Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

17 aprel 2017 | 20:00

18 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2017-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının sədri,  rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri. idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin  inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
       Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açaraq 2017-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat  verərək ilin sonuna kimi qarşıda duran vəzifələri müəyyən etmişdir.
     Cənab Prezident qeyd etmişdir ki, Qlobal iqtisadiyyatda cərayan edən proseslərin yaratdığı yeni çağırışlara, Azərbaycanın yerləşdiyi regional geosiyasi gərginliyin artmasına baxmayaraq, birinci rübdə ölkədə makroiqtisadi sabitlik təmin edilib. İqtisadiyyatımızın əsas göstəricisi olan qeyri-neft sektoru 2,4 faiz, qeyri neft sənayesi 2 faiz, kənd təsərrüfatı isə 3,5 faiz artıb. Xüsusilə qeyd edilməlidir ki, ölkədə bitkiçilik 20 faizdən çox artıbdır. Bu onu göstərir ki, vaxtında görülmüş işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir. Neftin giymətinin kəskin səviyyədə aşağı düşməsinə baxmayaraq 2017-ci ilin birinci rübündə Azərbaycanın valyuta  ehtiyatları 1 milyard dollar artaraq 38,5 milyard dollara çatmışdır ki, bu da böyük rəqəmdir.
     Cari ilin üç ayında ticarət dövriyyəsi 15 faiz artmışdır. Ölkədə yerli istehsalın stimullaşdırılması yeni investisiyalar qoyulması nəticəsində ixrac təxminən 50 faiz, o cümlədən qeyri-neft ixracı təxminən 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır.
     Bu il Davos Ümumdünya iqtisadi Forumu iqtisadiyyatların rəqabətliyinə görə Azərbaycanı  37-ci yerə layiq görüb. O da qeyd olunmalıdır ki, inkişafda olan ölkələr arasında reytinqə görə isə Azərbaycan 1-ci, 2-ci yerləri bölüşür.
2017-ci ilin  birinci rübündə Respublika üzrə 85 min yeni iş yeri yaradılmışdır ki, onların da 70 mini daimi iş yeridir.
İclasda sosial infrastruktur layihələrinin da uğurla davam etdirildiyi, onlarla yeni məktəb, uşaq bağçası, tibb müəssisələri, idman obyektlərinin tikildiyi qeyd edilmiş, ilin sonuna kimi bu istiqamətdə işlərin daha da genişləndiriləcəyi bildirilmişdir.

Hesabat dövründə Sabunçu rayonunda da sosial-iqtisadi sahələrində inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov rayonunun 2017-ci ilin I rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2017-ci ilin birinci rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 93,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin birinci rübündəkinə nisbətən 53,4 faiz çoxdur. Rayon üzrə parakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz artaraq 298,5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 3,6 faiz artaraq 99,2 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 3,2 dəfə artaraq 47,1 milyon manat təşkil etmişdir.
     Ilin əvvəlindən rayonun idarə və müəssisələri, eləcə də özəl qurumlarda cəmi 1659 yeni iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 8,8 faiz artaraq 477 manat, o cümlədən sanaye sahəsində əmək haqqı 2,2 faiz artaraq 577 manat olmuşdur. Əhalinin sosial müdafiəsi Mərkəzi tərəfindən cari ilin birinci rübündə 1952 ailəyə hər ay cəmi 906,1 min manat məbləğində ünvanlı sosial yardım hesablanaraq ödənilmişdir. Ilin əvvəlindən iş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə 1412 nəfər müraciət etmiş, onlardan 708 nəfəri işlə təmin olunmuşdur.
     Bildiyiniz kimi “Bakı Şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr  2015-ci il tarixli 322 saylı Qərarına əsasən rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti qarşısına 5 il müddətinə əlavə vəzifələr qoyulmuşdur. Artıq Qərarın icrası ilə bağlı rayonda müvafiq tədbirlər həyata keçirilmiş, xeyli işlər görülmüşdür. Beləki qəza təhlükəsi olan binaların siyahısı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarına göndərilərək müvafiq rəylər alınmışdır. Ilk növbədə Ramana qəsəbəsi, D. Bünyatzadə küçəsindəki kəskin qəza vəziyyətində olmuş yaşayış binası sökülərək yerində 10 mərtəbəli, 80 mənzilli binanın tikintisi başa çatdırılaraq Möhtərəm Prezidentimiz İlham Əliyevin İştirakı ilə ötən ilin noyabr ayında istifadəyə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19, Ə. Ağayev küçəsi 39, 39a və Mədəniyət küçəsi 28 ünvanında 5 belə yeni on mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir.
    Cari ilin əvvəlindən rayon ərazisində bir sıra sosial obyektlərin tikintisi və ya təmiri işləri də davam etdirilmişdir. Pirşağı qəsəbəsindəki 26 saylı uşaq bağçasının tikintisi və Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır və hamin obyektlər 1 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının birinci – vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Maştağa qəsəbəsində 9 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır və hazırda orada tamamlanma işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində müasir tipli mədrəsənin tikntisi, Mədəniyyət Nazirliyi tərəfindən isə Mədəniyyət evi, Muğam Mərkəzi və kitabxana binasının tikintisi başa çatdırılmışdır.
     Cari ilin əvvəlindən rayon ərazisində abadlıq quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət güşələri yaradılmışdır. Hazırda Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsində rayon icra hakimiyyətinin daxili imkanları hesabına  sahəsi 1,7 ha olan istirahət parkının yenidən qurularaq abadlaşdırılması işləri də başa çatdırılmaq üzrədir. Bakıxanov qəsəbəsi Vazeh küçəsi 4 və S. Vurğun küçəsi 2, Sülh küçəsi 14/1, 14/2 və Axundov küçəsi  4,6,  saylı çoxmərtəbəli yaşayış binalarının ətrafı abadlaşdırılaraq 3 nümunəvi həyət yaradılmışdır.  Qəsəbənin Sülh küçəsi 1A, 1B, 1V saylı evlərin həyətində və  4090/95 məhəllədə isə 2 yeni nümunəvi həyətlərin salınmaslı davam edir. O da qeyd edilməlidir ki, bu işlər həmin sahələrdəki primitiv tikililər, köhnə dəmir qaraj və çəpərlər yığışdırılmaqla həyata keçirilir. Eyni zamanda Sülh küçəsi 14/1 və 14/2 saylı evlərdə yaşayan sakinlərin müraciətləri nəzərə alınacaq orada yeni xeyir-şər evinin inşasına hazırlıq işləri aparılır.
    Cari ilin əvvəlindən çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri davam etdirilmiş, 18,3 min kv.m asfalt örtüyü  vurulmuş, 2765 ədəd səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırlmışdır. Bu və diqər sahələrdə 3 ay ərzində 745 kv.m yaşıl ot örtükləri salınaraq rayon üzrə yaşıl örtüklərin ümumı sahəsi 70555 kv.m-ə  çatdırılmışdır.
     Cari ilin əvvəlindən “Azəravtoyol” ASC, RİH və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 35100 kv.m-ə yaxın yeni asfalt örtüyü  salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
     Ilin əvvəlindən rayonun mərkəzi və daxili küçə və yollarlnda, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir. Eyni zamanda o da qeyd edilməlidir ki, kücə ticarətinin, yolların kənarlərında qanunsuz mal, qoyun kəsilib satılması hallarının da qarşısının alınması üzrə mütəmadi tədbirlər görülsə də təəssüf ki, hələ də bir sıra qəsəbələrdə, xüsusilə mərkəzi yolların kənarlarında belə hallar mövcuddur.
     Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və diqər kommunal xidmət sahələrinin fəaliyyəti də birinci rübdə qənaətbəxş  olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Hər il olduğu kimi 2016-cı ilin yanvar ayı ərzində bütün qəsəbələrdə sakinlərin iştirakı ilə  RİHB-nin qəsəbələr üzrə nümayəndəlikləri və bələdiyyələrin hesabat yığıncaqları keçirilmiş, sakinlərin arzu və istəkləri dinlənilmişdir. Həmin görüşlərdə qaldırılan məsələlərin xeyli hissəsi artıq həll edilmiş, vaxt tələb edən məsələlərin həlli  barədə aidiyyatı dövlət orqanları qarşısında məsələ  qaldırılaraq nəzarətə götürülmüşdür.
     Rayon İcra Hakimiyyəti 2017-ci ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi  “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
     Cari ilin 3 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1214 ərizə və 450 məktub daxil olmuş, İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 89 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə isə cəmi 1400 nəfər iştirak etmiş və 46 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların  müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
     Edilmiş müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 61 min manata yaxın maddi yardım göstərilmişdir.
     Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
Məruzə ətrafında millət vəkili Fazil Mustafa, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon  İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, Rayon Mənzil Kommunal Təssərüfatı İdarəsinin rəisi Akif Ramazanov çıxış etdilər. Sonra Şura iclasının qərar layihəsi oxundu.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər