Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

16 dekabr 2018 | 20:00
  Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident İlham Əliyevə raport verdilər.
  Burada ümumilikdə səkkiz bina tikilib. Binaların həyətində uşaq əyləncə meydançası, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət guşələri yaradılıb.
  Dövlətimizin başçısı mənzillərdə yaradılan şəraitlə tanış oldu.
  Müdafiə naziri Zakir Həsənov Prezident İlham Əliyevə mənzillərdə yaradılan şərait barədə məlumat verdi.
  Bildirildi ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci ildə imzaladığı Fərmana əsasən, bu binalardan ümumi sahəsi 37 min kvadratmetrdən çox olan 394 mənzil hərbi qulluqçular üçün ayrılıb. Onların 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlıdır. Daimi su, qaz, elektrik enerjisi ilə təmin olunan mənzillərə telefon və internet xətti də çəkilib. İstilik və isti su təchizatını təmin etmək məqsədilə hər bir mənzil kombi sistemi ilə təchiz olunub.
  Ölkəmizin iqtisadi potensialı gücləndikcə Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində ardıcıl və mühüm işlər görülür, ordu quruculuğu sahəsində tədbirlər uğurla davam etdirilir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi baxımından tarixi əhəmiyyətli işlər görülüb. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli vəzifəyə həsr edən hərbi qulluqçular hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Silahlı Qüvvələrdə 1992-ci ildən etibarən 20 il və daha çox qüsursuz xidmət etmiş 1279 hərbi qulluqçuya Azərbaycan Prezidentinin Fərmanı ilə indiyədək dövlət tərəfindən Bakıda 629, Gəncədə 632, Naxçıvanda 18 mənzil verilib.
  Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi qulluqçuların ailə üzvləri ilə söhbət etdi.
  Sonda isə xatirə şəkli çəkdirildi.
 
Keçidlər