Sabunçu rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın xatirəsi humanist aksiya ilə anıldı
23 Aprel 2013-cü ildə akademik Zərifə xanım Əliyevanın xatirəsinə olan ehtiramın əlaməti olaraq Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə “Mərhəmət zirvəsi” adı altında humanist aksiya – qanvermə aksiyası keçirildi. Keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan YAP üzvləri iştirak etdilər. Qanvermə aksiyası ilə əlaqədar YAP Sabunçu rayon təşkilatının inzibati binasında müxtəlif təşkilatlarda çalışan YAP üzvləri akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq bu cür humanist tədbirin keçirilməsindən məmnun olduqlarını bildirdilər.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə hazırlıq mərhələsində həyata keçirilən tədbirlərdə insanların elliklə iştirak etmələri daim xeyirxah insan kimi xatırlanan nurlu əməllər sahibinə hörmətdən irəli gəlir: “Azərbaycan tibb elminin dünya miqyasında tanınmasında, ölkəmizin elm xəzinəsinə sanballı töhfələrin bəxş edilməsində görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illlər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunubdur. Onu da bildirim ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi bütün layihələ, təşəbbüslər xeyirxahlıq nümunəsidir. Mehriban xanım Əliyevanın hemofiliyalı xəstə uşaqların sağlamlığı naminə göstərdiyi diqqət və qayğı aktuallığı ilə seçilir, bütün ölkə vətəndaşlarının belə qanvermə aksiyalarında iştiraka həvəsləndirir. Rayonumuzun sakinləri də belə təşəbbslərə həmişə birincilik nümunəsi göstərmişlər. Aksiyada iştirak edənlər könüllü olaraq xəstə uşaqlara qan verməklə onların cəmiyyətimizin fəal üzvü olmaları üçün şərait yaradırlar. Düşünəndə ki, verdiyimiz qan heç olmasa bir xəstənin sağalmasına kömək edəcək, mənən çox rahat oluruq. Zərifə xanım Əliyeva təbiətən humanist və xeyirxah insan olmuşdur. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirdiyi siyasətin kökündə dayanan prinsiplərdən biri humanizm idi. Bu baxımdan da, bizim həyata keçirdiyimiz qanvermə aksiyası da məhz xalqımızın bu humanizm ideyalarına sadaqətindən irəli gəlir.”
YAP Sabunçu rayon təşkilatında keçirilən “Mərhəmət zirvəsi” adlı qanvermə aksiyasında 120 nəfərdən artıq donor iştirak etdi. B.Eyvazov adına Hemofiliya və Transfiziologiya İnstitutunun həkim, tibb bacısı və laborantlardan ibarət 10 nəfərlik qrupu donorları müayinədən keçdikdən sonra onların qanvermə prosesində iştirakları təmin edildi. Həkim-hemotoloq Könül Muxtarlı bildirdi ki, son illərdə əhali arasında aparılan maarifləndirmə işinin gücləndirilməsinin nəticəsi kimi donorların sayının artması sevindirici haldır. Artıq insanlar başa düşür ki, onların könüllü olaraq qoşulduqları belə aksiyalarda verdikləri qan kimlərinsə həyatını qurtarır.
Aksiyada rayonun müxtəlif təşkilatlarını təmsil edən vətəndaşlar həvəslə iştirak etdilər. Donorlar üçün hazırlanmış şirniyyat, çay və kofedən istifadə etməklə bir daha belə aksiyaların davamlı olmasını dilədilər.