Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2013-cü ilin yekunları müzakirə olunmuşdur

18 fevral 2014 | 20:00

    18 Fevral 2014-cü il tarixdə Sabunçu rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2014-cü-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
         Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, Millət vəkilləri və rayon İcra Hakimiyyəti başçısının müavinləri Yeni Azərbaycan Partiyasının Sabunçu rayonunda yerləşən inzibati binasında Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoydular.
         Yiğıncaq iştirakçıları hesabat dövründə ölkəmizdə və Sabunçu rayonunda gedən geniş adablıq və quruculuq işlərindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabunçu rayonuna səfərləri barədə film nümayiş olundu.
         Hesabat yığıncağında məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
         Müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkənin möhkəm təməli yaradılmış, hərtərəfli inkişaf yolu dönməz xarakter almışdır.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə sözün əsl mənasında sıcrayışlı sosial-iqtisadi inkişafa nail olmuş, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə, strateji valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 18,4 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,3 dəfə, əhalinin əmanətləri 27,2 dəfə artmış, 1 milyon 200 mindən çox yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə endirilmişdir. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Azərbaycanın bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. ÜDM-ın həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillə irəliləyərək 2003-cü ildəki 106-cı yerdən 66-cı yerə yüksəlmişdir. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar iqtisadi sahədə son on ildə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmadığını təsdiqləmişdir.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Dövlət başçısı ötən ildə ölkəmizin sosial-iqtisadi inkişafı və eləcə də digər sahələrdə görülmüş işləri geniş təhlil edərək 2014-cü ildə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Cənab Prezident qeyd etmişdir ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmizin dinamik inkişafı təmin edilmiş, böyük layihələr icra edilmişdir. Azərbaycanın beynəlxalq nüfuzu daha da artmışdır. 2013-cü ildə Azərbaycanda ümumdaxili məhsul 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. ÜDM istehsalı qeyri-neft sektorunda 10 faiz, neft sektorunda isə 1 faiz artıb. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur ki, onun da 17,5 milyard dolları daxili sərmayədir. Hazırda Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara çatmışdır ki, bu da ümumidaxili məhsulun 70 faizini təşkil edir. Keçən il ərzində respublikada 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir.
         İl ərzində ümumi sahəsi 2,138 milyon kv.metr olan yaşayış evləri, 34512 şagird yerlik ümumtəhsil məktəbləri, 1338 çarpayılıq xəstəxana, 2466 yerlik məktəbəqədər təhsil müəssisələri və yüzlərlə digər sosial obyektlər istismara verilib.
         Nəqliyyat sektorunda da böyük işlər görülmüş, beş yüz kilometr magistral və məntəqələrarası yollar çəkilmişdir.
         2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. Dekabrın 17-də Bakıda XXI əsrin layihəsi adlandırılan “Şahdəniz-2” investisiya sazişi bağlanmışdır. “Şahdəniz-2”, TANAR, TAP layihələrinin icrası ancaq ilkin hesablamalara görə 45 milyard dollar investisiyanın cəlb edilməsinə xidmət edəcəkdir.
         Ötən il bütün sahələrdəki uğurlarla yanaşı birinci Azərbaycan peyki “Azərspace-1” səmaya qaldırılmışdır ki, bu da xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir.
         2013-cü ildə həm də ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən Prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini real siyasətə və real işlərə vermişdir. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, İslam Əmkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər və öz bəyanatlarında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi haqqında ortaya rəsmi rəy qoymuşlar. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən yüksək əhval-ruhiyyə bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir.
         2013-cü il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam etmiş, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
         Belə ki, 2013-cü ildə rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 mln.manat təşkil etmişdir ki, bu da əvvəlki ildəkindən 80,3 mln. manat və ya 25,4 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 mln.manat, əsas kapitala yönəldilən investisiyaların həcmi 304,7 manat, pərakəndə əmtəə dövriyyəsi 610,6 mln.manat təşkil edilmişdir. 2013-cü ildə bir işçiyə düşən orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 6,7 faiz artaraq 432 manat, sənaye sahəsində çalışanların əmək haqqı isə 7,8 faiz artaraq 560,4 manat olmuşdur.
         İl ərzində rayonda 2395 yeni iş yerləri açılmışdır ki, onların da hamısı daimidir. Hazırda rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı 30350 nəfərdir. Statistik məlumata görə əhalinin sayı isə 234387 nəfər təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490N-li sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və həmin Proqrama “Əlavə Tədbirlər Planı”nın icra müddəti 2013-cü ildə başa çatmışdır. Həmin Dövlət Proqramı və Əlavə Tədbirlər Planı çərçivəsində indiyədək Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilmiş, yollar salınmış, əhalinin elektrik enerjisi, qaz, su istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət quşələrinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür.
         Ötən dövr ərzində bu proqram və əlavə tədbirlər planına uyğun olaraq rayonda cəmi 3000 şağird yerlik 1 məktəb və 5 tədris korpusu, 1 uşaq bağçası, 1 səhiyyə müəssisəsi tikilmiş, 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılaraq hamısı müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda 1 uşaq bağçası, muğam evi və Gənclər evinin tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə və 1 mədəniyyət evinin isə əsaslı təmiri davam etdirilir.
         Eyni zamanda Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evi) əsaslı təmiri və yeni korpusun tikintisi başa çatdırılaraq cənab Prezidentin iştirakı ilə oktyabr ayında istifadəyə verilmiş. Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi, Gözdən əlillər üçün tədris bərpa mərkəzinin tikintisi isə başa çatdırılmaq üzrədir, Maştağa-Nardaran və Pirşağı-Kürdəxanı qəsəbələrinin ərazisində tikilmiş 3 mini futbol və idman meydançaları 2013-cü ildə gənclərimizin istifadəsinə verilmişdir və s.
         Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 №-li Sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Sayca 3-cü olan bu Dövlət Proqramında da təkliflərimiz əsasında Sabunçu rayonunda bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunların da icrası nəticəsində qalan əksər məsələlər öz həllini tapmış olacaq.
         Bununla yanaşı rayonda mərkəzi dövlət orqanları və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlərin və inzibati binaların tikintisi və təmir-bərpa işləri də aparılmışdır. Belə ki, 2013-cü il dekabr ayının 24-də Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra cənab Prezident İlham Əliyevin iştirakı ilə oradakı sakinlərin istifadəsinə verilmişdir. Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 №-li məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir 3 mərtəbəli məktəb binası inşa edilərək martın 16-da Fondun Prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilmişdir. Hazırda isə Fond tərəfindən Pirşağı qəsəbəsində 226 №-li uşaq bağçası üçün yeni 3 mərtəbəli binanın tikintisi başa çatdırılmaq üzrədir.
         Respublika Prokurorluğu tərəfindən Rayon Prokurorluğu üçün yeni inzibati bina, rayon icra hakimiyyəti tərəfindən RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi və Ədliyyə Nazirliyi Rayon Qeydiyyat şöbəsi üçün 2 mərtəbəli bina, 47 və 81 N-li Mənzil-istismar sahələri üçün yeni birmərtəbəli binalar, Hacınski küçəsində sakinlər üçün 300 kv.m-lik olan xeyir-şər evi tikilmiş, Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılmışdır. 2014-cü ilin mart ayında rayonda fəaliyyətə başlayacaq “Asan Xidmət”in də Bakıxanov qəsəbəsində inşa edilmiş inzibati binası istismara hazırdır. Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olmuş, keçmiş 2№-li uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə təmir-bərpa işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Hazırda Bakıxanov qəsəbəsi ərazisində Sabunçu Rayon Məhkəməsi və 2№-li Bakı İnzibati-İqtisad Məhkəməsi üçün binalar, Heydər Əliyev adına İstirahət Parkında xüsusi layihə əsasında yenidənqurma ilə yanaşı orada Heydər Əliyev Mərkəzinin inşası davam etdirilir.
         2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunları ilə bağlı Sabunçu qəsəbəsi Böyük Şor adlanan sahədə tikilməkdə olan 65 min tutumluq Olimpiya Stadionunun ətrafında və oraya çəkiləcək yeni yol qovşaqlarının layihəsi üzrə tikinti altına düşən 700-ə yaxın fərdi yaşayış evləri və obyektlərin sahiblərinə kompensasiyalar verilməklə, əlaqədar qurumlarla birgə onların sökülməsi təmin edilmişdir. Eyni zamanda Bilgəh-Sumqayıt, Sabunçu-Zabrat-Maştağa və Zabrat-Pirşağı avtomobil yollarının tikintisi ilə bağlı da il ərzində podratçı təşkilatlara icra hakimiyyəti tərəfindən bütün zəruri köməkliklər göstərilmişdir.
         Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələri ərazisindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat vəsait ayrılmışdı. Həmin vəsait hesabına icra hakimiyyətinin sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min kv.m, Nardaran qəsəbəsində 13,5 min kv.m, Maştağa qəsəbəsində isə 17,5 min kv.m yol tikintisi və asfalt örtüklərinin vurulması işləri yerinə yetirilmişdir. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kv.m-ə yaxın yolda təmir işləri aparılaraq yeni asfalt örtüyü vurulmuşdur. Cənab Prezident həmin sahələrdə aparılan işlərlə yerində tanış olmaq üçün sentyabrın 2-də Maştağa qəsəbəsində olmuş, sakinlərlə görüşmüşdür. Ümumiyyətlə bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarında il ərzində 380 min kv-m-dən çox yeni asfalt örtüyü vurulmuş, ətraf sahələr abadlaşdırılmışdır.
         Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində avtomobil yolu genişləndirilməklə aparılan yenidənqurma işləri başa çatdırılmış oradakı kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, yüksək gərginlikli hava xətti yeraltı xətlərlə əvəz edilmiş, küçədə müasir işıqlandırma sistemi yaradılmaqla, yolun ətrafı abadlaşdırılmışdır. Eyni zamanda Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər yolun hər iki tərəfində hasar və tikililər bərpa olunmaqla orada müasir üslubda aqlay daşlarla üzlənmə, yaşıllaşdırma və abadlıq işləri aparılmış və hazırda tam başa çatdırılmaq üzrədir.
         Bundan başqa dəmiryolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarla ticarət, ictimai iaşə və digər obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verəcək uzunluğu 180 m, eni 33 m olan 3 mərtəbəli modern tipli ticarət mərkəzinin tikintisinə hazırlıq işləri aparılır.
         Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən onlarla yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənib, fasad tərəfdən qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri çardaqlı metal örtüklərlə əvəz olunmuşdur. Artıq bu binalardan 28-də üzlənmə, 24-də dam örtüyünün vurulması işləri başa çatdırılmış, 10-da işlər tamamlanmaq üzrədir, 3 binada isə davam etdirilir. Eyni zamanda mərkəzi Fətəliyev küçəsi 35, 46 və Sülh küçəsi 14/1, 14/2 №-li 9 mərtəbəli yaşayış binalarının fasadlarının xüsusi layihələr əsasında üzlənməsi və əsaslı təmiri işlərinə başlanaraq davam etdirilir.
O da qeyd edilməlidir ki, indiyədək bu və digər mərkəzi və daxili yolların kənarlarında 8500 kv-m-ə yaxın sahəyə həmişə yaşıl örtük (qazon), 3 minə yaxın müxtəlif növ ağac və kol əkilmiş, Zabrat-Maştağa və Zabrat-Pirşağı mərkəzi yollarının açılışı zamanı orada böyük həcmli abadlıq işləri aparılmışdır. Bakıxanov dəmiryolu keçidindən Sabunçu qəsəbəsinə tərəf körpüyə qədər yolun hər iki tərəfində ərazi tam abadlaşdırılaraq böyük həcmli yaşıllaşdırma işləri görülmüşdür.
         Ümumiyyətlə, 2014-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsinin Sülh, Gənclik, R.Qənbərov və sair mərkəzi küçələrinin, yollarının genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı-pəncərələrinin yeniləşdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəticəsində qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəcəkdir.
         Rayonda, əsasən də köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması, çirkli gölməcələrin doldurulması işləri davam etdirilmiş, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək, oradakı zərərli tullantılar təmizlənmiş, 6,5 ha sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır. Həmin istiqamətdə yeni Ramanadan keçən yolun hər iki tərəfində geniş abadlıq və təmir-bərpa işləri aparılmış, yeni asfalt örtüyü vurulmuşdur.
         2013-cü il ərzində qəsəbə nümayəndəlikləri, bələdiyyələr və Mənzil Kommunal İstismar Sahələri tərəfindən məişət tullantılarının zibil meydançalarından vaxtı-vaxtında daşınıb-təmizlənməsi, abadlıq, yaşıllaşdırma işlərinin aparılması üzrə xeyli işlər görülmüşdür.
         Sanitar-təmizlik və abadlıq işlərinin daha intensiv və keyfiyyətlə aparılmasında KTİ-yə 2013-cü ildə əlavə 7 ədəd yeni maşın-mexanizmlərin verilməsinin böyük rolu olmuşdur. 2013-cü ildə KTİ-yə 750 ədəd əlavə konteyner verilmiş və bununla da konteynerlərin sayı 1263-ə çatdırılmışdır. Bundan əlavə görülmüş tədbirlər əsasında 38 məişət tullantıları üçün nəzərdə tutulmuş meydanca təmir edilmiş, 53 yerdə yeni müasir meydança tikilmiş onların əksəriyyəti konteynerlərlə təmin olunmuşdur. Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının həyətlərindəki və ətraflardakı onlarla qeyri-qanuni tikili, dəmir qaraj, yöndəmsiz çəpərlər sökülərək ərazi abadlaşdırılmışdır. Demək olar ki, artıq bu sahədə ciddi çətinliklər olmur. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsindəki 28, 29, 30, 31, 34 və 35 №-li evlərin qarşısında xüsusi layihələr əsasında 3 nümunəvi həyət yaradılmış, R.Qəmbərov küçəsi 6, 8, 10, 12 və 18 №-li evlərin qarşısında isə 5 yeni nümunəvi həyətlərin yaradılmasına başlanmışdır. Bu işlər indi də davam etdirilir.
         Eyni zamanda təəssüflə qeyd etmək istərdim ki, bəzi qəsəbələrdə nəzarətin zəifləməsi nəticəsində vətəndaşlar tırıfindən qanunsuz tikinti işlərinin aparılması, küçə ticarəti, eləcə də yol kənarlarında ət kəsimi və heyvan satışı mövcuddur ki, bunların da qarşısı birdəfəlik alınmalıdır. Biz burada konkret ünvanlar göstərmək istəmirik. Hər kəs bu sahədə öz üzərinə düşən vəzifələri yaxşı bilir. Əgər bu sahədə dönüş yaranmasa biz bu məsələlərə yenidən ayrıca qayıdacağıq.            
         Rayonda hərbi vətənpərvərlik və təlim-tərbiyə işinin aparılması da hazırda lazımi səviyyədədir. Demək olar ki, rayonda ordu sıralarından boyunqaçırma halları yoxdur. Eyni zamanda təhsil sahəsində də yüksək göstəricilər əldə edilmiş, məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması davam etdirilmişdir. 2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini bitirən 2298 nəfər məzundan 1961 nəfəri ali məktəblərə sənəd vermiş və onlardan 1043 nəfəri və ya 59,18 faizi daxil olmuşdur ki, bu da əvvəlki tədris ildəkindən 6,18 faiz çoxdur. Ali məktəblərə qəbul olunanların 61 nəfəri 600-dən, 210 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.
         Rayon İcra Hakimiyyəti 2013-cü ilin əvvəlindən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onalrın  rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına çalışmışdır.
         2013-cü il ərzində İcra Hakimiyyəti Aparatına 5395 ərizə və 2533 məktub daxil olmuşdur ki, bu da 2012-ci ildəkindən uyğun olaraq  72 və 26 faiz çoxdur. İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 181 nəfər, keçirilmiş 43 səyyari görüşlərdə 10500-ə yaxın sakin iştirak etmiş, həmin görüşlərdə 241 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür köməkliklər göstərilmişdir. Ümumiyyətlə qaldırılmış bu məsələlərin 222-si öz həllini tapmış, qalan 19 məsələ üzrə isə aidiyyatı təşkilatlara müraciətlər olunaraq icrası nəzarətə götürülmüşdür.
         Eyni zamanda edilmiş müraciətlər əsasında 2013-cü il ərzində vətəndaşlara İcra Hakimiyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsədi ilə 255 min manatdan çox maddi yardımlar göstərilmişdir.
         Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən təmir-bərpa işlərinin aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilmısi nəzarətdə saxlamışdır.
         2013-2014-cü tədris ilinin başlanması ilə bağlı şəhid, köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst müxtəlif ölçüdə məktəbli forması paylanmışdır.
         Bundan başqa əlaqədar idarə, təşkilat, cəmiyyət və ictimai qurumlarla birgə “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” və “Qurban” bayramı eləcə də Beynəlxalq Qadınlar, Gənclər, Müəllimlər günləri və müxtəlif Peşə bayramları илə bağlı rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir. Respublikanın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da Ulu Öndər Heydər Əliyevin “90 illik yubileyi” və Qələbə Günü münasibətilə mayın 9-da Bakıxanov qəsəbəsində “Xəzər” TV və Milli Qurtuluş Günü münasibətilə isə iyunun 14-də Maştağa qəsəbəsində ATV televiziya kanalı ilə birgə böyük konsert təşkil edilmişdir.
         Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması əhalinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətini, beynəlxalq aləmdə nüfuzunu daha da yüksəldəcək, 2014-cü il də, əvvəlki illər kimi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövlətlərindən olacaq. Ölkəmizi daha böyük nailiyyətlərə gətirib çıxaracaqdır.
         Daha sonra tədbirdə 2013-cü ildə rayonda vətəndaşların hüquqlarının qorunması və ictimai əsayişin mühafizəsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında Sabunçu rayon Polis İdarəsinin rəisi Cavanşir Babayev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, sahibkarlığın inkişafı iqtisadi siyasətinin Sabunçu rayonunda həyata keçirilməsi barədə “Şirin” MMC-nin direktor müavini Yalçın Rəhimov, Mənzil fondunun istismarı və sanitar-təmizlik işlərinin vəziyyəti barədə Sabunçu rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, Bələdiyyələrin fəaliyyəti, onaırn qəsəbələrin sosial inkişafındakı rolu və qarşıda duran vəzifələr haqqında Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov, Milli Məclisin deputatı Eldar Quliyev, Milli Məclisin deputatı Qalib Salahzadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etdilər.
         Sonda rayon ictimaiyyəti adından yığıncaq iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edildi. Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova qəbul edilmiş müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Keçidlər