Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonu Ramana qəsəbəsində tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

24 noyabr 2016 | 20:00

25 noyabr 2016-cı il tarixdə Sabunçu rayonunun Ramana qəsəbəsində qəzalı vəziyyətdə olan binanın sakinləri üçün tikilmiş yeni binanın açılışı olub.
Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzindədir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlər yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və digər sosial məsələlərin həlli istiqamətində atılan mühüm addımlardan biri oldu. Yararsız vəziyyətdə olan yaşayış binalarının yerində Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni layihələr əsasında ən müasir standartlara uyğun yeni binaların tikilməsi paytaxtımızda növbəti sosial layihələrin uğurlu icrasına start verəcək.
Qeyd edək ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli Qərar qəbul edib. Həmin Qərara əsasən, rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi ilə əlaqədar qeyd olunan qəzalı binada yaşayan 34 ailə - 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində “Pilot layihə” formatında 10 mərtəbəli, iki və üç otaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanılıb.
Dövlətimizin başçısı binadakı mənzillərdə yaradılmış şəraitlə tanış oldu.
Bildirildi ki, yeni binanın tikintisi noyabrın 9-da - Dövlət Bayrağı Günündə başa çatdırılıb. Ümumi sahəsi 5768 kvadratmetr olan binadan 34 ailəyə tam təmirli, bütün şəraiti olan, müvafiq avadanlıqlarla təchiz edilmiş və sahələri əvvəlkindən 35-45 faizdən çox olan mənzillər verilib.
Yeni binanın sakinləri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:
-Bu gün Sabunçu rayonunda yeni yaşayış binasının açılışını qeyd edirik. Son illər ərzində Bakıda və Bakıətrafı qəsəbələrdə yüzlərlə, bəlkə də minlərlə yaşayış binası tikilmişdir. Ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, 1901-ci ildə tikilmiş və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib. Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir. Bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir. Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni, burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək.
Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib. Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni, iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi. İndi isə siz gözəl mənzillərə köçürsünüz.
Bu, çox gözəl təşəbbüsdür, qeyd etdiyim kimi, pilot layihədir. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm, sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur.
Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.
Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat, tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Bu tipli layihələr ölkəmizdə geniş vüsət almalıdır. Həm Bakıda, həm bütün şəhər və rayonlarımızda, harada ki, qəzalı binalar var, biz bütün firmaları, iş adamlarını oraya dəvət edirik. Yerli icra orqanları onlara bütün şəraiti yaratmalıdırlar ki, bu işə daha da həvəslə qoşulsunlar. Beləliklə, qısa müddətdə, bir neçə il ərzində ölkəmizdə bir dənə də qəzalı vəziyyətdə bina olmamalıdır. Bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək. Yəni, bu, bir ümumxalq hərəkatı olmalıdır. Bu binanın xüsusiyyəti məhz bundadır. Buna görə mən bu binanın açılışına gəlmişəm. Qeyd etdiyim kimi, Bakıda son illər ərzində yüzlərlə, minlərlə bina tikilib, ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, pilot layihədir və bu layihənin çox gözəl gələcəyi olacaq.
Sizi, bu binada əvvəllər yaşayan və indi gözəl şəraitdə yaşayacaq insanları təbrik edirəm, sizə uğurlar arzulayıram. Burada rahat, xoşbəxt yaşayın.
Binanın sakini Namiq ABDULLAYEV:
-Möhtərəm cənab Prezident.
Bütün sakinlər adından Sizi ürəkdən salamlayıram. Bundan əvvəl hansı şəraitdə yaşayırdıq, bunu bir Allah, bir də burada yaşayan sakinlər bilir. Şəxsən mənim özüm darısqal, heç bir şəraiti olmayan, cəmi 43 kvadratmetr sahəsi olan bir mənzildə yaşayırdım. Bu gün isə Sizin sayənizdə bizə ondan ikiqat böyük, belə gözəl, hər cür şəraiti - suyu, qazı, işığı, istiliyi olan mənzil verdilər. Buna görə Sizə ailəm adından minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ ol. İndi sizin mənzilinizin ölçüləri nə qədərdir?
Namiq Abdullayev: 73 kvadratmetr.
Prezident İlham Əliyev: Çox yaxşı.
Namiq Abdullayev: Allah razı olsun. Çox sağ olun.
Prezident İlham Əliyev: Sağ ol.
Sakin Yevgeniya YEROMİNA:
-Hörmətli cənab Prezident, xoş gəlmisiniz.
Mən Bakının bu kiçik qəsəbəsində doğulmuşam və burada yaşayıram. Əvvəllər bizim heç xəyalımıza da gəlməzdi ki, yaşadığımız köhnə, qəzalı vəziyyətdə olan binanın yerində bu cür qəşəng, keyfiyyətli bina tikiləcək və bizə yüksək təmirli mənzillər veriləcək. Bizə göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sağ olun.
Sakin Balacaxanım HƏZİYEVA:
-Möhtərəm cənab Prezident, mən ilk sözümü Ulu Öndərimizin müdrik kəlamı ilə demək istəyirəm: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Əziz Prezidentimiz, bu gün mənim ən xoşbəxt günümdür. Çünki iki arzuma çatmışam. Birincisi, Sizin sayənizdə mən qalan ömrümü bu gözəl binada yaşayacağam. İkincisi və ən başlıcası, Sizin nurlu simanızı yaxından gördüyüm üçün çox xoşbəxtəm. Əziz Prezidentimiz, Sizə və Sizin gözəl ailənizə, bir ana kimi, cansağlığı, xoşbəxtlik arzulayıram. Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm. Sizin ev şəraitiniz əvvəllər necə idi?
Balacaxanım Həziyeva: Dəhşətli vəziyyətdə idi. Mən 48 il o binada yaşamışam. İndiki mənzilimiz isə çox gözəldir, geniş, işıqlı, təmirlidir.
Prezident İlham Əliyev: İndi bu mənzillərdə hər cür şərait var – su, işıq, qaz.
Balacaxanım Həziyeva: Allah Sizə cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun. Bir daha qeyd etmək istəyirəm bu, xüsusi bir layihədir. Belə layihələrin icra olunması vətəndaşların mənzil problemini birdəfəlik həll edəcək. İndi imkanlı insanlar gedirlər özləri üçün mənzillər alırlar. O qədər də böyük imkanlara malik olmayanlar isə qəzalı vəziyyətdə olan binalarda yaşayırlar. Biz buna son qoyacağıq.
Sakinlər: Çox sağ olun, cənab Prezident, Allah Sizi bizə çox görməsin.
Prezident İlham Əliyev: Sağ olun. Bir daha təbrik edirəm. Xoşbəxt yaşayın.
Sakinlər: Çox minnətdarıq.

Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər