Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

25 fevral 2014 | 20:00

“Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edərkən, onların qarşısında hər birimiz vicdan və vətəndaşlıq borcu haqqında düşünürük.Bu borcu ödəməyin ən yaxşı yolu Xocalı qəhrəmanlarının uğrunda öz həyatlarını qurban verdikləri idealları yaşatmaq, müstəqil Azərbaycan dövlətini qorumaq, onun sərhədlərinin toxunulmazlığını, bütövlüyünü təmin etməkdir”.        

                                         Heydər Əliyev


Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin  “Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” 27 yanvar 2014-cü il tarixli Sərəncamına uyğun olaraq  Sabunçu Rayon İcra Hakimiyyəti  tərəfindən   müvafiq tədbirlər planı hazırlanmış və soyqırımının  ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulmuşdur.
2014-cü il fevralın 24-də Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən Bakıxanov qəsəbəsində yerləşən 96 saylı məktəbdə  Xocalı soyqırımının iyirmi ikinci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin rəsm işlərindən ibarət  sərgi ilə tanış olduqdan  sonra “XX əsrin faciəsi” adlı tədbirə baxmaq üçün  məktəbin akt zalına keçdilər. İlk öncə amansız Xocalı soyqırım günündə  özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub düşmən qarşısında əyilməyən  Xocalı sakinlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Xocalı soyqrımını XX əsrin sonunda  amansız şəkildə Azərbaycan xalqına qarşı törədilən, bəşəriyyətin gözü qarşısında baş verən, təcavüzkar siyasətin ən qanlı səhifəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, hücum zamanı erməni vandalları Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan, kimyəvi silahlardan istifadə etmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı təsdiqləyir.  Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Heydər Əliyevin imzaladığı fərmanla həmin gün Azərbaycan xalqına qarşı törədilən soyqırım aktı kimi qeyd edilməyə başlanmışdır. Bildirilmişdir ki,  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə  erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində iyirmi ildən artıqdır  ki, məqsədyönlü və sistemli iş aparılır. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində məcburi köçkünlərin həyat şəraiti gündən-günə yaxşılaşır. A.Vəliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü mühüm işləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə artıq bir necə ildir ki, davam edən "Xocalıya ədalət!" kampaniyasını xüsusi qeyd etmişdir.
Tədbir 2 saylı Xocalı Şəhər tam orta məktəbin şagirdlərinin və rayonun  Adil İsgəndərov adına Mədəniyyət Sarayının yaradıcı kollektivin üzvlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdi. Tədbirin sonunda Xocalı  faciəsini əks etdirən film göstərildi.

Keçidlər