Sabunçu rayonunda 2015-2016-cı tədris ilinin yekunlarına həsr olunmuş Təhsil Konfransı keçirildi
09 sentyabr 2016–cı il tarixdə Sabunçu rayon Gənclər Evində 2015-2016-cı dərs ilinin yekunlarına dair Təhsil Konfransı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, RİH başçısı aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil işçiləri, ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə RİH-nin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
Tədbiri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev giriş sözü ilə açaraq ilk öncə iştirakçıları Yeni Dərs ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi. A.Vəliyev bildirdi ki, millətin gələcəyi olan təhsilin tərəqqisi cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahədir. Ümummilli Lider, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır. Ölkənin birinci xanımı , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısı nəticəsində respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da təhsilin ildən-ilə inkişafına öz müsbət təsirini göstərmişdir. A.Vəliyev bildirdi ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublikamızda yeni-yeni təhsil ocaqlarının inşa olunması, əsaslı təmiri, eləcə də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata keçirilən tədbirlər də bu islahatların tərkib hissəsidir. Adil Vəliyev təhsil sahəsində rayonda son illər görülmüş işləri yüksək qiymətləndirərək bunun bu ilki ali məktəblərə qəbulda da özünü büruzə verdiyini qeyd etdi.
Sabunçu RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Məmmədova “Sabunçu rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, ölkə başçısı cənab İlham Əliyevin müvavfiq sərəncamı ilə təsdiq olunmuş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Sabunçu rayonunun 7 təhsil müəssisəsində hal hazırda əlavə korpus, idman, akt zalı, laboratoriya, kitabxana və yeməkxananın tikintisi və Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin əsaslı təmiri davam etdirilir. Görülən işlər çərçivəsində Sabunçu qəsəbəsindəki 170 saylı məktəb üçün akt zalı, idman zalı və korpuslar arası keçidin tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Həmçinin cari il ərzində 311 nömrəli tam оrtа məktəb üçün 38 sinif otağından ibarət 960 şagird yerlik yeni binanıntikintisi başa çatmışdır.Burada müasir standartlara cavab verən 450 yerlik akt zalı, idman zalı, yeməkxana, kitabxana, kompyuter, laboratoriya otağı və hərbi hazırlıq kabinetləri yaradılmışdır. Yeni məktəb binasının 15 sentyabr - “Bilik Günü” ərəfəsində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rayon üzrə 46 tam orta təhsil müəssisəsi fəaliyyət göstərir, burada 53469 şagirdin təlim-tərbiyəsi ilə 3684 müəllim məşğul olur.
Yola saldığımız 2015-2016-cıtədris ilini Sabunçu rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, ötən tədris ilində Sabunçu rayonunun 2716 nəfər məzunu XI sinfi müvəffəqiyyətlə bitirərək attestat almışlar. Məzunlardan 2225 nəfər və ya 81 faizi sənədlərini ali məktəblərə daxil olmaq üçün təqdim etmişdir. Onlardan 1301 nəfəri yəni 58 faizi sınaqdan uğurla çıxmış və tələbə adı qazanaraq respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2012-ci ildə ali məktəblərə qəbul olan məzunların sayı 917 nəfər və ya 47 faiz, 2013-cü ildə 1043 nəfər və ya 53 faiz, 2014-cü ildə 1124 nəfər və ya 57 faiz, 2015-ci ildə isə 1194 nəfərvə ya 59 faiz təşkil edirdi.
Təhsilin keyfiyyət göstəricisindən biri də adətən 500 və 600-dən yuxarı bal toplayanların sayı ilə müqayisə olunur. Bu il məzunların 275 nəfəri 500-dən yuxarı, 83 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Bu il rayonun ən yüksək nəticəsini 80 nömrəli tam orta məktəbin məzunu Vəliyeva Fidan Hidayət qızı əldə etmiş, belə ki, o, 688 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşdur.
Rayonun məktəbləri üzrə aparılmış təhlillər göstərir ki, bu ilin qəbul nəticələrinə görə ən yüksək göstəricilər ötən illərin ənənəsini davam etdirərək72 nömrəli məktəb-lisey 85,36 % təşkil etmişdir, 295nömrəli məktəb (81,81%) , 311nömrəli məktəb (79,1%), 255nömrəli məktəb 78,26 %) və 192nömrəli məktəb 76,84%olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, Nardaran qəsəbəsinin tarixində ilk dəfədir ki, ən yüksək göstərici əldə olunmuş. Belə ki, qəsəbədəki 130 nömrəli tam orta məktəbin məzunu İbrahimov Fail Nəriman oğlu 686 bal toplayaraq Bakı Dövlət Universitetin Hüquqşünaslıq fakültəsinə daxil olmuşdur.
Ötən illə müqayisədə 137, 155, 187, 296 və 307nömrəli məktəblərin də göstəricilərini müsbət qiymətləndirmək lazımdır.
Konfransda mövzu ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova və Bakıxanov qəsəbəsi, 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək bildirdilər ki, məzunların qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbulu, dünyanın xarici dövlətlərinin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaları elə Azərbaycanda təhsilə dövlət qayğısının, eləcə də yaradılan şəraitin məntiqi nəticəsidir.
Tədbirdə ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş məzunlar Fidan Vəliyeva və Fail İbrahimov çıxış edərək Azərbaycan dövlətinin, ən başlıcası dövlət başçısı cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli təhsilin inkişafına göstərdikləri qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən noutbuk və planşetlər hədiyyə edildi.