“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”. Heydər Əliyev
14 dekabr 2013-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, Azercell MMC və Azərbaycan Müəllimlər İnstitutunun bir qrup tələbələri tərəfindən Zabrat qəsəbəsində yerləşən 37 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında müalicə alan uşaqlarla görüş keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azercell MMC-nin rəsmi nümayəndəsi, Azərbaycan Müəllimlər İnstitutunun fəal tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları sanatoriyada müalicə alan uşaqları salamladıqdan sonra, körpələrin ifasında səslənən gözəl şeir və mahnı kompozisiyaları dinlədilər, onlarla birgə rəqs etdilər.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova çıxışında dedi:” Uşaqlar bizim gələcəyimizdir, onların üzündəki təbəssüm bizim sevincimizdir. Dövlətimiz yeni nəslin - uşaqların sağlam, firəvan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət və qayğı göstərir. Bu gün biz uşaqlarımızın gələcəyi naminə atılan hər bir addımda dövlətimizin yanında olmalı, ona dəstək verməliyik”.
Əyləncə proqramı başa çatdıqdan sonra tələbə gənclər tərəfindən uşaqlara hədiyyələr təqdim olundu. Tədbir körpələr üçün təşkil olunan nahar süfrəsi ətrafında davam etdi.
Onu da qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulmuşdur.