğulluq Mərkəzinin rəisi Akif Gülməmmədov, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin müdiri Məzahir Vəliyev və Rayon Mənzil Kommunal Təssərüfatı İdarəsinin rəisi Akif Ramazanov çıxış etdilər. Sonra Şura iclasının qərar layihəsi oxundu.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.