Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

04 fevral 2019 | 20:00
   05.02.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu rayonunun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasında sektor müdiri Tağı Tağıyev, millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Ümummili lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlanılan hesabat yığıncağı Bakı Gənclər Mərkəzinin akt zalındadavam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Prezident cənab İlham Əliyevin ötən il rayona etdiyi səfərləri, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri və hesabat dövründə əldə olunan nailiyyətlərdən bəhs edən video-çarx nümayiş olundu.
Tədbiri hesabat məruzəsi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi sayəsində 2018-ci ildə də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması davam etdirilmişdir. A.Vəliyev qeyd etdi ki, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də Sabunçu rayonunun sosial-iqtisadi sahələrində inkişaf davam etmiş vəəsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, 2018-ci il ərzində rayonun sənaye müəssisələri və idarələri tərəfindən 517.6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2017-ci ildəki faktiki qiymətlərlə müqayisədə 24.6 faiz çoxdur. 2018-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə  2milyard 916 milyon manatlıq əmtəə satılmışdır ki, bu da əvvəlki ildəkinə nisbətən 7.8 faiz artım deməkdir. 2018-ci ilin yanvar - dekabr aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsaitin həcmi isə 78.8 faiz artaraq 333.6 milyon manat olmuş, 307.9 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Bütün maliyyə vəsaitləri hesabına rayonda 129.9 milyon manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2018-ci ildə əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 3.4 faiz artaraq 501.8 manat olmuşdur. “Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası əsasında rayonda sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq il ərzində 4013 yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən 30621 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiyaların hər ay vaxtında ödənilməsi təmin edilmişdir. İş axtarmaq məqsədilə rayon Məşğulluq Mərkəzinə 3336 nəfər müraciət etmişdir ki, onlardan da 1316 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2018-ci ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir. Bakıxanov qəsəbəsi  Mehmandarov 17, 19 və Mədəniyyət küçəsi 28 ünvanlarında olan 2 və 3 mərtəbəli, çoxmənzilli binaların yerində müasir, çoxmərtəbəli yaşayış binalarının tikintisi yekunlaşmaqla sakinlər öz mənzillərinə köçürülmüşdür.
Eyni zamanda, Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 12,Ərəblinski 14, 14a, 16, 18 və 18a, Nazim İsmayılov 70, 72 və 74, R.Qəmbərov 19 və 21, Ərəblinski 1 və Aşıq Alı 9  ünvanlarındakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektləri sökülmüş və oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşasına başlanılmışdır. Sabunçu qəsəbəsi Xəstəxanayanı və Əsədullayev küçələri və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Maştağa qəsəbəsi 187 nömrəli, Zabrat qəsəbəsi 192 nömrəli, Ramana qəsəbəsi 78, 198 nömrəli və Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəblər Bakı Şəhər İcra Hakimiyyəti, Bakıxanov qəsəbəsi 310 nömrəli orta məktəb isə Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Maştağa qəsəbəsi “Savalan” adlanan yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Rayon İcra Hakimiyyəti tərəfindən inşa olunmuş 960 şagird yerlik 28 nömrəli tam orta məktəbin 14.09.2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur.
06 mart 2018-ci il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Maştağa qəsəbəsində yerləşən 120 yerlik 9 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir -bərpadan sonra açılış mərasimi keçirilmişdir. Nardaran qəsəbəsində Bakı Keramika və tətbiqi sənət Mərkəzi və Xalça emalatxanası binalarının tikintisi başa çatdırılmışdır.
13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakıxanov qəsəbəsində müasir tələblərə uyğun yenidən qurulmuş istirahət parkı və yeni inşa edilmiş ümumi sahəsi 5800 m² olan üçmərtəbəli Bakı Gənclər Mərkəzinin açılışı keçirilmişdir.
2018-ci ildə rayonun mərkəzi küçə və yollarında, məhəllədaxili ərazilərdə abadlıq və quruculuq işləri davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi – 1A, 1B, 1V, məhəllə 4090/94 ev 2/6, N.İsmayılov 1,3,4, Y.Əliyev 22, 24, 22 A, 24 A, Xasməmmədov küçəsi 5, R.Qəmbərov küçəsi 24, 26, 30,keçid 938, ev 32,Sülh küçəsi ev 3 və 5 ünvanlarında nümunəvi həyətlər salınmışdır. Hal-hazırda Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 1 ünvanındakı 14 girişli binada və həyətyanı sahədə təmir-bərpa və abadlıq işləri davam etdirilir. Çoxmərtəbəli yaşayış binalarının həyətyanı sahələrində abadlıq işləri ilə yanaşı, həmin ərazilərdə 27.5 min m² asvalt örtüyü vurulmuş, 7300 metr səki daşı-bardür düzülmüş, hər həyətdə 9-10 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmış, onlarla günlük və oturacaqlar qoyulmuşdur. Bu və digər sahələrdə yaşıl ot örtüklərinin salınması, həmişəyaşıl ağac, kol və güllərin əkilməsi işləri davam etdirilmişdir. İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 230 min m²-dən çox yeni asvalt örtüyü salınmışdır. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında, çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır.
Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər, eləcə də cari ilin yanvar ayı ərzində qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmiş və sakinləri narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
İl ərzində rayonda bir sıra sosial əhəmiyyətli tədbirlər, ətraf mühitin mühafizəsi, sağlamlıq üzrə aksiyalar, səyahət və görüşlər təşkil edilmişdir.
Belə ki, Respublika Prezidenti cənab İlham Əliyevin 2018-ci il fevral ayının 12-dən may ayının 12-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə verdiyi tapşırığın icrası ilə bağlı Sabunçu rayonunda da müvafiq tədbirlər keçirilmişdir. Rayon əhalisinin tibbi müayinəsi 4 xəstəxana, 5 poliklinika və 1 ambulatoriyada keçirilmişdir. Aksiya çərçivəsində rayonun 10 yaşayış məntəqəsi üzrə nəzərdə tutulan 243015 nəfərdən 148212 nəfərin tibbi müayinədən keçməsi təmin edilmişdir. Onlardan 11602 nəfər ambulator, 511 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında respublikamızın ayrı-ayrı bölgələri ilə daha yaxından tanış olmaq məqsədi ilə 23 mart 2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində Naxçıvan Muxtar Respublikasına səfər edən Sabunçu rayon məktəbliləri ilə görüş keçirilmişdir. 26 mart 2018-ci il tarixdə Sabunçu məktəbliləri “Ölkəmizi Tanıyaq” maarifləndirici IX tur-aksiya çərçivəsində Heydər Əliyev Beynəlxalq Hava limanında təntənəli şəkildə Naxçıvan Muxtar Respublikasına yola salınmışdır. Məktəblilərimiz martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olmuşlar. Noyabr ayının 17-də isə “Ölkəmizi tanıyaq” maarifləndirici 10-cu tur aksiyasının təntənəli açılış mərasimi keçirilmiş və noyabrın 18-də aksiya iştirakçıları Göygöl-Gəncə, Şəmkir bölgəsinə yola salınmışlar.
Bundan başqa “20 Yanvar-hüzn günü”, “Azərbaycanlıların soyqırımı günü”, “Xocalı soyqırımı günü”, “Novruz”, “Ramazan” və “Qurban” bayramları, ”Faşizm üzərində qələbə günü”, “Respublika günü”, “Milli Qurtuluş günü”, “Milli Dirçəliş günü”, “Dövlət Müstəqilliyi günü”, “Konstitusiya günü”, “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”, “Yeni il” və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
2018-ci il ərzində Rayon İcra Hakimiyyəti aparatına ümumilikdə 8264 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da 2017-ci il ilə müqayisədə 7.2 faiz (554 sənəd) çoxdur. O cümlədən vətəndaş müraciətlərinin sayı 5692 olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 562 nəfər qəbul edilmiş, keçirilmiş 48 səyyari görüşlərdə 5200 nəfərə yaxın vətəndaş iştirak edərək onlardan 564 nəfəri müxtəlif təkliflərlə çıxış etmiş və 240 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və təkliflərinə, ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş və izahatlar verilmişdir.
Rayon İcra Hakimiyyəti 2018-ci ildə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Daha sonra Sabunçu rayonunda istehsal sahələrinin inkişaf perspektivləri haqqında “Neftqazmaş” ASC-nin direktoru Vahid Hacıyev, 2018-ci ildə rayonda aparılan abadlıq və sanitar-təmizlik işlərinin vəziyyəti haqqında Rayon Kommunal-Təsərrüfatı İdarəsinin rəisi Akif Ramazanov, 2018-ci ildə rayonda ictimai asayişin qorunması üzrə görülmüş işlər haqqında Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, 2018-ci il ərzində ölkənin inkişafı üçün müxtəlif istiqamətlərdə görülən işlər barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında sektor müdiri Tağı Tağıyev və millət vəkilləri Eldar Quliyev, Dilarə Cəbrayılova və Fazil Mustafa çıxış etdilər.
Keçidlər