Sabunçu rayonunda müvəkkil kredit təşkilatları vasitəsilə 24 sahibkarlıq subyektinə 3.3 milyon manat güzəştli kredit verilmişdir
İyulun 24-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sabunçu rayonunun Maştağa qəsəbəsində keçirmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli krediti hesabına istifadəyə verilmiş ildə 19,2 milyon ədəd polipropilen kisə istehsal etmək gücünə malik olan müəssisənin fəaliyyətinə baxış keçirilmişdir.
Daha sonra tədbir Sabunçu rayonu Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin akt zalında davam etdirildi. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasından, sahibkarlara göstərilən dövlət qayğısından söz açaraq, sosial-iqtisadi sahədə Sabunçu rayonunda reallaşdırılan tədbirlər və həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev öz çıxışında “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermiş və Fond tərəfindən rayonda prioritet hesab olunan kiçik və orta həcmli istixanaların, üzümçülük və zeytunçuluq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrindən söz açmışdır.
Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə 24 sahibkarlıq subyektinə 3.3 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, zəfəran istehsalı, şirniyyat məhsullarının, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 300-ə yaxın yeni iş yerinin yaradılması mümkün olacaqdır.