Sabunçu rayonunda “Məktəblilərin Sağlamlıq forumu” keçirildi
02 iyun 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsi, Rayon Gənclər Evi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin bir qrup şagirdi üçün “Məktəblilərin Sağlamlıq Forumu” keçirildi. Forumda Sabunçu Rayon İcra Hakimiyyətinin əməkdaşı Səkinə Həsənova, Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov və rayon orta ümumtəhsil məktəblərinin bir qrup şagirdləri iştirak etdilər.
Çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə yetişməkdə olan gənc nəslin sağlamlığının qorunmasının zəruriliyini qeyd edərək təmsil etdiyi qurumun bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyini nəzərə çatdırdı. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işlər barədə məlumat verərək, qeyri-hökumət təşkilatlarının da birgə səy göstərməsinin vacibliyini vurğuladı.
Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov, Şura Katibliyinin məsul işçisi Həsən Səmədov çıxış edərək, yeniyetmə və gənclərin sağlamlıq məsələsinə dövlət tərəfindən daima diqqət ayrıldığını və bu cür tədbirlər vasitəsilə maarifçilik işlərinin geniş formada aparıldığını diqqətə çatdırmışlar.
Sonda məktəblilər tərəfindən təcrübəli həkimlər - Nərgiz Cabbarova və Attila Quliyevin məruzələrini dinlənildi, təqdimata baxıldı və onlara zəruri olan maarifləndirici materiallar paylanılaraq maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.