Şriftin ölçüsü :

Saytın rəngi :

“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib

26 noyabr 2018 | 20:00
  26.11.2018-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” mövzusunda konfrans keçirilib.
  Tədbir “Gender zorakılığına qarşı 16 günlük fəallıq” adlı beynəlxalq kampaniya çərçivəsində təşkil olunub. 25 noyabr - Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günündən başlayaraq 10 dekabr - İnsan Hüquqları Gününədək davam edəcək beynəlxalq kampaniyanın əsas məqsədi gender əsaslı zorakılıqla mübarizə ilə əlaqədar yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransda çıxış edərək deyib ki, qadınlara qarşı zorakılıq dünya miqyaslı bir problemdir. Hələ 1993-cü ildə Qadınlara münasibətdə zorakılığın qarşısının alınması haqqında Bəyannamədə bu terminin izahı verilib. Burada göstərilir ki, istənilən zorakılıq aktı qadınlara münasibətdə zorakılıq deməkdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər üç qadından biri öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın öz partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Bütün bunlar göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş hədi tanıyır. Bunları nəzərə alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü elan edib və gələn il bu günün 20 ili tamam olacaq.
  BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında qadın və kişilərin bərabər hüquqlara malik olmasına baxmayaraq, həyatları boyunca siyasi, sosial, iqtisadi və hətta şəxsi müstəvidə səlahiyyətlərin bölgüsündə qeyri-adekvat təmsil olunduqlarını qeyd edib. Qadınların qarşılaşdıqları problemlərdən, onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışan Q.İshaqzai bildirib ki, bu gün qanuna əsasən qadınların və kişilərin hüquqları bərabərdir. O, bu gün qadınların müxtəlif sahələrdə, o cümlədən təhsil və səhiyyə sahələrində fəal işlədiklərini qeyd edib.
  Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizdə yeni islahatlar dövrü başladı. Bu islahatlar həyatın bütün sahələrini, o cümlədən insan hüquqlarını əhatə etdi. 1993-cü ildə BMT-nin Vyanada keçirilmiş insan hüquqları üzrə ilk qlobal konfransında fəaliyyət proqramı qəbul edilib. Burada göstərilir ki, qadınlara münasibətdə zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlərə, bərabərlik, inkişaf və sülhə nail olmaqda ən çətin maneələrdəndir. Həmin il BMT-nin Baş Assambleyası Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə qəbul etdi. Bu sənəd 1995-ci il qadınların IV Ümumdünya Konfransının Pekin platforması ilə birgə bütün dünyada zorakılıqla mübarizənin təməlini təşkil edir. Vyana konfransı həm də hər bir dövlətə insan hüquqları ilə bağlı milli fəaliyyət planı qəbul etməyi tövsiyə edib.
  Ombudsman deyib ki, Prezident İlham Əliyevin insan hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində yeni qanunvericilik aktları, Milli Fəaliyyət Planı və Proqramı qəbul edilib və yeni qurumlar yaradılıb. Bu baxımdan ölkəmizdə də bu problemə qarşı ciddi mübarizənin əsası qoyulub və müvafiq qanunvericilik bazası yaradılıb.
  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, müasir zamanda zorakılıqla mübarizə, gender bərabərliyi demokratik institutların inkişaf səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda zorakılığın qarşısının alınması, zorakılıq qurbanlarının sosial reabilitasiyası üzrə dövlət tədbirləri sistemi formalaşıb. Ölkəmizdə ailə və qadın siyasəti sahəsində beynəlxalq hüquqa uyğun qanunvericilik bazası yaradılıb. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ölkəmiz BMT-nin “Qadınların siyasi hüquqları” üzrə Konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə Konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna və “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyaya qoşulub. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan bəzi münasibətlərin tənzimlənməsinə böyük təkan verib. Əlbəttə ki, qadın və uşaqlara qarşı məişət zorakılığı kimi sosial hallardan müdafiə yalnız qanunvericiliklə kifayətlənmir. Azərbaycanda, həmçinin bu və ya digər məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlarla da müvafiq tərbiyəvi-profilaktik işlər aparılır.
  Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxışında məişət zorakılığı ilə mübarizədə məhkəmə təcrübəsinin roluna və beynəlxalq nəzarət mexanizminin milli hüquq sisteminə müsbət təsiri xüsusiyyətlərinə toxunub. O deyib ki, Azərbaycan qanunvericiliyində qısamüddətli və uzunmüddətli mühafizə orderləri öz təminatını tapıb, ancaq onların tətbiqi mexanizmi təkmilləşdirilməlidir.
  Ceyhun Qaracayev diqqətə çatdırıb ki, Konstitusiya Məhkəməsində Mülki Məcəllənin 228-ci maddəsinin şərhi ilə bağlı altıdan çox işə baxılıb. Həmin maddədə qeyd olunur ki, nikaha daxil olan şəxslər mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlamalıdırlar. Lakin təcrübədə bunun çox nadir hallarda baş verdiyini söyləyən Konstitusiya Məhkəməsinin hakimi deyib ki, nikah bağlandıqdan sonra qadın həyat yoldaşının valideynlərinin mülkiyyətində olan mənzilə gəlin gəlir və heç də müqavilə bağlamaq haqqında düşünmür. Boşanma nəticəsində isə yalnız mülkiyyətçinin iradəsindən asılı olaraq istifadə hüququnu əldə edir. Əksər imkansız ailələrdə qadınlar yalnız yaşamaq hüququnu itirməmək üçün hər növ təhqir və fiziki təzyiqlərə məruz qalmağa razıdırlar.
  Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, cəmiyyətimizin ictimai həyatında qadının mövqeyi uzun tarixi bir dövr keçərək formalaşıb və inkişaf edib. Lakin bu inkişaf asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar. Qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar yaratmasına baxmayaraq, bəzən qadınlara qarşı zorakılıq, ilk növbədə, ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi bu imkanlardan istifadə etməyi bacarmır.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun rəhbəri Rəna Fərəcova çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, bütün zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin prioritetlərindəndir. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu məsələdə xüsusi həssaslıq göstərir və mövzunu daim diqqətdə saxlayırlar. Qeyd olunub ki, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır. Yetişməkdə olan gənc nəslin gender əsaslı zorakılıq, erkən nikahlar, ailə dəyərləri və s. mövzularda daha çox maariflənməyə ehtiyacı olduğunu vurğulayan Rəna Fərəcova, Monitorinq qrupu tərəfindən bu məqsədlə bir sıra maarifləndirici işlərin aparıldığını da diqqətə çatdırıb.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.
 
Keçidlər