Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Sabunçu rayon iştirakçıları Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə tanış olublar

28 mart 2018 | 20:00
  29.03.2018-ci il tarixdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlar sırasındadır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
  Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
  Vurğulanıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu.   Bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir.
  Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.
  Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
  Gənclər Mərkəzində keçirilən görüşdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və başqaları çıxış ediblər.
  Natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident İlham Əliyevin tövsiyəsi ilə keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
  Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
  Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.
  Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.
  Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.
  Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gələn şagirdlərə məlumat verilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulub. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar Memarı Rasim Əliyev, heykəltəraşı Xalq Rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının “Star” inşaat şirkəti tərəfindən tikilib. Abidə Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da açılıb.
  Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.
  Bayraq Muzeyi dövlət atributlarımızın tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.
  Martın 29-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.
Keçidlər