Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində 2019-cu ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

06 may 2019 | 20:00
07 may 2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin I rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Əliyev Niyaz, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə müəssisələrinin,  xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlət başçımız iclası giriş nitqi ilə açaraq 2019-cu ilin birinci rübündə ölkəmizdə görülən işləri hərtərəfli təhlil etmiş və ilin sonunadək həyata keçiriləcək sosial-iqtisadi siyasətin əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Cənab Prezident qeyd etmişdir ki, son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz hərtərəfli inkişaf etmişdir. Son 15 il ərzində iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələr icra edilmiş, insanların rifah halı yaxşılaşmış və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
Hesabat dövründə Sabunçu rayonunda da sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Beləki, 2019-cu ilin birinci rübündə 115.9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 666.3 milyon manatlıq əmtəə satılmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 34.9 faiz artaraq 153 milyon manat təşkil etmişdir. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına rayonda 23.5 milyon manat həcmində əsas fondlar istifadəyə verilmişdir. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 64.9 milyon manat məbləğində maliyyə vəsaiti yönəldilmişdir ki, bu da 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 18.0 faiz çoxdur. Rayon üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.1 faiz artaraq 526.4 manat olmuşdur. İlin əvvəlindən rayonun idarə və müəssisələrində, özəl qurumlarda cəmi 950 yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən 30760 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiyaların hər ay vaxtında ödənilməsi təmin edilmişdir. İş axtarmaq məqsədilə rayon Məşğulluq Mərkəzinə 1226 nəfər müraciət etmişdir ki, onlardan da 381 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında əsaslı təmir və bərpa işləri və Heydər Əliyev Fondu tərəfindən Zabrat qəsəbəsində yerləşən 260 saylı körpələr evi-uşaq bağçasının sökülüb yenidən tikintisi davam etdirilmişdir.
Rayonda 2019-cu ilin yanvar – mart ayları ərzində abadlıq-quruculuq işləri də uğurla davam etdirilmişdir. Belə ki, cənab Prezidentin xüsusi sərəncamı ilə ayrılmış maliyyə vəsaiti hesabına  Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən S.Mehmandarov və S.Qocayev küçələri boyu təxminən 4 km. uzunluğundakı mərkəzi yol müasir tələblərə uyğun yenidən qurulmuş, yeni asfalt örtüyü vurularaq ətraf sahələr abadlaşdırılmışdır.
Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi ev 1; M.Fətəliyev küçəsi ev 28B və ev 35; N.İsmayılov küçəsi ev 59; M.Hacınski küçəsi ev 3; R.Qəmbərov küçəsi ev 14; Ş.Kamilov küçəsi ev 9; Sülh küçəsi ev 8 və ev 11; M.Əmirov küçəsi ev 26; Sabunçu qəsəbəsi Ə.Cavad küçəsi ev 1 ünvanlarının dam örtüyündə cari təmir işi aparılaraq 1530 m2rüberoid vurulmuşdur.Qəsəbənin 4090/94 və 4094-cü məhəllələrində 6 ədəd çoxmərtəbəli yaşayış binasının fasadı, dam örtüyü və girişlərində təmir bərpa işlərinə başlanmışdır. Bu və digər çoxmərtəbəli yaşayış binalarının ərazisində nümunəvi həyətlərin yaradılması işləri davam etdirilmişdir.
İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 160 min kv.m.-dən çox yeni asfalt örtüyü salınmışıdr. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir. Yolların kənarlarında qanunsuz ticarətin, ət kəsilib-satılması hallarının da qarşısının alınması üzrə mütəmadi tədbirlər görülsə də təəssüf ki, hələ də bir sıra qəsəbələrdə, xüsusilə mərkəzi yolların kənarlarında belə hallar mövcuddur. Bu sahəyə Qəsəbə nümayəndələri, Polis və eləcə də Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq xidməti nəzarəti gücləndirməlidir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Qış mövsümünə hazırlıqla bağlı bu sahələr üzrə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılsa da bir sıra yaşayış binaları, təhsil, səhiyyə və digər sosial obyektlərin mövsümə hazırlığı qənaətbəxş olmamışdır. Sakinlərin müraciətlərindən də göründüyü kimi bu əsasən bir sıra binalara hələ də istilik verilməməsi və dam örtüklərinin vəziyyəti ilə bağlı olmuşdur. Bu nöqsanlar aidiyyatı təsərrüfat rəhbərlərinin nəzərinə çatdırılaraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı indidən tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər birinci rübdə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12; Ərəblinski 14, 14a, 16, 18, 18a; Nazim İsmayılov 70, 72, 74; R.Qəmbərov 19, 21; Ərəblinski-1 və Aşıq Alı 9  ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir. Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılmışdır və hazırda sənədləşdirmə işləri aparılır.
Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
Daxil olan müraciətlərdə, yerlərdə keçirilən görüşlərdə sakinlər əsasən qəsəbələrdə, xüsusilə də yeni yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin olmamasından, qrunt və məişət sularının həyətyanı sahələrə yığılmasından, daxili yolların vəziyyətindən narazılıq edirlər. Yaşayış məntəqələrində bu və digər sosial məsələlərin həllini tezləşdirməyi xahiş edirlər. Bütün bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq.
“Ölkəmizi tanıyaq” devizi ilə 23, 25 və 26 mart tarixlərində məktəblilərin maarifləndirici 11-ci tur-aksiya çərçivəsində Sabunçu məktəblilərinin Naxçıvan MR-a səfəri və onların qarşılama mərasimləri keçirilmiş, eləcə də naxçıvanlı məktəblilərin Bakı Olimpiya stadionu və Bakı Gənclər Mərkəzi ilə tanışlığı təşkil olunmuşdur.
2019-cu ilin birinci rübündə İcra Hakimiyyəti aparatına ümumilikdə 2145 sənəd-ərizə və məktub daxil olmuşdur. Qeyd edilməlidir ki, birinci rübdə daxil olmuş 1310 ərizə və şikayətlərin 482-si və ya 36.8 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 425-i və ya 88.2 faizi yaşayış evlərinin tikintisi, əsasən də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 245 nəfər qəbul edilmiş, keçirilmiş 9 səyyari görüşlərdə 1500 nəfərdən çox vətəndaş iştirak edərək 160-a yaxın məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməklik göstərilmiş, izahatlar verilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı soyqırımı”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti 2019-cu ilin birinci rübündə fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyətləri haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qarşıda duran vəzifələrdən söz açaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Keçidlər