Dövlət qulluqçularının peşə bayramı qeyd edildi
Azərbaycanda Dövlət qulluğunun gündən-günə təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən biridir. Dövlət qulluğunu tənzimləyən əsas sənəd Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə hazırlanıb qəbul edilmiş 2000-ci il 21 iyul tarixli 926-IQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Məhz bu qanunun qəbulundan sonra Azərbaycanda əvvəlki partiya nomenklatura sistemindən tamamilə fərqlənən müasir dövlət qulluğu ənənələri formalaşmağa və təşəkkül tapmağa başlamışdır.
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2006-cı il 23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü elan edilib. Sərəncamda bildirilir ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınmışdır.
Sabunçu rayonu İcra Hakimiyyətində 23 İyun “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavinləri Şakir Alıyev, Qəzənfər Həsənov, Avtandil Hüseyn-zadə və Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatında çalışan əməkdaşlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Şakir Alıyev Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar olaraq, bütün dövlət qulluqçularını əlamətdar gün münasibəti ilə təbrik edərək xüsusi vurğuladı ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır.
Daha sonra tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənov dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söz açmışdır.
Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə çıxış edərək 23 İyun “Dövlət qulluqçularının peşə bayramı günü” münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Dövlət qulluqçusu peşəsinin çox çətin olduğunu və bu peşədə çalışan insanların daim dövlətin keşiyində durduğunu diqqətə çatdırdı. Bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə və “Tərəqqi medalı” ilə təltif edilmişdilər.
Sabunçu rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Quliyeva Ramilə Müslüm qızı da “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.