Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı Soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26 fevral 2013 | 20:00

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin və SSRİ-nin 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-sı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirədə qalmış şəhərdə təqribən 2500 nəfər xocalılı minbir əzabla, zülümlə canlarını qurtarmağa çıxmağa çalışdılar. Bir gecənin içində yer üzündən silinən şəhərin 2500 sakinindən 613-ü düşmən gülləsinə tuş gəldi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar 25 Fevral 2013-cü il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir.

İlk əvvəl tədbir Xocalı soyqırımı ilə bağlı rayon məktəblərinin şagirdləri tərəfindən hazırlanan sərgi ilə başladı. Tədbir iştirakçıları erməni faşistlərinin törətdiyi faciənin məktəb yaşlı uşaqların gözündə, düşüncəsində necə əks olunduğunu gördülər. Tədbir daha sonra məktəbin akt zalında davam etdirildi.

Xocalı soyqırımında şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Xocalı soyqırımına həsr olunmuş 20 dəqiqəlik film nümayiş etdirildi.

Filmin nümayişindən sonra 271 nömrəli tam orta məktəbin şagirdləri Xocalı faciəsinə aid bədii kompozisiyalar, Sabunçu rayonu Pirşağı qəsəbəsində məskunlaşmış Xocalı rayonunun 2 nömrəli məktəbin şagirdlərinin təqdimatında Xocalı hadisələri haqqında şeirlər dinlənildi və Sabunçu rayonu Adil İsgəndərov adına Mədəniyyət Evinin Xocalı soyqırımı ilə bağlı hazırladığı tamaşa göstərildi.

Tədbirin sonunda Xocalı rayonu İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev də tədbirdə çıxış edərək, bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirdilər. Dünya ictimaiyyətinin də getdikcə bu problemə daha da marağının artmasını bildirdilər.

Xocalı soyqırımı ilə bağlı tədbir daha sonra Pirşağı qəsəbəsində “Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalıların iştirakı ilə Sabunçu rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hazırlanmış 300 nəfərlik ehsan süfrəsi verildi.

Keçidlər