Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir

19 noyabr 2013 | 20:00

       Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ən mühüm və daim yaddaşlarda yaşayacaq anlarından biri də 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu tarix Azərbaycan dövlətinin və xalqının taleyində müstəsna rol oynayan, millətin özünə inamını, gələcəyə nikbin baxışını təmin edən təqvimlərdən biridir.
         Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tuğyan etdiyi həmin tarixi dövrdə Azərbaycan vətəndaşlarına gələcəyə inam bərqərar oldu, tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan partiyası yarandı.
       Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə qədəm qoyub. Bu illər ərzində tez-tez hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdır.
         Cəmiyyət ümümxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan siyasi qüvvəyə ehtiyac duyurdu. Əslində, 1992-ci il noyabrın 21-də Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi.
         Həmin dövrdə partiyanın yaradılması çox mürəkkəb ictimai-siyasi dövrə təsadüf edirdi. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən isə AXC-Musavat iqtidarının yarıtmaz siyasəti nəticəsində Azərbaycanda çox ağır və dözülməz vəziyyət yaranmışdır. İdarəçilik səriştəsi olmayan o zamankı iqtidar-xalq arasındakı dayaqlarını sürətlə itirirdi. Ölkənin üzləşdiyi bu acınacaqlı durum, təbii ki bütün xalqımız kimi ziyalıları da narahat etməyə bilməzdi. Əksər ziyalılar açıq şəkildə bəyan edirdilər ki, ölkəni bu vəziyyətdən çıxarmağa qadir olan təcrübəli siyasi xadimə, Ümümmilli Liderə ehtiyac var.
         1992-cü ilin aprel-may ayından başlayaraq Heydər Əliyevə fəal siyasətə qoşulması üçün çoxsaylı müraciətlər edildi, bu müraciətlər ölkənin hər bir bölgəsindən eşidilirdi. Xalq Heydər Əliyevin qarşıdan gələn Prezident seçkisində iştirakını məhdudlaşdıran yaş senzini ləğv edilməsi tələbi ilə mübarizəyə başladı. Başlıca amal, məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəni böhran tendensiyasından xilas etmək idi. Heydər Əliyevin müdafiəsi məqsədi ilə təşkil olunan mitinqlər 1992-ci ilin aprelin 17-dən başladı və 18 gün davam etdi.
         1992-ci il iyul ayının 13-də isə “Əincə” Cəmiyyətinin bir qrup üzvü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin yanına gedərək Partiyanın təsis edilməsi haqqında geniş fikir mübadiləsi apardılar. Uzun təkidlərdən sonra Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasına razılıq verdi.
         1992-ci ilin Oktyabr ayının 16-da 91 nəfər ziyalının “Səs” qəzetində dərc olunan müraciəti xalqın Heydər Əliyevə olan inamının ifadəsi idi. Bundan 8 gün sonra, oktyabrın 24-də Heydər Əliyevin ziyalılara müraciəti dərc olundu. Həmin müraciətdə ölkəni böhrandan xilas etməyin konsepsiyası birmənalı şəkildə öz əksini tapmışdır. Ulu Öndərimiz cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi.
        Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu bu müraciətdə Azərbaycandakı mövcud böhranın yaranma səbəbləri və siyasi hakimiyyətin xalqımızı faciəli şəkildə təhlükələrlə üzləşdirməsi faktı konseptual qaydada şərh olunmuş, ağır vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğulduğunu bildirmiş və belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir.
         Həmin müraciətdən sonra xalqın Heydər Əliyevə inamı və etimadı daha da artdı, hamı başa düşdü ki, nicat yolu yalnız Heydər Əliyevdədir. Lakin bu reallıq o vaxtki hakimiyyət tərəfindən qısqanclıqla qarşılandı.
