Sabunçu rayonunda “Bilik Günü” qeyd edildi
Sabunçu rayonunda yeni dərs ilinin başlanması ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri də yeni təmir olunmuş və Bakıxanov qəsəbəsində yerləşən Milli Qəhrəman Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur.
Hərbi vətənpərvərlik mövzusunda keçirilən ilk dərsdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev də iştirak etmişdir.
Dərs “Həyatda nəyi hədiyyə vermək, satmaq, alamq və dəyişmək olmur?” sualı ilə başlandı. Şagirdlərdən alınan cavablar – Vətən, Vətən sevgisi, vətənpərvərlik oldu. Sonra Vətənə sevginin əsas nümunəsi kimi Ulu Öndər – Heydər Əliyevin söylədiyi “Azərbaycan” şeirinin və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözlərinin video çarxı göstərildi.
Növbəti slayd Respublikamızın birinci xanımı Mehriban xanım Əliyevaya və onun Vətən üçün gördüyü işlərinə həsr olunmuşdur. Mehriban xanımın gimnastika idman növünün inkişafında göstərdiyi xidmətlər sayəsində 25 medal qazanmış 7b sinif şagirdi Səttarova Ruqiyyə çıxış edərək Mehriban xanımın onlara göstərdiyi qayğını, müxtəlif ölkələrdə himnimiz səslənərkən necə kövrəldiyini xüsusi vurğuladı.
Daha sonra növbəti slayd Milli Qəhrəmanlarımız haqqında oldu. Şagirdlər qəhrəmanlarımız haqqında məlumat verərək Mübariz İbrahimov və Ramil Səfərov yolunu tutacaqlarını söz verdilər.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin köməkliyi ilə Ramil Səfərovla telefon bağlantısı quruldu. Ramil Səfərov şagirdlərə yeni dərs ilində uğurlar arzuladı. Daha sonra Mübariz İbrahimovun vida məktubu video çarx vasitəsilə səsləndirildi. Şagirdlərin əksəriyyəti vida məktubuna münasibət bildirdilər.
Sonda çıxış etmək üçün söz Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə verildi. Adil müəllim Respublikamızın inkişafı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident İlham Əliyevin bizlərə göstərdiyi qayğıdan danışdı.
Dərsin sonunda şagirdlər Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevə öz minnətdarlıqlarını bildirdilər.