Sabunçu rayonunda Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
18 oktyabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Aparatın məsul işçiləri, idarə-müəssisə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyy’tinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. Tədbir Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbin şagirdlərinin və 3 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında təşkil olunan açıq dərs və musiqili-şer kompazisiyası ilə başladı. Uşaqlar bu günün tarixi əhəmiyyətini anladan çıxışlar edərək vətənpərvərlik hissini yüksəldən şeirlər söyləmiş, vətənə məhəbbət ruhunu əks etdirən mahnılar ifa etmişlər.
Tədbirin davamı olaraq məktəbin akt zalında keçirilən toplantıda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik edərək, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu qeyd etdi. A. Vəliyev, Ulu öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyev siyasətinin nəticələri olduğunu qeyd etmiş, hazırda da bu müdrik siyasətin ölkə rəhbərimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rayon Məhkəməsinin sədri İlqar Abbasov və Sabunçu Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Elxan Mirzəyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan Müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində milli təməl üzərində öz gələcəyini qurmuş və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti müstəqilliyimizi möhkəmləndirilməsinə, Azərbaycan xalqının rifahını təmin edilməsinə, tərəqqi, demokratiya yolunda addımlayaraq dövlətimizi daha xoşbəxt gələcəyə aparmağa istiqamətlənmiş olduğunu vurğuladılar.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən 26 saylı Sabunçu birinci Seçki Dairəsinin sədri Hacı Əliyevə, 27 saylı Sabunçu ikinci Seçki Dairəsinin sədri Nadir Əjdərova və 28 saylı Sabunçu üçüncü Seçki Dairəsinin sədri Hacıbala Babayevə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə rayonun ictimai- siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlar və mükafatlar tədim edildi.