Şriftin ölçüsü :

Saytın rəngi :

Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanış oldular

27 mart 2018 | 20:00
  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində paytaxtımıza gələn naxçıvanlı məktəblilər martın 28-də Bakı Olimpiya Stadionunda oldular.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova tur-aksiya iştirakçılarını salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik etdi. R.Fərəcova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq həyata keçirilən bu möhtəşəm layihə gənc nəslin vətənpərvər ruhda tərbiyə alması, ölkəmizin dilbər guşələrini qarış-qarış gəzərək onun tarixi, mədəniyyəti, adət və ənənələrini daha dərindən mənimsəməsinə xidmət edir.
  Daha sonra məktəblilərə Azərbaycan və bütün Qafqazda ən böyük stadion olan Bakı Olimpiya Stadionu haqqında bələdçilər tərəfindən geniş məlumat verildi.
  Qeyd olundu ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion altı mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan arenada VVIP, VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, ərazidə 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.
  Məktəblilərin diqqətinə çatdırıldı ki, 2015-ci ildə ilk Avropa, ötən il isə IV İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunub. Azərbaycan idmanı tarixində ilk dəfə UEFA Çempionlar Liqasının final mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubu bu turnir çərçivəsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirib. Həmçinin futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.    2020-ci ildə təşkil olunacaq futbol üzrə növbəti Avropa çempionatının final mərhələsinin bir neçə görüşü də bu möhtəşəm idman arenasında oynanılacaq.
  Sonda məktəblilərlə birgə xatirə şəkli çəkildi. Naxçıvanlı məktəblilər Bakı Olimpiya Stadionu ilə tanışlıqdan xoş təəssüratla ayrıldılar.
Keçidlər