Sabunçu rayonunda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirici layihə çərçivəsində dəyirmi masa keçirildi
7 fevral 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirici layihə çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Məmmədova, “Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin sədr müavini Aynur Sofiyeva, Respublikanın Ağsaqallar Şurasının İdarə heyətinin üzvü , Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov və digərləri iştirak ediblər .
Sabunçu rayon İcra Hakimiyyətinin müavini Arzu Məmmədova çıxışında bildirib ki, “Layihənin əsas əhəmiyyəti ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanması, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, əhalinin hüquqi haqlarını bilməsi üzərində qurulub. Azərbaycan qədim Şərq dövlətidir. Bu dövlət öz milli – mənəvi dəyərlərinə, milli kimliyinə, tarixinə, mədəniyyətinə və ən əsası ailə dəyərlərinə sahib olan qədim və əlbəttə, müasir dünyəvi dövlətdir. Şərq və Qərb mədəni dəyərlərinin sintez etdiyi bir dövrdə Qərbdən əxz olunan çağdaş və innovativ məqamlar olduğu kimi, Qərbin də əks tərəfdən öyrənib tətbiq etməyə çalışdığı məqamlar çoxdur. Bunlardan biri ailə dəyərləri və bu dəyərlərin qorunmasıdır. Qloballaşan dünyada bir çox dəyərlərin kölgə altına salındığı zamanda ailə Azərbaycanda kiçik bir dövlət olmaq reallığını böyük fəxrlə qoruyub saxlayır və bundan sonra da saxlayacaqdır. Ölkənin başçısı cənab İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider olaraq Azərbaycanda bu institutun möhkəmlənməsini, problemlərinin həllini həyata keçirməkdədir. “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır" - deyən dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında aztəminatlı ailələrə ünvanlı sosial yardımların, habelə gənc ailələrə ipoteka kreditlərinin verilməsi ümumilikdə ailə institutuna göstərilən qayğının tərkib hissəsidir.
Daha sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək qeyd edib ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir. Bildirilib ki, qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür.Ölkəmizdə ailə məsələlərinə xüsisi önəm verilir. Daha sonra Aynur Sofiyeva gənclər, yeniyetmələr arasında milli-mənəvi dəyərlərin təbliğ və tərənnüm olunması işində ümumtəhsil müəssisələrinin və müəllimlərimizin üzərinə düşən məsuliyyətdən danışıb. Maarifləndirici söhbətlər vasitəsilə şagirdlərdə ailə dəyərlərini möhkəmləndirməyin, hətta hansı maraq dairəsinin olduğunu öyrənərək gələcək peşə, sənət seçiminə kömək etmənin mümkünlüyünü bildirmişdir. Layihənin yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirib.
Tədbirdə həmçinin Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova, Sabunçu rayon Qadınlar Şurasının sədri Samirə Əjdərzadə, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Lamiyə Cəlilova da çıxış edərək layihənin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər. İştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənmiş və fikir mübadiləsi aparılmışdır.