Sabunçu rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun növbəti qrant müsabiqəsinin şərtləri və müraciət qaydaları barədə təqdimat keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 2013-cü il iyunun 27-də elan etdiyi III qrant müsabiqəsi ilə əlaqədar olaraq Sabunçu rayonunun gəncləri üçün müsabiqənin şərtləri və müraciət qaydaları barədə təqdimat keçirilmişdir.
Bakıxanov qəsəbəsi, 252 saylı tam orta məktəbdə keçirilən tədbirdə 100-ə yaxın fəal gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyeva məlumat verərək bildirmişdir ki, yeni elan edilən qrant müsabiqəsi gənclər siyasəti ilə bağlıdır və elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edərək Azərbaycan gəncliyinin inkişafını daha da intensivləşdirəcəkdir.
Qrant müsabiqəsinin şərtləri və müraciət qaydaları barədə geniş məlumat verildikdən sonra gənclərin müxtəlif kateqoriyalar üzrə layihələrini təqdim olunması formaları barədə izahatlar verildi. Bu müsabiqə vasitəsi ilə hər bir gəncin öz layihəsini həyata keçirə bilmə imkanını qazanacağı diqqətə çatdırıldı.
Fondun elan etdiyi qrant müsabiqəsi gənclərin, eyni zamanda ayrı-ayrı gənclər təşkilatlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaqdır.
Qeyd edilmişdir ki, gənclər arasında keçirilən sorğu vasitəsilə əhalinin bu təbəqəsinin Fonddan gözləntiləri və onları maraqlandıran sahələr öyrənilmiş, sorğunun nəticələrinə əsasən, yeni qrant müsabiqəsinin istiqamətləri, prioritet sahələr müəyyən edilmişdir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallara ətraflı cavab verilmiş, onlara sorğu anketləri paylanılmışdır.