Maştağa qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla anıldı
09 dekabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsində yerləşən 10 nömrəli musiqi məktəbində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin əbədiyyata qovuşmasının on üçüncü il dönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, 10 nömrəli musiqi məktəbin direktoru Qafar Nuriyev, Əlyazmalar Fondunun baş elmi işçisi Sona Xəyal, Maştağa qəsəbəsinin müəllim və şagirdləri, eləcə də rayonun musiqi məktəblərinin müəllim kollektivləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sonra ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir açıq elan olunaraq 10 nömrəli musiqi məktəbin müəllimlərinin Salahov Elnur, Məlikov Hüseyn, Rzayev Tofiq “Yaşa hələ”, “Dilkeş”, “Mahur” təsniflərindən ibarət ifalar qonaqlara təqdim olundu.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etdi. S.Əlizadə ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə öz daxili və xarici siyasəti ilə Azərbaycanın nüfuzunu artırmasını və müstəqilliyini əbədi və dönməz etməsini qeyd etdi.
Çıxış edən 10 nömrəli musiqi məktəbin direktoru Qafar Nuriyev, Əlyazmalar Fondunun baş elmi işçisi Sona Xəyal və digər qonaqlar Ulu öndər Heydər Əliyevin digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində gördüyü işləri vurğuladılar.