Sabunçu rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirildi
11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamına uyğun olaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması münasibəilə tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Prokuroru Ceyhun Şirinov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi vəzifəsini icra edən İlqar Əlimirzəyev və yüksək rütbəli zabitləri, RİH aparatın məsul işçiləri, nümayəndələri, müharibə veteranları, valideynlər, gənc çağırışçılar, təxris olunan çağrışçılar və rayon ictimaiyyəti iştirak etdilər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müstəqil Respublikamızın qurucusu olan Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür. A.Vəliyev Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi vurğuladı və vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik etdi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəsini icra edən polkovnik-leytenant İlqar Əlimirzəyev, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxış edərək həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin şərəfli və məsuliyyətli vəzifə olduğunu qeyd edərək onlardan qələbə xəbərləri gözlədiklərini vurğuladılar və sağ-salamat evə qayıtmalarını arzuladılar.
Çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdilər.
Daha sonra hərbi xidmətini fərqlənmə ilə başa vuran əsgərlərə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Sabunçu rayon idarəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olundu.
Sonda gənclər “Azərbaycan“ marşı sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla təyin olunduqları hərbi hissələrə yola salındılar.