Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Pilot Layihə” çərşivəsində inşa edilmiş növbəti bina sakinlərinə mənzillərin açarı və çıxarışları təqdim edildi

28 sentyabr 2017 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş və bu səbəbdən yararsız hala düşmüş mənzil fondunun sökülərək, yerində yeni evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərə start verilmişdir.
   Sabunçu rayonunda son illərdə aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə cənab Prezidentin göstərişinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 8 avqust 2015-ci il tarixli “Bakı şəhəri, Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar genişmiqyaslı işlərin icrasına başlanılmışdır. Bu istiqamətdə ilk olaraq pilot layihə Sabunçu rayonunda reallaşıb.
   Bu pilot layihənin davamı olaraq sentyabrın 28-də Bakıxanov qəsəbəsində dövlət tərəfindən inşa edilən növbəti binanın açılışı olub. Yaşayış binası 10 mərtəbəli, 2 girişli, 122 mənzillidir. Tam təmirli mənzillərin sahələri onların əvvəlki mənzillərinin sahəsindən 65% çoxdur. Tədbir çərçivəsində 40-dək ailəyə mənzillərinin açarları təhvil verilmişdir.
   Vətəndaş məmnuniyyəti və rahatlığına xüsusi diqqət edən və daim ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi də öz fəaliyyət sahəsində mütəmadi olaraq sosialyönümlü tədbirlər keçirir. Komitə də həyata keçirilən bu pilot layihəyə öz dəstəyini verib. Həmin gün Komitə bina sakinlərinə mənzillərinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışlar təqdim edib. “Kütləvi çıxarış” kampaniya çərçivəsində 40-a yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verilib. Xidmətin bilavasitə vətəndaşın ünvanındaca göstərilməsi onların vaxt itkisinin qarşısını almaqla işini sadələşdirir. Belə kampaniyaya paytaxt və digər şəhərlərdə yerləşən hündürmərtəbəli binalardakı mənzillərlə yanaşı regionlarda fərdi yaşayış evləri və torpaq sahələri də geniş şəkildə cəlb olunur.
Keçidlər