Sabunçu rayonunda Çernobıl qəzasının 30-cu ildönümü qeyd olundu
25 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın 30-cu ildönümü ilə bağlı Çernobıl əlilləri ilə görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov, Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov, rayonda fəaliyyət göstərən ictimai birliklərin sədrləri və Cernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının 60 nəfər üzvü iştirak etdilər.
Tədbirə başlamazdan əvvəl Ermənistanın silahlı qruplaşmalarının cəbhəboyu təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin və Çernobıl qəzasında həlak olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərmişdir. Həmin insanların bir çoxu dünyasını dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılmış, onların statusu müəyyənləşdirilmiş, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüş, onlara dövlət tərəfindən müavinət təyin edilmişdir. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir.
Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon Təşkilatının sədri Elxan Salmanov öz çıxışında Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulayaraq, bu gün Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etdi.
Sonra Cernobıl əlili Sədyar Abbasov və cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən cəmiyyətin 60 nəfər üzvünə maddi yardım göstərildi.