Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

22 fevral 2013 | 20:00

22 fevral 2013-cü il tarixdə Sabunçu rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Sabunçu rayonunda 2012-ci ildə görülmüş işlər və əldə olunmuş nəticələrdən ibarət 30 dəqiqəlik film izlədilər.

Daha sonra tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev Sabunçu rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında çıxış edərək bildirdi ki: Ulu Öndər Heydər Əliyev dühasından qaynaqlanan Prezident İlham Əliyevin elmi əsaslara və liberal iqtisadiyyat prinsiplərinə söykənən, insan amilini əsas götürən çevik siyasəti sayəsində ölkəmiz keyfiyyətcə 2012-ci ildə yeni inkişaf mərhələsinə qədəm qoydu, mürəkkəb beynəlxalq iqtisadi mühitdə baş verən kataklizmlərə baxmayaraq yeni uğurlar əldə edildi. 2012-ci ildə sosial-iqtisadi vəzifələrin icra edilməsi nəzərdə tutulmuş plan və proqramların reallaşdırılması, ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artmasına xüsusi təkan verdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Dövlət başçısı ötən ildə ölkəmizin sosial-iqtisadi inkişafı və eləcə də digər sahələrdə görülmüş işləri geniş təhlil edərək 2013-cü ildə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Cənab Prezident qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər ölkəmizi daha böyük nailiyyətlərə çatdıracaq.

O da qeyd edilməlidir ki, bir sıra inkişaf etmiş ölkələrin kredit reytinqləri aşağı salındığı halda Azərbaycanın kredit reytinqi keçən ildə də artmaqda davam etmişdir. Ümumiyyətlə, iqtisadiyyatımız beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə Dünyada 46-cı, MDB məkanında isə 1-ci yerdədir.

Ölkə iqtisadiyyatının gələcəkdə də tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahının yüksəlməsi, habelə cəmiyyətin bütün istiqamətlərdə tərəqqisinə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 29 fevral 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Artıq bu ildən reallaşacaq həmin konsepsiya ilə qarşıya qoyulan əsas məqsəd ölkədə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır.

Əhalisinin sayına və həm də iqtisadi potensialına görə şəhərimizin ən böyük rayonlarından olan Sabunçu rayonunda da 2012-ci il ərzində həm Dövlət Proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası, magistral və daxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz və su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, müasir tələblərə uyğun yenidənqurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür.

Belə ki, 2012-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 316,04 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 138 mln.manat və ya 78,1 faiz çoxdur.

Rayonun sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ildə 12,3 faiz artaraq 405 manata, sənaye sahələrində çalışanların əmək haqqı isə 23,8 faiz artaraq 518 manata çatmışdır.

Hətta bir neçə müəssisədə orta aylıq əmək haqqı daha çox – 600-900 manat səviyyəsində olduğu halda digər bir sıra müəssisələrdə bu göstərici cəmi 120-200 manat təşkil etmişdir ki, bu da yolverilməz haldır. (Məsələn: “Azərfarm” LTD üzrə 114 manat, “Sərham” MMC üzrə 125 manat, “Bakı tələbat qabları” müəssisəsi üzrə 146 manat, Əzizbəyov adına TSZ üzrə 153 manat, Bakıxanov trikotaj fabriki üzrə 203 manat təşkil etmişdir).

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 1490 N-li 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və sonradan həmin proqrama əlavədə ümumən 16 sahəni əhatə edən 171 bəndin Sabunçu rayonunun qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunlardan da 82 bənd, yəni 48 faizi təhsil sahəsinə aiddir. Ümimiyyətlə proqramda 2011-2013-cü illər ərzində rayonda cəmi 3472 şagird-yerlik 4 yeni məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Bundan əlavə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycanda Yeni Məktəb” devizi altında Pirşağı qəsəbəsindəki 112N-li məktəbin köhnə binası sökülərək yerində yeni 3 mərtəbəli, 650 şagird-yerlik binanın tikintisi başa çatdırılmışdır. Proqramda nəzərdə tutulmuş 5 səhiyyə obyektindən də ikisində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmiş, Prezident Fondundan ayrılmış maliyyə vəsaiti hesabına Sabunçu qəsəbəsindəki 12 saylı şəhər poliklinikasının köhnə binası sökülərək yerində müasir tipli 3 mərtəbəli poliklinikanın tikintisi başa çatdırılmışdır.

Dövlət Proqramında elektrik enerjisi, qaz, su, istilik təchizatı və rabitə sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti başa çatdırılmışdır. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılmışdır. Qaz və istilik təchizatındakı mövcud bir sıra çətinliklərin də aradan qaldırılması üzrə əlavə tədbirlər görülməkdədir.

Bakıxanov qəsəbəsinin mərkəzi sayılan Y.Əliyev, M.Fətəliyev və Mehmandarov küçələrində yenidənqurma və abadlıq işləri ilə bağlı onlarla yöndəmsiz obyekt, hasar və çəpərlər sökülmüş bir sıra çoxmərtəbəli yaşayış binalarının yastı dam örtükləri metal örtüklərlə əvəz olunmaqla fasadlarının bərpası, onların təbii üzlük daşlarla müasir üslubda üzlənməsi həyata keçirilmişdir. Artıq bu işlər 11 binada başa çatdırılmış, 9- da isə davam etdirilir. Həmin mərkəzi küçələrdə yerləşən rayon icra hakimiyyətinin inzibati binası da mövcud tələblərə uyğun təsdiq olunmuş layihə əsasında böyüdülərək dam örtüyü yenidən qurulmuş, hazırda binanın fasadında üzləmə və daxili təmir-barpa işləri davam etdirilir. Ümumiyyətlə 2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsindəki mərkəzi küçə boyu Qaraçuxur qəsəbəsinə və icra hakimiyyətinin yanından 8-ci km qəsəbəsinə qədər gedən yol imkan daxilində genişləndirilməklə, mövcud tikililərin və ticarət obyektlərinin MKTB-nin qarşısındakı boş əraziyə köçürülməsi, eyni zamanda 15-dək müasir çoxmərtəbəli ictimai yaşayış binalarının tikintisi və köhnə binaların fasadlarının bərpası və abadlaşdırılması işləri davam etdiriləcək. Bütün bu işlər qeyd olunan küçələrin yenidən qurulması üçün razılaşdırılmış perspektiv plan-layihələr əsasında həyata keçiriləcəkdir.

Eyni zamanda Bakıxanov dəmiryolu stansiyasının ətrafındakı onlarla primitiv ticarət obyektlərinin sökülərək yerində modern tipli yeni ticarət mərkəzinin də tikintisi üçün layihə hazırlanmışdır və bu barədə həm obyekt sahibləri ilə həm də həmin işləri yerinə yetirəcək təşkilatla ilkin razılaşma əldə edilmişdir. Məqsədimiz birinci mərhələdə qəsəbənin həmin mərkəzi küçələrini zövqlə, tələb olunan müasir səviyyəyə, görkəmə salmaqdır.

Bakıxanov qəsəbəsindəki 96, 252 və 271 N-li məktəblərin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar həmin məktəblərə gedən yollarda və ətraf sahələrində də geniş abadlıq işləri aparılmış, yeni asfalt örtükləri vurularaq binaların fasadları təmizlənmiş və rənglənmiş, oradakı bir çox yöndəmsiz tikililər sökülərək rayon icra hakimiyyəti tərəfindən nümunəvi layihə əsasında bir cərgə üzrə yenidən tikilmişdir. Sakinlərin müraciətləri nəzərə alınaraq icra hakimiyyətinin daxili imkanları hesabına 271 N-li məktəbin yaxınlığındakı Hacınski küçəsində ümumi sahəsi 300 kv. m-ə yaxın xeyir- şər evi tikilmişdir və hal-hazırda orada tamamlama işləri aparılır.

Zabrat qəsəbəsi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ Əlilləri və Şəhid ailələri üçün ikinci yeni 9 mərtəbli 81 mənzilli yaşayış binası istifadəyə verilmişdir ki, buradan da Sabunçu rayonundan həmin kateqoriyadan olan şəxslərə verilmək üçün 61 mənzil ayrılmışdır.

Sabunçu qəsəbəsi Rəsulzadə küçəsindəki 3№-li kəskin qəza vəziyyətində olan 3 mərtəbli yaşayış binası sökülərək yerində 5 mərtəbəli 66 mənzilli yeni bina tikilərək sakinlərin istifadəsinə verilmişdir.

Bakıxanov qəsəbəsində qəzalı vəziyyətdə olan 2 yaşayış binasının, Zabrat qəsəbəsində 2 yaşayış və hazırda 10 ailə yaşayan 1 keçmiş uşaq bağçasının və Sabunçu qəsəbəsindəki 311 N-li məktəbin sökülərək yenidən tikintisinə ehtiyac var ki, bununla bağlı da müvafiq tədbirlər görülməkdədir.

Bakıxanov dəmiryolu stansiyasından İcra Hakimiyyətinə qədər, uzunluğu 1,5 km-ə yaxın olan alleyada təmir-bərpa işləri başa çatdırılmış, Heydər Əliyev adına istirahət parkında isə xüsusi layihə əsasında Heydər Əliyev mərkəzinin tikintisi və parkın yenidənqurma işlərinə başlanılmışdır.

İl ərzində rayonun bütün qəsəbələrində, yaşayış məntəqələrində sanitar-təmizlik işlərinin aparılması səviyyəsini qaldırmaq, məişət tullantılarının yerlərdən vaxtında götürülməsini təşkil etmək, eləcə də mərkəzi küçə və yolların abadlaşdırılması, yenidənqurulması istiqamətində xeyli işlər görülmüşdür.

Belə ki, Kommunal Təsərrüfat İdarəsinin maşın-mexanizmilərə olan tələbatını ödəmək üçün il ərzində 8 ədəd müxtəlif markalı məişət tullantıları daşıyan, 2 ədəd yükünü özü boşaldan maşın, 3 ədəd ekskavator alınaraq idarənin istifadəsinə verilmişdir. Bundan başqa rayon üzrə il ərzində cəmi 1033 ədəd, o cümlədən İcra Hakimiyyəti tərəfindən 591 ədəd məişət tullantıları konteynerləri alınaraq qəsəbələrə verilmişdir. Görülmüş tədbirlər əsasında yerlərdən məişət tullantılarının müntəzəm və planlı şəkildə yığılmasını təmin etmək üçün Kommunal Təsərrüfat İdarəsində əlavə sahələr yaradılmış, 30 nəfər işçi cəlb edilmişdir. Nəticədə bu sahədə əsaslı dönüş yaradılaraq əhali ilə aparılmış izahlı iş nəticəsində məişət tullantılarının götürülməsinə görə ödənişlərin yığılmasında da xeyli irəliləyiş əldə edilmişdir. 2011-ci ildə bu sahə üzrə yığım cəmi 65 min manat təşkil etdiyi halda 2012-ci ildə 4 dəfə artaraq 264 min manat olmuşdur.

Təəssüflə qeyd edirəm ki, rayonun qəsəbələrində fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti il ərzində bu və digər sahələrdə öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilməmişlər, heç bir nəzərə çarpacaq iş görməmişlər ki, bu da sakinlərin haqlı narazılıqlarına, şikayətlərin artmasına səbəb olur. Belə ki, qəsəbə bələdiyyələrindən 2012-ci ildə şikayətlərin artması Prezident Administrasiyasının mətbuatda dərc olunmuş hesabatında da qeyd edilmişdir. Ona görə də bələdiyyə sədrləri bu iradlara ciddi yanaşaraq fəaliyyətlərinə yenidən nəzər yetirməli, üzərlərinə düşən vəzifələri dərk etməli, sakinlərin etimadını doğrultmalıdırlar.

2012-ci ildə rayonda təhsillə bağlı bir sıra uğurlar əldə edilmişdir. Rayonun abituriyentlərindən 43 nəfəri 600 dən yuxarı bal toplayaraq ali təhsil müəssələrinin tələbəsi olmuş, 72 N-li məktəbin məzunu Əliyeva Xeyransa Rafiq qızı isə 700 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.

Vətəndaşların rayon İcra hakimiyyəti ilə birbaşa təmas qurmalarını, sənədlərin qəbulu və göndərilməsini daha da sürətləndirilməsini təmin etmək məqsədi ilə İcra Hakimiyyətində xüsusi internet sayt və Elektron poçt fəaliyyət göstərir.

Ötən il ərzində icra hakimiyyəti başçısının və rayon hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyatı xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun bütün qəsəbələrində sakinlərlə 29 səyyar görüş, cari ilin yanvar ayında isə sakinlərin iştirakı ilə qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir. Bütün bu səyyar görüş və hesabat yığıncaqlarında sakinlər tərəfindən 327 məsələ qaldırılmışdır ki, onlardan 157-si qaz, elektrik enerjisi, su təchizatı və kanalizasiya sahələrinə aid olmuş, qalanı isə sosial məsələlərdə kömək göstərilməsi ilə bağlı olmuşdur. Daxil olan ərizə, məktub və şikayətlərə qanunda nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq qərarlar qəbul edilərək cavablar verilmişdir. Müraciətlər əsasında icra hakimiyyəti, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən birgə 2012-ci il ərzində vətəndaşlara 125 min manat məbləğində maddi yardım, yaşayış evlərinin təmirinə 78 min manat, aztəminatlı ailələrin müxtəlif təlabatlarının ödənilməsinə 62 min manat məbləğində pul vəsaiti verilmiş, müxtəlif tikinti və məişət əşyaları ilə köməklik göstərilmişdir. İnsanlara bü cür yanaşma ölkə Prezidentinin tələbidir və eyni zamanda bu, hər birimizin vəzifə borcudur.

Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Oruc Əhmədov, “Neftqzmaş” ASC-nin sədri Vahid Hacıyev və başqaları 2012-ci ildə görülən işlərdən, nailiyyətlərdən və bir sıra mövcud neqativ hallardan və həlli vacib məsələlərdən söz açdılar.

Sonda “Sabunçu rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında” qərar layihəsi iştirakçılar tərəfindən qəbul olundu.

Keçidlər