Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

17 aprel 2018 | 20:00
  18 aprel 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2018-ci ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə müəssisələrinin,  xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq, əhalinin seçkilərdə aktiv iştirakı, rayon DSK-nın, MSK-nın sədrlərinin və üzvlərinin işlərinin yüksək səviyyədə təşkili və ölkə rəhbəri cənab İlham Əliyevin parlaq qələbəsindən söz açaraq bu prosesdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
  Adil Vəliyev cənabları çıxışını aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas barəsində davam etdirərək,
  2018-ci ilin birinci rübündə ölkədə sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı danışaraq ilin sonuna kimi qarşıda duran vəzifələr haqqında məlumat verdi.
  Sonra Rayon İcra Hakimiyyəti başçısının  müavini Avtandil Hüseyn-zadə rayonun 2018-ci ilin I rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. A.Hüseyn-zadə çıxışında qeyd etdi ki, 2018-ci ilin birinci rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 122,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 6,6 faiz çoxdur. Rayon üzrə parakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 321,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 2,7 faiz artaraq 33,5 milyon manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 11,7 dəfə artaraq 60 milyon manat təşkil etmişdir.
  İlin əvvəlindən rayonun idarə və müəssisələri, eləcə də özəl qurumlarda cəmi 5931 yeni iş yeri açılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 2,3 faiz artaraq 473,9 manat, o cümlədən sənaye sahəsində çalışınların  əmək haqqı 2,8 faiz artaraq 579 manat olmuşdur.
  Dövlət Sosial Müdafiəsi Fondunun Sabunçu rayon Mərkəzi  tərəfindən ilin əvvəlindən 31082 nəfərə pensiya xidməti göstərilmişdir. İş axtarmaq məqsədi ilə Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş  1158 nəfərdən 504 nəfəri işlə təmin olunmuşdur.
  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr  2015-ci il tarixli 322 saylı Qərarına əsasən “Pilot layihə” çərçivəsində rayonda müvafiq tədbirlər həyata keçirilmiş, xeyli işlər görülmüşdür. Bir sıra qəzalı vəziyyətdə olan binalar sökülərək yerində müasir standartlara cavab verən çoxmənzilli yaşayış binaları tikilərək sakinlərin ixtiyarına verilmişdir.
  Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanında 2 və 3  mərtəbəli, çoxmənzilli binaların yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 12, Ərəblinski 14, 14a, 16, 18, 18a, Nazim İsmayılov küçəsi 70, 72, 74 və Ramiz Qənbərov 19 və 21 ünvanlardakı istismar müddəti keçmiş və ümumilikdə 157 ailənin yaşadığı qəzalı vəziyyətdə olan yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək yeruində çoxmərtəbəli yaşayış binalarının tikintisinə  hazırlıq işləri görülür. Sabunçu qəsəbəsi Xəstəxanayanı və Əsədullayev küçələrindəki köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmış və hazırda sənədləşdirmə işləri aparılır. Bunlarla yanaşı rayonda bir sıra sosial obyektlərin tikintisi, o cümlədən Maştağa qəsəbəsi “Savalan” adlanan yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 960 şagird yerlik məktəb binasının, Nardaran qəsəbəsində müasir tipli mədrəsənin və Bakı Keramika və Tətbiqi Sənət Mərkəzi üçün binanın tikintisi davam etməkdədir. Maştağa qəsəbəsindəki 9 saylı uşaq bağçasının tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.
  Cari ilin əvvəlindən rayon ərazisində abadlıq quruculuq işləri davam etdirilmiş, yaşıllıqlar salınmış, yeni istirahət güşələri yaradılmışdır. Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1A, 1B, 1V, məhəllə 40/90, ev 216  ünvanlarında nümunəvi məhəllələr salınaraq sakinlərin istifadəsinə verilmişdir. Hazırda qəsəbənin N.İsmayılov 1, 3, 4, Y. Əliyev küçəsi 22, 24, 22A, 24A və Xasməmmədov küçəsi 5 ünvanlarında nümunəvi məhəllələrin salınması üzrə son tamamlanma işləri aparılır.
  Cari ilin əvvəlindən çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri davam etdirilmiş, 18,5 min kv.m asfalt örtüyü  vurulmuş, 5000 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri, onlarla  günlük və oturacaqlar qoyulmuşdur.İlin əvvəlindən “Azəravtoyol” ASC-nin, Bakı Şəhər İcra Hakimiyyətinin, Rayon İcra Hakimiyyətinin və qəsəbə  bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara 113 min kv.m.-ə yaxın yeni asfalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
  İlin əvvəlindən rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə ciddi nöqsanlara yol verilməmişdir.
  Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də birinci rübdə qənaətbəxş  olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.
  Hər il olduğu kimi 2018-ci ilin əvvəlində bütün qəsəbələrdə sakinlərin iştirakı ilə  RİHB-nin qəsəbələr üzrə nümayəndəliklərinin və bələdiyyələrin hesabat yığıncaqları keçirilmiş, sakinlərin arzu və istəkləri dinlənilmişdir. Həmin görüşlərdə qaldırılan məsələlərin xeyli hissəsi artıq həll edilmiş, vaxt tələb edən məsələlərin həlli  barədə aidiyyatı dövlət orqanları qarşısında məsələ  qaldırılaraq nəzarətə götürülmüşdür.
  Hesabat dövründə rayonun bütün qəsəbələrində RİH başçısının sakinlərlə səyyari görüşləri keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
  Rayon İcra Hakimiyyəti 2018-ci ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi  “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə verdiyi tapşırığa əsasən 12 fevral 2018-ci il tarixindən sakinlərin pulsuz tibbi müaiynədən keçirilməsi aksiyası təşkil olunub. Görülmüş tədbirlər əsasında rayonda əhalinin tibbi müayinədən keçirilməsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada təşkil edilmişdir. İndiyə kimi tədbir çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 243015 nəfərdən 90716 nəfərinin tibbi müayinədən keçməsi təmin edilmişdir. Nəticədə 8300 nəfərə yaxın sakin ambulator və sanitar müalicəyə cəlb edilmiş, 10 nəfərin üzərində isə cərrahiyyə əməliyyatı aparılmışdır.
  Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq tapşırığına əsasən “Ölkəmizi tanıyaq” tur aksiya çərçivəsində 23 mart 2018-ci il tarixində Maştağa Mədəniyyət Mərkəzində 9-cu tur aksiyanın təntənəli açılış mərasimi keçirilmiş, 30 nəfərdən ibarət məktəbli heyəti Naxçıvan Muxtar Respublikasına yola salınmışdır.
  2018-ci ilin birinci rübündə İcra Hakimiyyəti Aparatına ümumilikdə 2117 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 18,7 faiz (334 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, birinci rübdə daxil olmuş 1499 ərizə və şikayətlərin 492-si və ya 38,8 faizi şəhərsalma və tikinti məsələsi ilə bağlı olmuşdur.
  Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 130 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə 1400 nəfərdən çox vətəndaş iştirak edərək 60-a yaxın məsələ qaldırılmışdır.  Bundan başqa “20 Yanvar”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
  Zabrat qəsəsbəsi ərazisində aparılan abadlıq və sanitar təmizlik içləri barədə RİHB-nin Zabrat qəsəbəsi üzrə nümayəndəsi İlqar Süleymanov, 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinin yekunlarının nəticəsi barədə isə Sabunçu 26 saylı I DSK-nin sədri Hacı Əliyev çıxış etdi.
  Sonra Şura iclasının qərar layihəsi oxundu.
  İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən söz açaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Keçidlər