Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsinin 2013-cü ilə dair yekun hesabat yığıncağı keçirilmişdir

28 yanvar 2014 | 20:00

Azərbaycan Dövləti, artıq öz müstəqilliyinin iyirmi ikinci  ilinə qədəm qoymuşdur. Arxada qoyduğumuz  dövr Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılmış əlamətdar hadisələrlə zəngindir.
Bu gün Azərbaycan  həm iqtisadi gücünə, həm siyasi nufuzuna, həmdə hərbi potensialına görə MDB lider dövlətidir. Əldə olunmuş bütün naliyyətlər xalqımızın dəstəyi nəticəsində siyasi hakimiyyətin tətbiq etdiyi düzgün və səmərəli dövlət idarəçiliyi ilə bağlıdır.                           
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq 2013-cü ildə də ölkəmizin tərəqqisi davamlı xarakter almış, qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur. Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin nitqində və çıxışlarda əldə edilmiş nailiyyətlər öz əksini tapmışdır.
2013-cü ilin ən əlamətdar hadisəsi 9 oktyabr Prezident  seçkiləri günü olmuşdur. Azərbaycan xalqı növbəti dəfə inkişafa, tərəqqiyə, sabitliyə və inamlı gələcəyə  səs verərək, İlham Əliyev cənablarını növbəti dəfə AR Prezidenti, seçmişdir. Respublikanın digər bölgələrində olduğu kimi, rayonumuzda, o cümlədən Maştağa qəsəbəsində də əhali böyük ruh yüksəkliyi ilə seçkilərə qatılmışdır. Qəsəbədə 26075 seçici var. Bunlardan 16.933 nəfəri seçkilərdə iştirak edib və bu da seçicilərin 64,94% təşkil etmişdir. 13.627 nəfər, yəni 80,48% cənab İlham Əliyevə səs vermişdir.
Bildiyiniz kimi, Maştağa qəsəbəsi rayonun ən böyük qəsəbələrindən biridir. Ərazisi  44km2  , əhalisi 44.000 nəfərdir. Eyni zamanda 30 mindən yuxarı əhali yeni salınmış yaşayış massivlərində, bağ evlərində qeydiyatsız yaşayırlar. Qəsəbə ərazisində 715 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onlardan 172-i qeydiyytlı, 543 ailə isə qeydiyyatsız yaşayır. Qəsəbə nümayəndəliyi hər bir qəsəbə sakini, qəsəbədə məskunlaşmış məcburi köçkünlərə xüsusi diqqətlə yanaşır, qayğıları ilə maraqlanır. Maştağa qəsəbəsində 24 mindən artıq fərdi yaşayış evi var. Bunların yarıdan çoxu bağ və qeydiyyatda olmayan evlərdir.
Aztəminatlı, imkansız ailələrdən olan insanlara xüsusi diqqətin göstərilməsi dövlətimizin daim nəzərindədir. Ölkə rəhbərinin tövsiyəsi ilə xüsusi dövlət proqramları hazırlanıb və həyata keçirilib. Belə proqramlardan biri də “Ünvanlı dövlət sosial yardım” proqramıdır. Məhz bu proqram çərçivəsində bizim qəsəbədən 423 ailə ünvanlı sosial yardım alır.       2013-ci il hesabat dövrü ərzində Maştağa qəsəbə Nümayəndəliyi öz işini tərtib edilmiş illik iş planı əsasında təşkil etmişdir. Bu ildə Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənabları qəsəbədə səyyar görüşlər keçirmiş, sakinləri narahat edən, onları maraqlandıran problemlərlə bilavasitə yerlərdə tanış olmuşdur. Adil müəllim sakinlərin fərdi problemlərinə qədər maraqlanır və həllinə çalışır. Başçının qəbul günlərində bir neçə Maştağa sakini fərdi qaydada qəbulda olmuş, bu sakinlərə tikinti-inşaat materialları və müxtəlif yardımlar edilmişdir. Məsələn, Xanlar  yaşayış  massivində yaşayan Məmmədova Nərgiz  və  başqaları  evlərinin  təmiri  ilə  əlaqədar  yardım  almışlar.İcra Hakimiyyəti Başçısı tərəfindən Maştağa qəsəbəsindən 10 nəfərdən artıq vətəndaşa belə yardımlar edilmişdir.
2013-cü ildə Maştağa Elektrik Təchizatı və Satış Şöbəsinin 10/6/0,4 kilovoltluq İstismar Şöbəsi üzrə 7.596 m yüksək gərginlikli kabel xətti 9 ədəd KTM, 1 ədəd yeni TM, 88 ədəd yeni elektrik dayaqları, 1.867 m kabel, 2.250m  yüksək gərginlik  naqili, 32.450 m SİP kabel xətti, 25 ədəd İstismara yararsız TM və KTM-lər kabel xəttli girişli KTM-lə əvəz olunmuş, həmçinin 128 ədəd SİP dayaqları istifadəyə verilmişdir və bu işlər davam etdirilir.
Küçə işıqları ilə bağlı demək istəyirəm ki, il ərzində qəsəbədə 368 dirək (hər birində 2 çıraq olmaqla) basdırılmışdır. 8 ədəd paylayıcı qurğu və 30 km-lik naqildən istifadə olunmuşdur. Basdırılan dirəklər əsasən təzə asfalt çəkilmiş məhəllələrdə quraşdırılmışdır.
2013-cü ildə qəsəbədə yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin qarşısı alınması, ödəniş səviyyəsinin artırılması və  əhalinin fasiləsiz qazla təmin edilməsi məqsədi ilə 76.052m uzunluğunda müxtəlif təzyiqli yeni qaz xəttləri çəkilmiş, istismara yararsız kəmərlər yenisi ilə əvəz edilmişdir. Ümumilikdə, 2.212 ədəd “Smart-kart” tipli sayqaclar əhalinin istifadəsinə verilmişdir. 2.160 fərdi ev qazlaşdırılaraq qeydiyyata alınmışdır. 6 ədəd müasir qaz tənzimləyici, 25 ədəd siyirtmə, 37 ədəd qaz tənzimləyici şkaf quraşdırılmışdır.
Maştağa qəsəbəsində rabitə xidmətini yaxşılaşdırmaq məqsədi ilə müəyyən işlərin görülməsinə ehtiyac var. Qəsəbə üzrə 6 min telefon abonenti var. Bu rəqəm daha çox ola bilər və telefon çəkilişi ilə bağlı bəzi çətinliklər var. Belə ki, kabel qutularında yer olmadığından əhali telefon xətti çəkdirə bilmir.
Asfalt örtüyü ilə bağlı onu demək istəyirəm ki, Adil müəllimin şəxsi təşəbbüsü ilə bu ildə Maştağa qəsəbəsinin bir sıra küçələrində asfaltlama işləri görülmüşdür.  M.Hüseynzadə küç, 3-cü və 4-cü döngə, Nizami küç,Şəfai küçəsi, Daş karxanası, Sabir küçəsi ərazilərinə 50 min m2 yaxın asfalt  örtüyü salınmışdır. M. Mirəliyev, Axund Ş.H. H. Abbasov, Zərdabi, B.Bağırov və digər küçələr də gündəmdədir. Qış aylarından sonra Maştağanın həmin küçələrini asfaltdanması da planlaşdırılır. Bundan əlavə, cənab Prezidentin tapşırığı və sərəncamı əsasında Zabrat-Maştağa-Buzovna şosseləri əsaslı təmir olunmuşdur.(12.08.2013)
Qəsəbənin ərazisini əhatə edən 7 km-lik yola müasir asfalt örtüyü salınmışdır. Zabrat-Buzovna yolunun açılışında mphtərəm cənab Prezident İlham Əliyev iştirak etmiş, öz tapşırıq və tövsiyyələrini vermişdir.
Cənab Prezidentin 2013-cü il ərzində qəsəbəmizə 2-ci gəlişi isə Nizami küçəsində məhəllədaxili yolun əsaslı təmir işlərinin başa çatdırılması ilə əlaqədar olmuşdur.(02.09.2013) Bakı və qəsəbələrin Sosial inkişafına  dair Dövlət proqramı çərçivəsində  həmin küçədə asfaltlanma işləri yüksək səviyyədə həyata keçirilmişdir.
Maştağa qəsəbəsinə su və kanalizasiya sisteminin çəkilişi 2011-2013-cü illər üçün nəzərdə tutulmuş Dövlət Proqramında öz əksini tapmışdı. 2013-cü ilin yay aylarından başlayaraq içməli su xəttlərinin çəkilişi başlanılmışdır və bu il də davam etdiriləcək. Məlum səbəblərə görə Maştağa qəsəbəsində mərkəzi kanalizasiya sisteminin olmaması ucbatından 2012-ci ilin əvvələrində qrunt suların kritik səviyyəyə qalxdı. Belə ki, 530-dan yuxarı ev həyətyanı sahələr qrunt suların altında qaldı. FHN-nin təcili əməliyyat tədbirləri nəticəsində yaranmış vəziyyət nisbətən sabitləşdirildi. FHN-nin mütəxəssisləri ərazilərə baxış keçirəndən sonra podradçı təşkilat qəsəbədə yaranmış vəziyyətlə əlaqədar kompleks tikinti və boru xətlərin quraşdırılmasına başlamış və 2013-cü ilin noyabr ayında başa çatdırmışdır. Hal-hazırda 9 ədəd mövcud nasos stansiyası yenidən qurulmuş, hər bir nasosxana 2 ədəd 15 kvt-dan 45 kvt-a qədər nasos-matorla təchiz olunmuşdur. Əlavə olaraq qəsəbənin B.Bağırov, Ax.M.Əbdülkərim,  Nizami, 4-cü kvartal, Nizami 10-cu döngə, N.Nərimanov  küçələrində 6 ədəd 75m3  yerüstü,  nasosxana ilə təchiz olunmuş hövzələr tikilmiş, 6 ədəd müxtəlif  50m3-dən   350m3  tutumu olan yeraltı anbarlar  tikilmiş,19000m-ə yaxın müxtəlif diametrli plastik boru işlənmişdir. Ərazidə  50-yə yaxin yeni drenaj quyu qazılmış, quyular 5m3-dən 10m3-ə qədər suvurma gücü olan qnom nasoslarla təchiz edilərək boru xəttlər vasitəsi ilə  yerüstü anbarlara istiqamətləndirilmişdir.
   N.Nərimanov  küçəsindəki mövcud  nasosxanadan  istiqamətlənmiş  160mm –lik dəmir boru xəttin 400m yararsız hissəsi, plastik boru xəttlə,  Sabunçu İcra Hakimiyyətinin köməkliyi ilə tərəfimizdən dəyişdirilmişdir. Həmçinin ərazidə istifadə olunan 110mm-lik dəmir borular hissə-hissə dəyişdirilərək təzələnmişdir.
“Xəyal” ticarət mərkəzi, İstirahət parkı, Ax.Ş.Hüseyn küç, ATS-in qabağı, B.Bağırov küçəsində yağışlardan sonra yaranan gölməçələr illərin problemi olmuşdur ki, bu da bu illər öz müsbət həllini tapmışdır. Bununla əlaqədar  qəsəbə sakinləri  ölkə rəhbəri Prezident İlham Əliyevə Maştağa əhalisinə göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin təşəbbəsü səyi nəticəsində Sabunçu rayonuna xeyli sayda xüsusi təyinatlı məişət tullantılarının daşınması üçün maşınlar və texnikalar alınmış, yeni konteynerlər gətirilmişdir. Qəsəbədə hal-hazırda 105 ədəd konteyner yerləşdirilmişdir. 1 KAO tipli, 1 KAMAZ, 1 JAK və 1 ZİL maşını gündəlik məişət tullantılarını daşımaq üçün ayrılmışdır. 24 nəfər süpürgəçi gündəlik qəsəbə ərazisində təmizlik işləri ilə məşğuldur. Demək olar ki, bu gün qəsəbəmizin mərkəzi küçələrinin sanitar vəziyyəti qənaətbəxşdir, zibillər vaxtı-vaxtında daşınır, hər şey nəzarətdə saxlanılır. Həqiqətən, Maştağa qəsəbəsində əvvəlki illərdə sanitariya problemi var idi, bu gün dönüş yaradılmışdır. Lakin, qəsəbənin bəzi küçələrində məişət tullantıları üçün konteynerlərin qoyulmasına ehtiyac var. Təhsil sahəsində qeyd etmək lazımdır ki, qəsəbədə 7 tam orta məktəb fəaliyyət göstərir. 2012-ci ildə Maştağa məktəblərini 227 şagird bitirmişdir. Onlardan 79 nəfəri ali məktəbə qəbul olmuşdur. Qəbul faizi Maştağa qəsəbəsində 33,45%-dir.Bu əlbətdə ki, azdır. Məktəb direktorları, qəsəbə sakinləri, müəllimlər, valideynlər uşaqların təhsil alması, cəmiyyətimizə yararlı, layiqli vətəndaş yetişmələri üçün hamılıqla səy göstərməli, buna nail olmalıyıq. Məktəblə yanaşı qəsəbəmizdə 6 uşaq bağçası fəaliyyət göstərir.13 saylı Peşə məktəbi və 31 saylı Uşaq Yaradıcılıq mərkəzi də öz fəaliyyətini davam etdirir.  
Maştağa qəsəbəsində bir neçə səhiyyə ocağı var.  1 saylı Ruhi xəstəxana, 7 saylı xəstəxana, poliklinika, “Təbəssüm uşaq sanatoriyası” daim sakinlərimizin xidmətindədir.
Maştağa qəsəbəsində H. Abbasov adına Mədəniyyət evi vardır. 2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həmin Mədəniyyət evi əsaslı təmir olunmalıydı. Bundan əlavə, 10 saylı musiqi məktəbi, 1 kitabxana sakinlərimizin ixtiyarındadır.  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə vətəndaşların həqiqi hərbi xidmətə çağırışı ilə əlaqədar gənclərin həqiqi hərbi xidmətə göndərilməsi üçün tədbirlər görülərək Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sabunçu rayon idarəsinə əməli işimizlə kömək etmişik. 1997-ci il təvəllüdlü gənclərin siyahısı tərtib edilərək, həmin idarəyə təqdim edilmişdir. Gənclər arasında vətənpərvərlik mövzusunda daim söhbətlər aparılır.    Qəsəbə nümayəndəliyində əmək intizamına ciddi riayət edilir. Maştağa qəsəbə nümayəndəliyinin hər bir işçisi gün ərzində müraciət edən qəsəbə sakinlərini qəbul edib, onların arzu və istəklərini, problemlərini dinləyir. Yaranmış problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Qəsəbə nümayəndəliyinə ötən 2013-ci il ərzində 188 ərizə və şikayət, 523 məktub daxil olmuşdur. Məktubların 106-i Sabunçu rayon İcra Hakimiyyətindən, 417-i digər təşkilatlardandır. Ərizə və şikayətlər, məktublar müvafiq qaydada və müddətdə araşdırılaraq onlara cavablar hazırlanmışdır. 449 vətəndaş Nümayəndənin qəbulunda olmuş və onların problemi yerində araşdırılaraq, təxirəsalınmaz tədbirlər görülmüşdür.
Qəsəbə ərazisində qanunsuz tikililərin qarşısının alınması üçün tərəfimizdən təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, il ərzində tərəfimizdən 98 qanunsuz tikili aşkarlanaraq sökülmüş, 120 qanunsuz tikiliyə cəhd, tərəfimizdən dayandırılmışdır.  Hal-hazırda ciddi problemlərdən biri torpaq sahələrinin və evlərin sənədsiz olmasıdır. Əsasən Savalan yaşayış massivində özbaşına tikililər çoxdur. Bu problemlər hal-hazırda hazırlanmaqda olan özbaşına tikililərlə bağlı qanun qüvvəyə mindikdə yəqin ki, öz həllini tapacaq. Qəsəbə ərazisində və xüsusilə də “Maştağa-Zabrat” şossesində qeyri-qanuni fəaliyyət göstərən küçə ticarəti obyektlərinin və təndirlərin fəaliyyətinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülmüş, vətəndaşlara xəbərdarlıqlar edilmiş, akt tərtib edilərək 14-cü Polis Bölməsinə göndərilmişdir. Qeyd etmək istəyirəm ki, görülmüş tədbirlərə baxmayaraq bu sahədə hələ də çatışmamazlıqlar qalmaqdadır.
İl ərzində bir sıra əlamətdar gün və bayramlarla əlaqədar qəsəbədə şənliklər keçirilmiş, bayram sovqatları paylanmışdır. Novruz bayramı münasibətilə istirahət parkında böyük bayram şənliyi təşkil olunmuş, yerli özfəaliyyət kollektivləri, meyxana  ustaları, milli adət-ənənəyə uyğun oyunlar keçirilmişdir. “Təbəssüm” uşaq sanatoriyasında da ayrıca tədbir təşkil olunmuşdur. Rayon rəhbərliyi tədbirlərə qatılaraq sakinləri, sanatoriyada isə uşaqları hədiyyələrlə təbrik etmişlər. Həmçinin, qəsəbədə yaşayan şəhid, əlil, tənha, imkansız ailələrə də sovqatlar paylanılmışdır. Ramazan bayramı, Qurban bayramı, Həmrəylik günü münasibətilə də RİH tərəfindən həmin kateqoriyadan olan ailələrə ərzaq yardımı göstərilmişdir. Ərzaq yardımı il ərzində 500 nəfərdən artıq ailəni əhatə etmişdir.
Ən möhtəşəm bayram şənliyi isə 15 iyul Qurtuluş günü ilə əlaqədar olmuşdur. Maştağa istirahət və mədəniyyət parkında RİH tərəfindən konsert proqramı təşkil olunmuşdur. Respublikanın  tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən tədbirdə yüzlərlə qəsəbə sakini iştirak etmişdir.
Hesabat ili ərzində qəsəbə ərazisində abadlıq və təmizlik işləri aparılmış, iməcliklər keçirilmişdir. Keçirilən iməcliklərdə qəsəbədə fəaliyyət göstərən bütün idarə və təşkilatlar, müəssisəllər, məktəblər, səhiyyə ocaqları yaxından iştirak etmişlər.            Yuxarıda qeyd edilən işlərlə yanaşı, görüləcək işlər də çoxdur. 2009-2013-cü illər üçün Dövlət Proqramında bu işlərin bir çoxu öz əksini tapdı və həll olundu. Dövlət Proqramının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfində qəbul edilməsi və həmin proqramın əlavə tədbirlər planında Maştağa qəsəbəsinə aid bəndlərin salınması bizim qəsəbə üçün yeni bir dövrün başlanğıc oldu.  Maştağa qəsəbəsi qədim tarixə və böyük ənənələrə malikdir. Qəsəbəmiz surətlə inkişaf edəcək. Biz qəsəbə sakinləri buna inanırıq. Prezident İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirilən ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyası Respublikamızı daha böyük uğurlara, nailiyyətlərə gətirib çıxarır.

Keçidlər