Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

10 yanvar 2019 | 20:00
   11.01.2019-cu il tarixdə Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə  nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi, Kürdəxanı Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, qəsəbənin ərazisi 27.3 km²,  əhalisinin sayı isə 11240 nəfərdir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsi Ramil Əliyev bildirdi ki, hesabat ili ərzində qəsəbə nümayəndəliyinə Rayon  İcra Hakimiyyətindən 33,  təşkilatlardan 36, vətəndaşlardan isə 17  yazılı və 105 şifahi müxtəlif məzmunda məktub və müraciətlər daxil  olmuşdur. Vətəndaşların müraciətləri haqqında  “Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qəsəbə nümayəndəliyinə daxil olmuş ərizə, şikayət  və müraciətlər nəzərdə tutulmuş müddətdə  araşdırılmış, cavablandırılmış və müvafiq qaydada  tədbirlər görülmüşdür. Hesabat ili ərzində qəsəbə sakinlərini narahat edən məsələlərlə bağlı 185  nəfər nümayəndəliyin qəbulunda olaraq əsasən abadlıq, təmizlik, küçələrin işıqlandırılması, qrunt sularının qarşısının alınması ilə əlaqədar müraciət etmişlər. Qaldırılmış məsələlərin həlli istiqamətində təkliflər hazırlanaraq Rayon İcra Hakimiyyətinə və əlaqədar təşkilatlara  təqdim edilmişdir.
   Azərbaycan Respublikası Prezidentinin hərbi çağırışla bağlı fərmanlarının icrasında Azərbaycan Respublikası Səfərbərlik  və  Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə əməli köməklik göstərilmişdir. Qəsəbədə yaşayan çağırışçıların siyahısı vaxtında tərtib edilmiş və çağırışçılar vaxtında çağırış üzrə Dövlət xidmətinə verilmişdir.         
   İl ərzində nümayəndəlik tərəfindən qəsəbə əhalisinin davamlı elektrik enerjisi,  qaz  və su təhcizatı  ilə bağlı aidiyyəti qurumlarla birgə tədbirlər görülmüşdür. Belə ki, 2018-ci il ərzində Maştağa elektrik istismar şöbəsinin işçiləri tərəfindən qəsəbədə istismara yararsız 770, 599 saylı 2 ədəd KTM yenisi ilə əvəz olunmuşdur. 6/10 kv-luq hava xətlərinin və 0,4 kv-luq ÖİN xətlərinin cari və əsaslı təmir işləri aparılmışdır. Güc transformatorlarına 35 kq yağ əlavə edilmişdir. 113 saylı məktəbin həyətində yerləşən 610 saylı Transformator məntəqəsinın qapıları dəyişdirilmişdir. Sabunçu rayon “Azəriqaz” İB-nin işçiləri tərəfindən 2018-ci il ərzində Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi (hərbi hissənin yanı) diametri 57 mm, uzunluğu 1914,39 p/m olan qaz kəməri çəkilərək boyanmış, diametri 50 mm olan siyirtmə və qaz tənzimləyicisi quraşdırılmışdır.
   Sabunçu rayon Su kanal İdarəsi tərəfindən 2018-ci il ərzində Kürdəxanı qəsəbəsində ümumilikdə 4200 p/m müxtəlif diametrli borularla su xətti çəkilmiş, 800 pm su xətti isə təmir olunmuşdur. 5 dəst müxtəlif ölçülü siyirtmələr quraşdırılmış, 6 ədəd isə təmir olunmuşdur. Müvafiq dövrdə 150 ədəd su sayğacı quraşdırılmış, 32 ədəd sayğac təmir olunmuşdur. Dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 3500 p/m su xəttinin yeri dəyişdirilmiş və əsaslı təmir edilmişdir. Qəsəbənin dəniz sahilinə yaxın ərazilərində 100 abonentə ilk dəfə su xətti çəkilmiş və içməli su ilə təmin olunmuşdur. Qəsəbənin bütün ərazisinin su ilə təmin olunması üçün işlər aparılır.
   Hesabat ilinin əvvələrində qəsəbənin yeni yaşayış  massivində güclü yağışlardan sonra üzə çıxmış qrunt sularını təmizləməkdən  ötrü əraziyə su nasosları quraşdırılmış, artıq  sular  yaxınlıqdakı gölə axıdılmış, qəsəbənin Yeni Yaşayış massivində qrunt suları basmış yollar daş qırıntıları və torpaq tökülərək hamarlanmışdır.
