Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Respublika üzrə yeni konsepsiyalı ilk kompleks kitabxananın açılış mərasimi keçirildi

27 mart 2017 | 20:00
28 mart 2017-ci il tarixdə Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Bakıxanov qəsəbəsində yerləşən 1 saylı filialının yenidənqurmadan sonra açılış mərasimi keçirildi.
Yeni konsepsiyalı ilk kompleks kitabxana Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə ərsəyə gəlib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək həyata keçirilən yeni layihəni yüksək qiymətləndirdi: “Bu gün açılışını etdiyimiz yeni konsepsiyalı kitabxana müasir oxucunun tələblərini nəzərə alaraq kitabxanalara marağı daha da artırmaq üçün yaradılıb. Bu tipli layihələr dünyanın bir sıra inkişaf etmiş ölkələrində həyata keçirilir. Azərbaycanda kitabxana sisteminin yenilənməsi, kitabxanaların yeni nəşrlərlə təmin olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Həmçinin müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalarımızın yenidən qurulması və qabaqcıl ölkələrdə istifadə olunan təcrübədən artıq ölkəmizdə də istifadə olunur”.
Nazir vurğuladı ki, gənclərimizin asudə vaxtlarının səmərəli təşkili üçün qeyd olunan yeni nəsil kitabxanada yüksək şərait yaradılıb: “Kitab evi tərzində yaradılan kitabxananın əsas ideyası yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi olacaq. Oxucuya sərbəst seçim imkanı verən məkan həmçinin müasir kompüterlərlə, sürətli internet və “Wi Fi” zona ilə təmin olunmaqla yanaşı, hər bir istifadəçinin müvafiq sahədə daha geniş məlumata sahib olması məqsədi daşıyır. Kompleksdə fəaliyyət göstərən Asudə vaxt mərkəzi isə maraqlananlara şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq. Oxucular kompleksdə yerləşən müasir kafenin də xidmətlərindən yaralana biləcəklər”.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək belə layihələrin həyata keçirilməsində əsas məqsəd bilikli, istedadlı gənclərin hərtərəfli inkişafını stimullaşdırmaq, əhalinin mədəniyyət, təhsil, sosial sahələrdə maraqlarını təmin etməkdən ibarət olduğunu vurğuladı.
Milli Məclisin deputatı Fazil Mustafa çıxış edərək bu tipli kitabxanaların gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirdilər. Ölkəmizdə bütün oxucuların asudə vaxtlarının daha səmərəli təşkili üçün bu tipli layihələrin davamlı olmasının önəmi qeyd olundu.
Daha sonra qonaqlar kitabxana ilə tanış oldular. Qeyd olundu ki, oxucular üçün hər cür şərait yaradılan yeni konsepsiyalı kompleks kitabxana 5 minədək nəşrdən ibarət fonda malikdir.
Keçidlər