Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Sabunçu rayon iştirakçıları Lənkəran rayonu ilə tanışlığı davam etdirirlər

17 noyabr 2017 | 20:00
   Məktəblilər və onların müəllimləri Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
  Sonra tur-aksiya iştirakçıları Lənkərandakı “Xanbulan” istirahət mərkəzinə və Hirkan Milli Parkına gəliblər. Bildirilib ki, Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində, Xəzər dənizi sahilində, Lənkəran və Astara inzibati rayonların ərazisində yerləşir və 21 min 435 hektar ərazini əhatə edir.
  Diqqətə çatdırılıb ki, 2004-cü il fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hirkan Milli Parkı yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında Hirkan Milli Parkı UNESCO-nun “Ümumdünya Mədəni və Təbii İrs Siyahısı”na daxil olunması üçün qeydiyyata alınıb. Milli park çoxlu sayda endemik relikt növlərin mövcud olduğu təbiət muzeyidir. Bu muzeyin yaşı min illərlə ölçülür.
   Məktəblilər Xanbulan kəndində salınmış sitrus meyvə bağları və çay plantasiyaları ilə də tanış olublar. Tur-aksiya iştirakçılarına cənub bölgəsində çayçılığın inkişaf tarixi, aparılan elmi-tədqiqat işləri, təcrübələr və onların nəticələri barədə ətraflı məlumat verilib.
  Lənkəran şəhərindəki “Qoşa Qala” qapıları, “Mayak” binası, Bayraq Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub.
 Daha sonra tur-aksiya iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsini ziyarət edib, onun Lənkəran şəhərindəki ev-muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Burada şagirdlərə Həzi Aslanovun İkinci Dünya müharibəsində keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib.
Axşam yeməyindən sonra məktəblilər onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.
Keçidlər