         Təsadüfi deyil ki, ziyalıların müraciətindən bir neçə gün sonra, oktyabrın 22-də Naxçıvanda dövlət çevrilişinə cəhd oldu, AXC-Musavat hakimiyyəti başa düşürdü ki, Heydər Əliyevin hakimiyyətə gəlişinə heç cür mane ola bilməyəcək. Xalq o zaman həmin dövlət çevrilişinin qarşısını aldı.
        Bütün maneələrə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Partiyanın təsis konfransı keçirildi. Konfransda təxminən 500 nəfər iştirak edirdi ki, onlar Azərbaycanın müxtəlif regionlarından gəlmişdilər.
         Yeni Azərbaycan Partiyası Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bildi, ümumxalq partiyası olmaq istiqamətində lazımi addımlar atdı. Heydər Əliyev Partiyanın qarşısında yeni vəzifələr qoydu. Həmin dövrdən etibarən təşkilatın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, YAP iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirmiş, kütləvi siyasi qüvvə kimi ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirmişdir.
         Yeni Azərbaycan Partiyasının Təşkilatı və ideoloji baxımdan formalaşması, öz fəaliyyətini sivil dəyərlərə uyğun qurması, zaman-zaman yeniləşməsi, təşkilat daxilindəki monolitliyin, sağlam atmosferin qorunması, bu quruma əqidəli insanların gəlişini Ulu Öndər daim diqqət mərkəzində saxlayırdı. Partiyada gənclərə qayğı, bu təşkilatda təmsil olunan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakına şərait yaradılması, siyasi tələbkarlıq, fəallıq, prinsipiallıq, ölkəmizdə gedən proseslərə vətəndaşlıq mövqeyindən çevik reaksiya verilməsi Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qurultaylarında, Yubiley tədbirlərində partiya nümayəndələri qarşısında qoyduğu əsas vəzifələrdən idi.
        1995-ci ildə keçirilən Parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan Yeni Azərbaycan Partiyası iqtidar Partiyasına çevrilmiş, ona olan inambir daha təsdiq edilmişdir. 1999 və 2004-cü illərdə keçirilən bəədiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatıb, partiyanın yerlərdəki nüfuzundan xəbər verən ən obyektiv göstərici rolunu oynayib. 2000 və 2005-cü ildə Milli Məclisdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qalib gəlməklə cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb. Nəhayət, Yeni Azərbaycan Partiyası 1993, 1998, 2003-cü illərdə keçirilən Prezident seçkilərində əzəmətli qələbələr əldə edib.
         Partiyanın 2004-cü ilin mart ayında keçirilən qurultayında yekdilliklə möhtərəm İlham Əliyev Əliyevin sədr seçilməsi Yeni Azərbaycan Partiyasının tarixində yeni mərhələnin başlanğıcına çevrildi.    
         18 Noyabr 2013-cü ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi ilə əlaqədar olaraq YAP Sabunçu rayon Təşkilatı tərəfindən tədbir keçirilmişdir.
       Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda olmuş, müasir Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin məzarı üzərinə əklil və güllər qoymuşlar.
       Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının akt zalında davam etdirilmişdir. Konfransı əvvəlcə YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva açaraq, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndərin Azərbaycan dövlətini çətin bir burulğandan necə xilas etdiyindən söz açmışdır.
         Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin necə bir dünyaşöhrətli siyasi xadim olmasından, Yeni Azərbaycan Partiyasını hansı siyasi çətinlikər şəraitində yaratmasından, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın necə xilas olmasından, Onun layiqli davamçısı cənab Prezidentin son 10 ildə əldə etdiyi nailliyyətlərdən, uğurlardan ölkəmizin sürətli inkişadından tərəqqisindən danışmış, gələcəkdə də yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı, tərəqqisi, xalqımızın firavan, xoşbəxt yaşaması üçün daha da böyük uğurlara nail olacağını qeyd etmişdir.
         Sonra tədbirdə Azərbaycan Resspublikası Milli Məclisinin Deputatları Musa Quliyev, Eldar Quliyev, Qalib Salahzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi inkişaf yolundan və uğurlarından söz açdılar.
         Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər