Sabunçu rayonunda 2013-cü ilin birinci yarısının yekunları müzakirə olunmuşdur
26 İyul 2013-cü ildə Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının İnzibati binasında 2013-cü ilin birinci yarısında Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2013-cü ilin birinci yarısında Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunları və ilin sonuna kimi qarşıda duran vəzifələr barədə çıxış etdi.
İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Cənab Prezident iclası giriş nitqi ilə açaraq 2013-cü ilin altı ayının göstəricilərinin müsbət olduğunu, qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, bu müsbət dinamikanın ilin sonuna qədər qorunacağını bildirmişdir. Qeyd edilmişdir ki, 2013-cü ilin 6 ayında ölkədə ÜDM 5 faiz, qeyri-neft sektoru 11 faiz artıb, valyuta ehtiyatlarımız 48 milyard dolları keçib, iqtisadiyyatımıza 12,6 milyard dollar sərmayə qoyulub. İlin sonuna qədər sərmayələrin səviyyəsi təqribən 25 milyard dollara çatacaq. O da qeyd edilməlidir ki, 6 ayda iqtisadiyyata qoyulmuş sərmayələrin 7 milyardı, yəni 55,5 faizi daxili sərmayələrdir.
Cari ilin altı ayında 55 min yeni iş yeri yaradılmış, orta aylıq əmək haqqı 520 dollar, orta pensiya isə 200 dollar səviyyəsinə çatdırılmışdır. Altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artmış, inflyasiya isə cəmi 2 faiz olmuşdur.
Ölkəmizin bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır, rayonlar, kəndlər abadlaşır, böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonunda başa çatacaq regionların inkişafı üzrə ikinci Dövlət Proqramı və eyni zamanda Bakı və ətraf qəsəbələrin inkişafı Proqramı uğurla icra edilir.
Cari ilin birinci yarısında rayonumuzun da sosial-iqtisadi inkişafı sahəsində xeyli işlər görülmüş, bir sıra böyük həcmli layihələr həyata keçirilmişdir.
Rayonun sənaye müəssisələri və idarələri tərəfindən birinci yarım illikdə 185,2 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 40,6 faiz çoxdur. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 11,8 faiz artaraq 262,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 24,1 faiz artaraq 104,3 milyon manat təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 10,3 faiz artaraq 416,9 manata (535 dollar), sənaye müəssisələrində isə 14,5 faiz artaraq 521,8 manata (669 dollar) çatdırılmışdır ki, bu da ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir (2,8 faiz və 28,4 faiz). İlin əvvəlindən rayonda cəmi 1090 yeni iş yerləri açılmışdır.
Cari ilin birinci yarısında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində, eləcə də mərkəzi dövlət orqanları, Bakı şəhəri və rayonun daxili imkanları hesabına böyük həcmli tikinti-quraşdırma və abadlıq işləri görülmüş, sosial əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Ötən yığıncaqlarda qeyd etdiyimiz kimi Dövlət Proqramı çərçivəsində rayon üzrə nəzərdə tutulmuş əksər tədbirlərin icrası təmin edilmişdir. Cari ilin əvvəlindən isə həmin proqramlar üzrə işlər davam etdirilərək 252 N-li orta məktəb üçün 800 şagird yerlik 40 sinif otağı tikilmiş, 320 N-li uşaq bağçasında bərpa-gücləndirmə və əsaslı təmir işləri başa çatdırılmışdır. Hazırda 3 məktəbdə əlavə 2300 şagird yerlik yeni tədris korpuslarının tikintisi, 5 məktəbdə və 7 uşaq bağçasında isə əsaslı təmir işləri davam etdirilməkdədir. Bundan əlavə Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 112 N-li orta məktəb üçün 650 şagird-yerlik üçmərtəbəli yeni bina tikilib müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir.
Eyni zamanda 3 səhiyyə obyektində əsaslı təmir işləri, 1 N-li Respublika Psixiatriya Xəstəxanası üçün yeni ikimərtəbəli korpusun, eləcə də Sabunçu qəsəbəsindəki 12N-li Şəhər Poliklinikasının yeni binasının tikintisi başa çatdırılaraq müasir avadanlıqlarla təchiz edilmişdir. 7 müxtəlif təyinatlı səhiyyə obyektində əsaslı təmir işləri, eləcə də Zabrat qəsəbəsində gözdən əlillər üçün tədris-bərpa mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi davam etdirilir.
Maştağa və Nardaran qəsəbələrində mini futbol meydançaları, Pirşağı-Kürdəxanı qəsəbələrində isə mini futbol və idman meydançaları tikilərək istifadəyə verilmiş, Bakıxanov qəsəbəsində gənclər evinin tikintisi, Nardaran qəsəbəsindəki mədəniyyət evində muğam-musiqi şöbəsi yaradılmaqla əsaslı təmiri, Bakıxanov qəsəbəsindəki Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin yenidən qurulması işləri davam etdirilir.
Rayonun mərkəzi magistral avtomobil yollarından başqa Proqramda bütün qəsəbələrdə yeni daxili yolların tikintisi və təmiri üzrə böyük həcmli işlərin görülməsi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına artıq icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kv.m, Nardaran qəsəbəsində 13,5 min kv.m, Maştağa qəsəbəsində isə 17,5 min kv.m yol tikintisi və asfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir. Ümumiyyətlə bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarında 6 ay ərzində 250 min kv-m-dən çox yeni asfalt örtüyü vurulmuş, ətraf sahələr abadlaşdırılmışdır.
Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olmuş, keçmiş 2N-li uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə icra hakimiyyəti tərəfindən aparılan təmir-bərpa işləri artıq başa çatmaq üzrədir. Bundan əlavə daxili imkanlar hesabına Bakıxanov qəsəbəsində RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni ikimərtəbəli, 81 N-li MKİS üçün birmərtəbəli və Hacınski küçəsi 21A ünvanında sakinlər üçün sahəsi 300 kv.m olan xeyir-şər evi tikilərək istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma, əsaslı təmir işləri ilə yanaşı Bakıxanov qəsəbəsi ərazisində bir sıra, o cümlədən rayon Prokurorluğu, Sabunçu rayon və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəmələri üçün binalar inşa edilməkdədir.
Bakıxanov qəsəbəsində Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri davam etdirilməklə yanaşı orada Heydər Əliyev Mərkəzinin də inşasına başlanılmışdır.
Y.Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə bağlı bir sıra kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, oradakı yüksək gərginlikli hava xəttinin yeraltı xətlərlə əvəz edilməsi ilə bağlı işlər davam etdirilməkdədir. Həmin küçədə yolun genişləndirilməsi və asfalt örtüyünün vurulması yaxın vaxtlarda başa çatdırılacaq. Bundan başqa dəmiryolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarla ticarət, ictimai iaşə və digər obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verəcək uzunluğu 220 m, eni 45 m olan 3 mərtəbəli modern tipli ticarət mərkəzinin tikintisinə hazırlıq işləri aparılır.
Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənib, fasad tərəfdən qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri hündür metal örtüklərlə əvəz olunmuşdur. Artıq bu binalardan 18-də üzlənmə, 14-də dam örtüyünün vurulması işləri başa çatdırılmış, 11-də isə davam etdirilir.
“Koroğlu” metrostansiyasından “Atəşgah” dairəsi istiqamətində yolun sağ tərəfində yaşıllıq zolağının salınması və abadlaşma işləri davam etdirilmişdir. Bu işlər Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində də aparılaraq ərazi tam abadlaşdırılaraq böyük həcmli yaşıllaşdırma işləri görülmüşdür.
Ümumiyyətlə 2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsinin Sülh, Gənclik, R.Qənbərov və sair mərkəzi küçələrinin yollarının genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı-pəncərələrinin yeniləşdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur ki, nəticədə qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcək.
Rayonda, əsasən də köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması, çirkli gölməcələrin doldurulması işləri davam etdirilmiş, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək, oradakı zərərli tullantılar təmizlənmiş 6,5 ha sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır. Həmin istiqamətdə yeni Ramanaya qədər yolun hər iki tərəfində geniş abadlıq və təmir-bərpa işləri aparılmışdır.
Cari ilin əvvəllərindən əhalinin qaz, su, elektrik enerjisi, istilik, və rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində və eləcə də mənzil fondunun təmir-bərpası üzrə də xeyli işlər görülmüş və indi də davam etdirilir ki, bu barədə geniş məlumat verilməsinə ehtiyac duymuram. Belə ki, bunlarla bağlı burada məndən sonra çıxış edəcək şəxslər də bəzi məlumatlar verəcəklər.
2013-cü ilin I yarısında qəsəbə nümayəndəlikləri, bələdiyyələr və Mənzil Kommunal İstismar Sahələri tərəfindən məişət tullantılarının zibil meydançalarından vaxtı-vaxtında daşınıb-təmizlənməsi, abadlıq, yaşıllaşdırma işlərinin aparılması üzrə xeyli işlər görülmüşdür.
Sanitar-təmizlik və abadlıq işlərinin daha intensiv və keyfiyyətlə aparılmasında ötən il MKTB-nin yeni texnika ilə təchizatının böyük rolu olmuşdur. Cari ilin əvvəlindən 150 ədəd əlavə konteyner alınaraq Kommunal Təsərrüfat İdarəsinə verilmiş və bununla da konteynerlərin sayı 1324-ə çatdırılmışdır. Bundan əlavə görülmüş tədbirlər əsasında 280-dən çox məişət tullantıları üçün nəzərdə tutulmuş meydanca təmir edilmiş, onların 80% yeni konteynerlərlə təmin olunmuşdur. Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının həyətlərindəki və ətraflardakı 25 qeyri-qanuni tikili, 17 dəmir qaraj, 40-dan çox yöndəmsiz çəpərlər sökülərək ərazi abadlaşdırılmışdır. Demək olar ki, artıq bu sahədə ciddi çətinliklər olmur. Belə ki, sakinlərimiz artıq bizi dəstəkləyirlər.
Rayon İcra Hakimiyyəti 2013-cü ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına çalışmışdır.
Cari ilin 6 ayı ərzində İcra Hakimiyyəti Aparatına 2407 ərizə və 1340 məktub daxil olmuş İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətinə 121 nəfər, səyyari görüşlərdə isə 135 nəfər vətəndaş qəbul edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmişdir.
Belə ki, edilmiş müraciətlər əsasında 6 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsədilə 135 min manatdan çox maddi yardımlar göstərilmişdir.
Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılmışdır.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü” və “Novruz” bayramı ilə bağlı rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir. Respublikanın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da Ulu Öndər Heydər Əliyevin “90 illik yubileyi” ilə bağlı silsilə tədbirlər keçirilmiş may ayının 9-da Maştağa qəsəbəsindəki mərkəzi parkda ATV televiziya kanalı ilə birgə böyük konsert təşkil edilmişdir.
Cari ilin oktyabr ayında Respublikamızda növbəti Prezident Seçkiləri keçiriləcək. Bununla bağlı rayonda fəaliyyət göstərən hər 3 dairə seçki komissiyası və 93 seçki məntəqələri yerləşən binaların hamısına baxış keçirilərək indiyədək qanunvericilikdə nəzərdə tutulmuş qaydada üzərimizə düşən bütün vəzifələri yerinə yetirmişik. İnanıram ki, sonrakı mərhələlərdə də seçkilərə hazırlıq işlərini MSK tərəfindən müəyyən edilmiş qaydalara uyğun apararaq uğurla başa vuracayıq. Sabunçu rayon sakinləri, seçiciləri həmişə olduğu kimi bu ilki Prezident seçkilərində də öz seçimlərini düzgün müəyyənləşdirərək ən layiqli namizədimizə səs verəcəklər.
İnanıram ki, Azərbaycanımızı inamla inkişaf etdirən, xalqımızı işıqlı gələcəyə doğru aparan tərəqqipərvər, müdrik Dövlət Başçımız İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşərək onun namizədliyini dəstəkləyəcəyik. Bu işdə hər birinizə uğurlar arzulayıram!
Daha sonra tədbirdə Sabunçu rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Nadir Tağıyev çıxış edərək bildirdi ki, 2013-cü ilin 6 ayı ərzində 1434 ailənin 5772 nəfər ailə üzvünə orta hesabla hər ailəyə 128,19 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.
Möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamlarına uyğun olaraq 283 nəfər şəhid ailəsinə, 8 Milli Qəhrəman ailəsinə, 5 nəfər 20 Yanvar faciəsi zamanı şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü, 1364 nəfərə kommunal nəqliyyat və digər xidmətlərə görə müavinət, 8007 nəfərə sosial müavinət təyin olunaraq ödənilmişdir.
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 09 sentyabr tarixli 823 nömrəli Fərmanına əsasən 49 nəfər I qrup müharibə əlilinin hər birinə 99 manat, 373 nəfər II qrup müharibə əlilinin hər birinə 77 manat, 55 nəfər III qrup müharibə əlilinin hər birinə 55 manat Prezident təqaüdü təyin olunaraq ödənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2320 nömrəli sərəncamına əsasən 21 nəfər Böyük Vətən Müharibəsi iştirakçısına 55 manat məbləğində aylıq müavinət təyin olunaraq ödənilmişdir.
Ahıllara “Sosial xidmət haqqında” qanuna müvafiq olaraq hazırda Sabunçu rayonu ərazisində yaşayan 268 nəfər tənha ahıl, kimsəsiz və əlil vətəndaşlara mərkəzin 30 nəfər işçisi tərəfindən evlərdə xidmət göstərilir.
Daha sonra 2013-cü ilin 6 ayı ərzində görülmüş işlər barədə Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov məlumat verdi.
Mərkəzi istilik sistemi ilə qızdırılmalı olan 123 binadan 101-də tam inventarlaşma işləri aparılmış və 2013-2014-cü ilin payız-qış mövsümündə həmin binaya istiliyin verilməsi planlaşdırılmışdır.
Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi, 4090/94-cü məhəllə və sair ünvanlarda 335 metr müxtəlif diametrli istilik borularında cari təmir işləri görülmüş, 125 metr istilik borusu isə yenisi ilə əvəz olunmuşdur.
Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qarşılıqlı əməkdaşlığı nəticəsində Sabunçu qəsəbəsində 4000 kvadrat metr, Maştağa qəsəbəsində isə 65000 kvardat metr sahəyə asfalt örtüyü vurulmuşdur.
Xidməti ərazimizdə istismarda olan 248 sərnişin liftindən 38-i müasir tipli elektron liftlərlə əvəz olunmuş, 53-də isə əsaslı təmir işləri aparılmışdır. Hal-hazırda isə daha 9 ədəd elektron liftin quraşdırılması işi yekunlaşmaq üzrədir.
Bakıxanov qəsəbəsində, M.Fətəliyev küçəsi, A.Mustafayev küçəsi, M.Gəncəvi küçəsi, Y.Əliyev küçəsi, E.Xəlilov küçəsi, Maştağa qəsəbəsində, M.Ə.Sabir küçəsi və sair ünvanlarda küçə işıqlarının köhnə beton dirəkləri çıxarılıb əvəzində müasir tipli yüngül konstruksiyalı metal dirəklər qoyularaq məhəllənin və küçələrin işıqlandırlıması təmin olunmuşdur. Ümumilikdə 145 işıq dirəyi, 270 çıraq, 4800 metr elektrik kabeli, 4800 metr şlanq yenisi ilə əvəz olunmuşdur.
Rayonda aparılan abadlıq və təmizlik işləri ilə əlaqədar olaraq Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi ev 28, 28b, 29, 31, A.Əlibabayev küçəsi ev 1,2, məhəllə 4090/94 ev 6, Mehmandarov küçəsi ev 23, E.Xəlilov küçəsi ev 1a, 1b, Telman küçəsi ev 8, Əfəndiyev küçəsi ev6 və sair ünvanlarda qeyri-qanuni zəbt olunmuş torpaq sahələri çəpər və tikililərədən təmizlənmişdir.
Tədbirdə çıxış edən Sabunçu rayon 26 saylı Dairə Seçki Komissiyasının sədri Hacı Əliyev Sabunçu rayonu ərazisində daimi fəaliyyət göstərən seçki dairələrinin 2013-cü ilin 6 aylıq dövrü üçün görülmüş işlər haqqında məlumat verdi.
26 saylı Sabunçu I seçki dairəsi Bakıxanov Bələdiyyəsinin hüdudlarında, 32 seçki məntəqəsi üzrə 47.501 nəfər seçicini əhatə edir.
27 saylı Sabunçu II seçki dairəsi Sabunçu, Balaxanı, Ramana, Pirşağı, Kürdəxanı Bələdiyyələrinin və Zabrat Bələdiyyəsinin bir hissəsinin hüdudlarında, 31 seçki məntəqəsi üzrə 46.872 nəfər seçicini əhatə edir.
28 saylı Sabunçu III seçki dairəsi Maştağa, Nardaran, Bilgəh Bələdiyyələrinin və Zabrat Bələdiyyəsinin bir hissəsinin hüdudlarında, 30 seçki məntəqəsi üzrə 46.722 nəfər seçicini əhatə edir.
Hesabat dövründə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi müntəzəm olaraq aparılmış və bu işdə müvafiq icra strukturlarının, Rayon Polis İdarəsinin, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti idarəsinin, Rayon Qeydiyyat şöbəsinin yaxından köməkliyi nəticəsində mümkün olmuşdur.
Mərkəzi Seçki Komissiyası tərəfindən əlil seçicilərin səsverməsi üçün müəyyən edilən məntəqələrdə əlil arabarının verilməsi üçün siyahılar təsdiq edilmiş, məntəqələrdə əlil arabalarının sərbəst girişi üçün pantuslar quraşdırılmışdır. Eyni zamanda dairə və məntəqə seçki komissiyalarının üzvlərinə vəsiqələrin və müvafiq təlimatların verilməsi prosesinə başlanılmışdır.
Seçki dairələrinin hər üçündə texniki avadanlıq və təchizat qənaətbəxşdır, binaların cari kosmetik təmirə ehtiyacı var. Seçki ərəfəsində Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzinə məlumatların elektron ötürülməsi əsas vasitələrdən biridir. Bununla əlaqədar Sabunçu rayon Rabitə qovşağının bu günə qədər gördüyü tədbirlər təqdirəlayiqdir. Qeyd etmək lazımdır ki, seçki dairələrinin hər birində 10 məntəqədə VEB kameraların quraşdırılması nəzərdə tutulmuş və onların normal iş rejimi xüsusi olaraq diqqət mərkəzindədir. Seçki dairələrində fasiləsiz internet üçün də tədbirlər görülmüş, məntəqələrdə telefonların quraşdırılması üçün hazırlıq işlərinə başlanmışdır.
Daha sonra tədbirdə çıxış edən Millət vəkilləri Eldar Quliyev və Qalib Salahzadə cari ilin 6 ayı ərzində sosial-iqtisadi sahədə Sabunçu rayonunda reallaşdırılan tədbirlər və həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən öz razılıqlarını bildirdilər. Qarşıdan gələn Prezident seçkilərinin günün tələblərinə uyğun olaraq yüksək səviyyədə keçirilməsi üçün hamıya uğurlar dilədilər.