Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirildi

27 yanvar 2017 | 20:00
28 yanvar 2017-ci il tarixdə Sabunçu Rayon Icra Hakimiyyətinin inzibati binasının akt zalında Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci il üçün təsdiq edilmiş İş Planına əsasən iclas keçirildi. İclasda şura üzvləri, RİH başçısı aparatının şöbə müdirləri, qəsəbə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
İlk öncə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Şura iclasının gündəliyini elan etdi. Sonra Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”, “Qəyyumluq və Himayəçilik Komissiya”sı və Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu tərəfindən 2016-cı il ərzində görülmüş işlər barədə hesabatlar dinlənildi. Qeyd olundu ki, hər 2 Komissiyalar və Monitorinq Qrupu öz fəaliyyətlərində “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar haqqında” Əsasnaməni, “Uşaq hüquqları haqqında Konvensiya”nı, Sosial xidmət haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini, Ailə Məcəlləsini, Əmək Məcəlləsini, Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununu və Azərbaycan Respublikası  Prezidentinin müvafiq Sərəncam və Fərmanlarını rəhbər tutmuşdur.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında
 Qəyyumluq və Himayəçilik Komissiyasının hesabatı:
 
2016-ci il ərzində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 73-cü maddəsinə əsasən məhkəmələrdən rəy verilməsi üçün Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyanın icraatına 135 mülki iş daxil olmuşdur. Onlardan 56-ı nikahın pozulması, 27-i uşaqla ünsiyyət, 11-i uşaq tələbi, 7-i atanın razılığı olmadan respublika hüdudlarından uşağın çıxarılması, 11- i valideyn hüququndan məhrum etmə məsələlərinə aiddir. Daxil olmuş mülki işlərdən 112-i üzrə müvafiq rəylər verilmiş, 3-ü üzrə rəy verilməsi mümkün olmamış (1-i tərəflərin barışması ilə əlaqədar, 2-i isə tərəflərin Komissiyaya gəlmədiyindən obyektiv rəy formalaşmadığına görə),20 mülki iş hal-hazırda Komissiyanın icraatındadır.
Vətəndaşlardan Komissiyaya 136 müraciət daxil olmuşdur ki, onlardan 35-i  ad və ya soyadın dəyişdirilməsi, 11-i uşaq tələbi, 41-i uşaqlarından ayrı yaşayan valideynin və ya baba və nənənin ünsiyyət hüquqlarının bərpa edilməsi, 1-i nikah yaşının aşağı salınması,  17-i  qəyyumluğa götürmə, 22-i uşağın internat məktəbinə yerləşdirilməsi, 1-i müvafiq uşaq müəssisəsindən ailə himayəsinə qaytarılması, 1-i övladlığa uşaq götürməyi arzu edən şəxs qismində ilkin uçota alınmaSI, 7-i isə doğum haqqında şəhadətnamənin alınmasına köməklik göstərilməsi ilə əlaqədar olmuşdur.
Hazırda Qəyyumluq və Himayəçilik Komissiyasında qeydiyyata alınmış və üzərlərində qəyyum təyin edilmiş, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sayı 97 nəfər təşkil edir. Komissiya üzvləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qəyyumluğa verilmiş və övladlığa götürülmüş uşaqların ailələrinə nəzarət xarakterli səfərlər edilir, onların saxlanılması, təhsili və yaşayış şəraitinə dair monitorinqlər aparılır.

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı yanında 
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyası:

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti ilə bağlı daxil olmuş 165 sənəddən 93-ü vətəndaşlar tərəfindən  daxil olan ərizələr, 72-i isə hüquq-mühafizə orqanları və digər qurumlardan daxil olan  məktublar təşkil etmişdir.
Hesabat dövründə Komissiya tərəfindən 12 iclas keçirilmiş, iclaslarda 28 məsələyə baxılmışdır.
Onlardan  9-u dərsdən yayınma,  4-ü məktəbdə nizam-intizam qaydalarının pozulması, 8-i xırda xuliqanlıqla, 7-i isə digər məsələlərlə  bağlı olmuşdur. Həmin işlərə Komissiya tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq baxılaraq uşaqlar və onların valideynləri barəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnamənin 9-cu və 10-cu maddələrinə əsasən intizam təsir tədbirləri görülmüş, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinə əsasən  müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat dövrü ərzində Rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya aidiyyəti qurumlarla birgə yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizlik və hüquqpozmaların profilaktikası mövzusunda tədbirlər keçirmiş, izahat işləri aparılmış, rayonun təhsil ocaqlarında, xüsusilə də yuxarı sinif şagirdləri ilə görüşlər keçirilərək, onların nizam-intizamlı olmaları barədə, dərsdən yayınma hallarının qarşısının alınması istiqamətində profilaktiki söhbətlər, terrorçuluq barədə bilə-bilə yalan məlumat vermənin cinayət əməli olması, eləcə də “Narkotik maddələrin və tütün məmulatlarının zərərli fəsadları”mövzusunda mühazirələr oxunaraq, uşaqlara ətraflı məlumatlar verilmişdir. Uşaqlar arasında intihar hallarının baş verməsi bu gün ciddi narahata səbəb olan məsələlərdən sayılır. Təəssüflə qeyd etməliyik ki, 2015 və 2016-cı illər ərzində  Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbin 3 nəfər yuxarı sinif şagirdi intihar etmişlər. Əlbətdə ki, Sabunçu rayonunda yetkinlik yaşına çatmayanlar arasında intihar hallarının qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası həmin məktəbdə Rayon Polis İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Ombudsman Aparatının, qeyri-hökümət təşkilatlarının, müəliim-şagird və valideyn kollektivlərini cəlb etməklə silsilə maarifləndirmə tədbirləri keçirmiş, peşəkar psixoloqların iştirakı ilə aztəminatlı və natamam ailələrdən olan uşaqlarla diskussiyalar, eyni zamanda onların valideynləri və sinif rəhbərləri ilə Komissiya üzvləri tərəfindən bu mövzuda ciddi söhbətlər aparılmışdır. Çünki bu cür halların baş verməsində məsuliyyət ən çox valideynlərin üzərinə düşür. Valideynlərlə aparılan söhbətlərdə bildirilmişdir ki, intihar fikrinə düşən uşaqların hərəkətlərində, davranışlarında istər-istəməz bu durum hiss olunur. Ən azından onların dinlədiyi musiqilər, izlədiyi filmlər, oxuduğu hekayələrə diqqət ayırmaq kifayət edir. Hətta intihar etmək barədə plan quran uşaqlar bir çox hallarda bu niyyətlərini yaxın dostlarına və yaxud sosial şəbəkələrdə açıqlayırlar.
Bunun üçün də valideynlərin mütləq şəkildə diqqətli olmaları və  təzyiq etmədən öz övladlarını daim nəzarətdə saxlamalıdırlar. 
Komissiya və Rayon Polis İdarəsi tərəfindən yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikası məqəsdilə 13 dəfə reydlər keçirilmiş, reydlər zamanı 27 azyaşlı oğlan və qız uşaqları dilənçiliklə məşğul olduqlarına görə, 4 nəfər yetkinlik yaşına çatmayanın əməyindən qanunsuz istifadə olunması faktı aşkarlanaraq izahat işləri aparılmış və  valideyn himayəsindən məhrum olmuş 2 uşaq körpələr evinə, 4 nəfər internat məktəbinə, 1 nəfər isə SOS uşaq kəndinə yerləşdirilmişdir.
Rayon ərazisində azyaşlı və yetkinlik yaşına çatmayanların, eyni zamanda qəyyumluqda olan uşaqların  asudə vaxtlarının səmərəli keçməsi üçün cənab Başçı sizin dəstəyinizlə mədəni tədbirlər keçirilmiş, tarixi muzeylərə, Qala etnoqrafik qoruğuna ekskursiyalar və digər müxtəlif tədbirlər təşkil olunmuşdur.   

 Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış 
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu:

Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupu tərəfindən Azərbaycan Respublikası  Prezidentinin 2010-cu il tarixli 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununa əsasən 2016-cı il ərzində məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində konkret tədbirlər görülmüşdür. Hesabat dövründə Monitorinq Qrupu tərəfindən 14 iclas keçirilmiş, 16 məsələyə baxılmışdır. Baxılan müraciətlərin 6-ında məişət zorakılğı halları müəyyən edilməmiş, bununla bağlı həmin ərizəçilərə müvafiq izahatlar verilmişdir,  1 məsələdə cinayət halları aşkar olunduğundan hal hazırda  hüquq-mühafizə orqanlarında araşdırılır, 3 nəfərə mühafizə orderləri verilmiş, qalan 6 müraciətlər isə monitorinq qrupu tərəfindən görülən tədbirlər nəticəsində barışıq yolu və hüquqi köməklik ilə həll olunmuşlar. 
Sonra Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə Sektorunun və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 2016-cı il ərzində görülmüş işlər barədə hesabatlar dinlənildi.
Sonda gündəlikdə olan məsələlər ətraflı müzakirə edilərək müvafiq qərar qəbul edildi.
Keçidlər