Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Bilik Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçirildi

14 sentyabr 2016 | 20:00

15 senytabr 2016-cı il tarixində “Bilik Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ənənəvi olaraq Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Sabunçu rayonu, Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəb və Ramana qəsəbəsində yerləşən Malıbəyli kənd tam orta  məktəbində “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçirildi.Tədbirdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, millət vəkili, Nardaran Bilik Evinin direktoru Dilarə Cəbrayılova, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, müəllimlər, şagirdlər və valideyinlər iştirak etdilər.
Tədbirdə çıxış edən Nardaran Bilik Evinin direktoru millət vəkili Dilarə Cəbrayılova dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışaraq məktəblilərə Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələr haqqında məlumat verib.
Çıxış edən Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik etdi. Dövlət müşaviri onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov Bilik Fondunun rayon əhalisi arasında apardığı maarifləndirici işlərdən razılıqla danışıb, Bilik Günündə Nardaranlı məktəblilərin görüşünə gələn Dövlət müşavirinə səmimi təşəkkürünü bildirib.  Dövlət müşavirinin məktəblilərlə görüşünün yaddaqalan olacağına əminliyini vurğulayan G.Məmmədov bildirib ki, ölkənin əksər rayonlarında, həmçinin kəndlərdə tanınmış ziyalıların mühazirələrinin təşkil olunması gənc nəslin dünyagörüşünün inkişafında mütərəqqi addımdır.
Tədbir iştirakçıları sonra Ramana qəsəbəsində yerləşən Malıbəyli kənd tam orta məktəbində oldular. Əvvəlcə Şuşanın tarixi, təbiəti ilə bağlı məktəblilərin çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş olunub. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkə rəhbərliyinin qaçqın və məcburi köçkün məktəblərinə hər zaman ayırdığı diqqəti yüksək qiymətləndirib, rayon məktəblilərinin, eləcə də gənclərin və yerli ziyalıların Bilik Fondunun həyata keçirdiyi layihələrdə yaxından iştirak etdiyini vurğulayıb.
Görüşdə çıxış edən Kamal Abdullayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən, Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətdən bəhs edib, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında ulu öndərin gördüyü işlər barədə danışıb. Dövlət müşaviri respublikamızda Bilik Fondunun təsis edilməsini və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını dövlətçiliyimizin daha da inkişafı üçün güclü bir təkan olaraq dəyərləndirib, vətəndaş cəmiyyətinin inkişafı, tolerantlığın qorunub saxlanılması, Azərbaycançılıq ideologiyasının inkişafı istiqamətlərində görülən işlərdən danışıb.
Tədbirdə müəllim və şagirdləri maraqlandıran sualları ətraflı cavablandıran K.Abdullayev dərsin iştirakçılarına Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bilik Fondunun hədiyyələrini və Multikulturalizm Mərkəzinin çap etdirdiyi kitabları, həmçinin özünün müəllifi olduğu kitabları onlara hədiyyə edib.

Keçidlər