Sabunçu rayonunda “İslam həmrəyliyi dünyanı sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi
20.06.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbə məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dünyanı sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Sabunçu qəsəbə məscidi dini icmasının sədri və axundu Zahir Mehdiyev, dindarlar, ziyalılar və ağsaqqallar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Zahir Mehdiyev maarifləndirmə layihəsinin milli-mənəvi dəyərlərimizin təbliği işinə töhfə verəcəyini bildirdi.
Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam həmrəyliyinin ölkəmizdə tarixən mövcud olduğunu və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin dünya ictimaiyyətinə sülh, birlik və qardaşlıq mesajı olduğunu bildirdi.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.