Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayon 311 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 sentyabr - “Bilik Günü”ndə Bakının Sabunçu rayonunda yerləşən 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Azərbaycan Prezidentinə məlumat verdi. Qeyd edildi ki, 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyət göstərir. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Bütün amillər nəzərə alınaraq Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində Sabunçu qəsəbəsində 311 nömrəli tam orta məktəb üçün üçmərtəbəli yeni binanın tikintisinə qərar verilib. İnşaat işləri yüksək səviyyədə, bütün standartlar nəzərə alınmaqla həyata keçirilib. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən Sabunçu rayonunda təhsil müəssisələrində şəraitin müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Ümumi sahəsi 6700 kvadratmetrdən çox olan, 960 şagirdin təhsil aldığı məktəbin 38 sinif otağı var və bütün sinif otaqları yüksək səviyyədə yenidən qurularaq zəruri avadanlıqla təchiz olunub. Fənn laboratoriyalarının hamısı əyani dərs vəsaitləri ilə təmin edilib. Müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığı akt zalından əlavə, 540 kvadratmetr sahəsi olan və müxtəlif avadanlıqla təchiz edilən idman zalı da şagirdlərin ixtiyarına verilib.
Beləliklə, dövlətimizin başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Milli dəyərlər üzərində qurulan təhsil modeli isə gənc nəslin nümunəvi vətəndaş kimi formalaşmasında mühüm rol oynayır. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident cənab İlham Əliyev 311 nömrəli tam orta məktəbin müəllim, şagirdlər və valideyinləri ilə görüşərək kollektivə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.