Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi

06 dekabr 2018 | 20:00
  07.12.2018-ci il tarixdə Sabunçu Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin rəhbərləri və rayon gəncləri iştirak edirdilər.
  Tədbirdə  ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev öz çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik  Azərbaycan tarixində  dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri  baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz  İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi  istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.
  Daha sonra çıxış edən Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva,  Nardaran qəsəbəsi 295 saylı tam orta məktəbin kitabxana müdiri Kəmalə Cəfərova, YAP-ın Sabunçu rayon təşkilatının Gənclər birliyinin üzvü Bəxtiyar Məmmədov və Bakıxanov qəsəbəsi 271 saylı tam orta məktəbin direktoru Səməndər Məmmədov Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, haqq yolundakı mübarizliyi, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.
  Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev yekun sözü ilə çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, dünya azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışması və Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalmasından danışdı.
 
Keçidlər