Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəblilərinin Naxçıvanla tanışlığı davam edir

26 mart 2018 | 20:00
  Tur-aksiya iştirakçılarının Naxçıvan Muxtar Respublikası ilə tanışlığı davam edir.
  Tur-aksiyanın ikinci günü – martın 27-də Sabunçu rayon məktəbliləri muxtar respublikanın Ordubad və Culfa rayonlarının ərazisində yerləşən tarixi abidələr və mədəniyyət müəssisələri ilə tanış olublar.
  Şagirdlər əvvəlcə Ordubad şəhərində yerləşən 3 nömrəli tam orta məktəbə gəliblər.
  Bildirilib ki, məktəbin yeni binası 2015-ci il martın 29-da istifadəyə verilib. 774 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var. Məktəbin kitabxanasında 14 minədək kitab mövcuddur.
  Qeyd olunub ki, məktəbdə 57 kompüter şagirdlərin istifadəsindədir. Elektron lövhəli siniflərdə şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.
  Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə məlumat verilib. Bildirilib ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
  Sabunçu rayon məktəbliləri görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin ev-muzeyində də olublar. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il sentyabrın 17-də imzaladığı “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Muzeyin binası ikimərtəbəlidir. Ekspozisiya zalı binanın ikinci mərtəbəsində yerləşir. Birinci mərtəbədə isə muzeyin əməkdaşları üçün iş otaqları var. Ekspozisiya zalında Sidqinin hikmətli sözlərindən seçmələr, ömrünün müxtəlif dövrlərini əks etdirən, eləcə də ailə üzvləri, sənət yoldaşları və vaxtilə onun şagirdləri olan görkəmli şəxsiyyətlərin fotoşəkilləri də nümayiş etdirilir. Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər də qorunur.
  Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də olublar. Məlumat verilib ki, Ordubadi dövrünün ustad ədibi, ictimai xadimi kimi tanınıb. Onun bu xidmətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə yenidən qurulan muzeydə yazıçının həyat və yaradıcılığını əks etdirən 2 minə yaxın eksponat saxlanılır.
  Akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev-muzeyi ilə tanışlıq da paytaxt məktəblilərində böyük maraq doğurub. Bildirilib ki, alimin ev-muzeyi 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 28 fevral tarixli Sərəncamına əsasən, ölkəmizdə Yusif Məmmədəliyevin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, görkəmli alimin Ordubaddakı ev-muzeyində yenidənqurma işləri aparılıb. Muzeyin ikimərtəbəli binası ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, fotoşəkillər, habelə xatirə şəkillərindən ibarət 2000-dən artıq eksponat saxlanılır. Bu eksponatlardan 370-dən çoxu ekspozisiyada nümayiş olunur.
  Culfa rayonuna ekskursiya zamanı məktəblilər Gülüstan türbəsinə gəliblər. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli Sərəncamına əsasən, rayon ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsi elmi və tarixi əsaslarla bərpa olunub. XII əsrə aid olan Gülüstan türbəsinin bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Buna görə də türbənin bərpası zamanı hər bir detala xüsusi diqqət yetirilib, abidənin orijinallığı qorunub saxlanıb. Beləliklə, Gülüstan türbəsinə ikinci həyat verilib. Mədəniyyət və Turizm Nazirliyi və Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən digər tarixi abidələrin də tədqiqi, onlar haqqında tarixi materialların əldə olunması üçün səy göstərirlər.
  Məktəblilərin səfər etdikləri məkanlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunan Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olub. Diqqətə çatdırılıb ki, Əlincəqala tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra “Duzdağ” otelində tur-aksiya iştirakçıları üçün Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin konserti olub.
  Sabunçu rayon 67 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytən Kələşova bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməyinə görə çox sevinir. O deyib: “Naxçıvanın qədim tarixi abidələri və gözəl təbiəti haqqında çox eşitmişdim. Amma bunu öz gözlərimlə görməmişdim. Naxçıvan şəhərinin, həmçinin muxtar respublikanın qəsəbə və kəndlərinin təmizliyi, gözəlliyi, insanların gülərüz və qonaqpərvər olması məni valeh etdi. Bu cür tur-aksiyaların təşkil olunması hər bir məktəbli üçün əla fürsətdir. Çünki biz Azərbaycanın tarixi dövlətçiliyinin beşiyi olan muxtar respublika ilə tanış olmaqla, həm də qədim tariximizi və mədəniyyətimizi daha yaxından öyrənmək imkanı qazanırıq”.
Keçidlər