Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

18 iyul 2017 | 20:00

Sabunçu rayonun 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, idarə-müəssisə nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyev 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi və çıxışında bildirdi ki, hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Beləki, 2017-ci ilin birinci yarısında rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 200,9 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövründəkinə nisbətən 33,1 faiz çoxdur. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5 faiz artaraq 517,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər eyni səviyyədə qalaraq 198,4 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 2,7 dəfə artaraq 96,2 milyon manat təşkil etmişdir.
İlin əvvəlindən rayonun idarə və müəssisələri eləcə də özəl qurumlarda cəmi 3189 yeni iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 8,9 faiz artaraq 482 manat, o cümlədən sənaye sahəsində əmək haqqı 8,3 faiz artaraq 601,6 manat olmuşdur. Əhalinin sosial müdafiəsi Mərkəzi tərəfindən cari ilin əvvəlindən 2526 ailəyə hər ay cəmi 378,8 min manat məbləğində ünvanlı sosial yardım hesablanaraq ödənilmişdir. İş axtarmaq məqsədi ilə rayon Məşğulluq Mərkəzinə 1963 nəfər müraciət etmiş, onlardan 891 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li Qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-nə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı xeyli işlər görülmüşdür. Ramana qəsəbəsində bir qəzalı yaşayış evi sökülərək yerində yeni 10 mərtəbəli, 80 mənzilli yaşayış binası tikilərək ötən ilin noyabr ayında istifadəyə verilmişdir. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19, Ə. Ağayev küçəsi 39,39a və Mədəniyyət küçəsi 28 ünvanında 5 belə yeni on mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir.
Cari ilin əvvəlindən rayon ərazisində bir sıra sosial obyektlərin tikintisi və ya təmiri işləri də davam etdirilmişdir. Pirşağı qəsəbəsindəki 26 saylı uşaq bağçasının tikintisi və Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidən qurulması və əsaslı təmiri başa çatdırılmışdır və həmin obyektlər 1 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Birinci – vitse Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Maştağa qəsəbəsində 9 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır və hazırda orada tamamlama işləri aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində müasir tipli mədrəsənin tikintisi davam etdirilir, Mədəniyyət Nazirliyi tərəfindən isə Nardaran Mədəniyyət evi, Muğam Mərkəzi və kitabxana binasının tikintisi, Bakıxanov qəsəbəsindəki 105 saylı uşaq bağçasının isə əsaslı təmiri başa çatdırılmışdır.
Cari ilin əvvəlindən rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət güşələri yaradılmışdır. Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində rayon icra hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının yenidən qurularaq abadlaşdırılması işləri başa çatdırılaraq, istifadəyə verilmişdir. Bakıxanov qəsəbəsinin çəxmənzilli yaşayış evlərinin ərazisində 11 nümunəvi həyətin salınması başa çatdırılmış, hazırda isə qəsəbənin Fətəliyev küçəsindəki 35, 46, 50 və 52 saylı binalarının ərazisində yeni nümunəvi həyətlərin salınması işləri davam edir. Eyni zamanda Sülh küçəsi 14/1 və 14/2 və R.Qəmbərov küçəsi 26 və 28 saylı evlərdə yaşayan sakinlərin müraciətləri nəzərə alınaraq orada yeni xeyir-şər evlərinin inşasına başlanmışdır və hazırda tamamlama işləri aparılır.
Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində bu abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 43 min kv.m asfalt örtüyü vurulmuş, 4980 ədəd səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Bu və digər sahələrdə 6 ay ərzində 1570 kv.m yaşıl ot örtükləri salınaraq rayon üzrə yaşıl ot örtüklərinin ümumi sahəsi 71380 kv.m-ə çatdırlmışdır. Bundan əlavə 20 minə yaxın həmişəyaşıl ağac, kol və güllər əkilərək onlara gündəlik qulluq göstərilmişdir.
Cari ilin əvvəlindən “Azəravtoyol” ASC, BŞİH, RİH və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 90 min kv.m-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Məruzə ətrafında Rayon Məşğulluq Mərkəzinin rəisi Akif Gülmməmədov, Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov çıxış etdilər.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanındakı Şura iclasının qərar layihəsi oxundu.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər