Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci vitse-prezident Mehriban Əliyeva Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən Qubadlı rayon Xanlıq kənd orta məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olub

04 oktyabr 2017 | 20:00
   Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.
Təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.
   Mehriban Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət edib, onların dərsləri ilə maraqlanıb. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söyləyiblər və yaxşı oxuyacaqlarına söz veriblər. Ən müasir avadanlıqla təchiz edilən binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar. Kabinetlərin və laboratoriyaların hamısı lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.
İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Mehriban Əliyeva onlara uğurlar arzulayıb.
   Mehriban Əliyeva təhsil müəssisəsində qoyulmuş yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə, son 10 ildə bu rayondan olan məcburi köçkünlər üçün tikilmiş yeni məktəb binalarını əks etdirən və dövlətimizin başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlərə baxıb.
   İdman zalında Mehriban Əliyeva Qubadlıdan olan idmançıların məşqini izləyib. Məktəbin kollektivi ilə görüşdə tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə onları təbrik edib. “Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Mehriban Əliyeva təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər