Sabunçu rayonu Bilgəh qəsəbəsində “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçiridi
30 may 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və rayonun Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov və məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdi. G.Məmmədov yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində aparılan işləri diqqətə çatdırdı.
Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin Həkim-Narkoloqu Qalib Məmmədov çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışaraq, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflərini bildirdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.