  Ötən ilin yanvar ayında qanlı “ 20 yanvar “ ümumxalq  hüzn günü ərəfəsində qəsəbənin   Sağlamlıq mərkəzində, 113 saylı orta məktəbdə və qəsəbə  kitabxanasında 20 yanvar hadisələrinin 28 – ci il dönümü  münasibətilə qəsəbə sakinlərinin və şəhid ailələrinin iştirakı ilə geniş anım mərasimi  keçirilmişdir. Şəhidlərin xatirəsinə ucaldılmış   abidə ziyarət olunmuş, əklil və gül dəstələri qoyulmuşdur.  
Xocalı soyqırımının 26 illiyi ilə əlaqədar qəsəbədəki 113  saylı orta məktəbdə şəhid ailələri ilə birlikdə geniş anım mərasimi keçirilmiş və Bakı şəhərindəki  Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunmuşdur. Həmin gün qəsəbədəki Sağlamlıq Mərkəzində Xocalı şəhidlərinin xatirəsinə qan vermə aksiyası keçirilmişdir. Aksiya zamanı 50 nəfərdən çox qəsəbə sakini də  yaxından iştirak etmişdir.
Baharın gəlişi ilə əlaqədar axır çərşənbə günü münasibətilə qəsəbədə yaşayan şəhid və aztəminatlı ailələrə bayram sovqatları paylanmışdır.
2017 – ci ilin may ayında Faşizm üzərində qələbənin 72 illiyi ilə əlaqədar  1941-1945 - ci ildə həlak olmuş qəsəbə sakinlərinin xatirəsinə ucaldılmış abidə təmizlənmiş və ətrafında abadlıq işləri  aparılmışdır.
   Yay mövsümünün başlanmasına hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları  ilə birlikdə qəsəbə ərazisinə düşən çimərliklərdə monitorinq keçirilmiş və özbaşına inşa edilmiş tikililər  yığışdırılmışdır.      
Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar Kürdəxanı qəsəbəsində Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən  150 nəfərlik iftar süfrəsi açılmışdır. İftar süfrəsində qəsəbə sakinləri də iştirak etmişlər. Ramazan bayramı münasibəti ilə qəsəbədə bayram tədbirləri keçirilmiş, imkansız və şəhid ailələrinə bayram sovqatları paylanmışdır. Qəsəbədəki Cümə məscidində qəsəbə ictimaiyyəti ilə birlikdə bayram namazı qılınmışdır. 
Müqəddəs  Qurban bayramı münasibəti ilə 31 ailəyə qurban payı paylanmışdır.
   2018 – ci ilin sentyabr ayında Bilik Günü münasibəti ilə 113  saylı məktəbdə tədbir keçirilmişdir. Bilik günü ilə əlaqədar məktəb ətrafında abadlıq işləri aparılmışdır.
Aparılmış abadlıq işləri ilə əlaqədar qəsəbə bağ massivindəki küçələrə, ümumilikdə 7200 m² sahəyə asfalt örtüyü vurulmuşdur. Bağ massivində 2280 m² yol asfalt altlığı bərkidici karbonatla örtülmüşdür. Bundan əlavə 6000 m² qəsəbə daxili küçələrin divarları rənglənmişdir.
Qəsəbədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qaydalarını pozan ət kəsimi məntəqələrinin fəaliyyəti dayandırılmışdır və küçə ticarəti yığışdırılaraq  daim nəzarətdə saxlanılır.
   Noyabr ayının əvvəllərində Kürdəxanı -Pirşağı şossesinin ətrafında  olan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin işçiləri ilə birlikdə təmizlənmiş, müəyyən abadlıq işləri  aparılmışdır. Qəsəbə qəbiristanlığında da abadlıq işləri aparılmışdır. 
Yeni yaşayış massivində  üzə çıxan qrunt sularının gölə  ötürülməsi üçün borular təmir olunmuş,  nasoslar işə salınmışdır.
Respublikamızın hər yerində olduğu kimi 12 dekabr 2018 – ci il tarixdə Ulu Öndər  Heydər Əliyevin anım günü qeyd edilmişdir.
   İlin sonunda qəsəbəyə bitişik olan yeni yaşayış massivində keçilməz halda  olan bir neçə küçə texnika vasitə ilə tam hamarlanmış və qaydaya  salınmışdır.
   Daha sonra Kürdəxanı Bələdiyyəsinin sədri  Pərviz Dadaşov 2018-ci il ərzində Bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər