Sabunçu rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib
06 sentyabr 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Rayon Gənclər Evində “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, başçının I müavini Güloğlan Məmmədov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev, Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak etdilər.
Müşavirə iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək öz ehtiramlarını bildirdilər.
Müşavirədən öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının
I müavini Güloğlan Məmmədov dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən söz açdı.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizimin acınacaqlı nəticələri haqqında danışıb. Bildirilib ki, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələr böyük fəlakətlərlə üzləşməkdədir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verən Dövlət Komitəsinin sədr müavini bu filmin dini radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirdiyini bildirib. Filmdəki insanların dini radikalizmin təsirinə düşərək ailələrinin və özlərinin gələcəyini necə məhv etməsi bariz nümunələrlə göstərilib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Əziz Baqişev çıxış edərək təmsil etdiyi qurumun dini radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikalizmin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, müştərək mübarizənin vacibliyini vurğulayıb.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, eləcə də hüquqi müstəvidə aparılan mübarizə metodologiyası haqqında geniş məlumat verib. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığdan digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı rayonları üzrə qazısı Musa Qasımov dindarların dövlət-din münasibətlərinin tənzimlənməsinə töhfə verdiklərini vurğulayaraq, ölkəmizin uğurlu gələcəyinin ancaq birlik və bərabərlik nəticəsində təmin olunacağını söylədi və dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün öz minnətdarlığını bildirdi.
Tədbirin yekununda Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Rəhimə xanım ziyarətgahı” dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış şəhadətnaməsi icmanın sədri Musa Qasımova təqdim olundu.