Sabunçu rayonunda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi
07.04.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbin həyətində şagirdlərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, RİH-ibaşçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, RİH-i başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, rayonun tam orta ümumtəhsil məktəblərinin şagird-müəllim kollektivləri iştirak etdilər.
Tədbir Dövlət Himnin səsləndirilməsi ilə başladı. Sonra torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarımızın, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev “Şahin” hərbi-idman oyununun keçirilməsini gənc nəslin hərbi vətənpərvərlik ruhunda yetişməsində, hərbi və fiziki hazırlığında, onlara Vətənə məhəbbət hisslərinin aşılanmasına əhəmiyyətli dərəcədə rol oynadığını qeyd etdi. A.Vəliyev 2016-cı ilin Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmaz olduğunu bildirərək bu döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsi olduğunu vurğuladı.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığa köməkliyin göstərilməsi olduğunu vurğuladılar.
Daha sonra Sabunçu rayonu üzrə 46 məktəbin 644 şagirdi arasından yarımfinala vəsiqə qazanmış 17 məktəbin 238 şagirdlərinin hərbi-idman yarışlarının final mərhələsinə start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə rayonun 74 nömrəli tam orta məktəbi birinci, 252 nömrəli məktəb-liseyi ikinci və 148 nömrəli tam orta məktəbi üçüncü yerə layiq görüldülər.
Sonda yarışda yer tutmuş və xüsusi fərqlənən komandalara Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olundu.
Qeyd edək ki, yarışda qələbə qazanaraq birinci yeri tutmuş 74 nömrəli tam orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək “Şahinlər” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazandı.