Sabunçu rayonunda “Narkomaniyaya qarşı mübarizədə səhiyyə mütəxəssislərinin rolu” mövzusunda tədbir keçirildi
05 mart 2014-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayonun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının növbəti iclası keçirildi.
Tədbirdə çıxış edən Sabunçu RİH başçısının birinci müavini Şakir Alıyev bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 26 avqust 1996-cı il tarixində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman imzalanmaqla, ölkəmiz narkomaniya kimi bəlanın kökünün kəsilməsi istiqamətində beynəlxalq mübarizəyə qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə bu strateji kursu davam etdirərək, dövlətimizin əsas prioritetlərindən biri kimi qəbul etmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə sayca dördüncü olan 24 iyun 2013-cü il tarixli 2966 nömrəli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Sabunçu rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası tərəfindən də Dövlət Proqramının icrası ilə əlaqədar olaraq yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması istiqamətində ardıcıl tədbirlər rayon Polis İdarəsi, təhsil müəssisələri, RİH Başçısının qəsəbələr üzrə nümayəndəlikləri, qeyri hökumət təşkilatları, Gənclər və İdman İdarəsi ilə birgə həyata keçirir.
Məlumdur ki, zərərli vərdişlərin təsiri altına azyaşlı uşaqlar daha tez düşürlər. Ona görə də Komissiya müvafiq dövlət və qeyri hökumət təşkilatları ilə birlikdə rаyon ərazisində azyaşlı və yeniyetmələrin sağlam həyat tərzinin təmin edilməsi və asudə vaxtlarının səmərəli keçməsi üçün məktəblərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, kollec və peşə məktəblərində müxtəlif tədbirlər həyata keçirmişdir. Belə ki, təqvim bayramlarının xüsusi qeyd edilməsindən başqa, idman yarışlarının təşkil edilməsinə daha çox üstünlük verilir.
Nardaran, Kürdəxanı və Pirşağı qəsəbələrində yeni inşa olunmuş zallar yeniyetmə və gənclərin istifadəsinə verilmişdir. İdman zallarının hər birində 200-ə yaxın yeniyetmə və gənc müxtəlif idman növləri ilə məşğul olur. Bunların arasında yeniyetmə və gənclər hərbi vətənpərvərlik istiqamətində keçirilmiş tədbirlərdə də iştirak edirlər. Gənclər arasında gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində keçirilən tədbirlər əsas yerlərdən birini tutur.
Gənclər və İdman İdarəsi rayon ərazisində yerləşən peşə məktəbləri və kolleclərdə seminarlar, rayon məktəbliləri arasında rəsm və inşa müsabiqəsi keçirmiş, Bakı şəhər məktəbliləri arasında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” adlı rəsm müsabiqəsində iştirak etmək üçün 39 saylı Texniki Yaradıcılıq Mərkəzinin və bir sra orta məktəblərin, 12 saylı peşə məktəbinin şagirdlərinin rəsmləri və eyni adlı inşa müsabiqəsində iştirak etmək üçün inşa işləri təqdim olunmuşdur. Komissiya öz fəaliyyətində iş planına uyğun olaraq yeniyetmələr arasında maarifləndirmə işinə daha çox üstünlük verir. Belə ki, narkomanlığın zərərinin təbliği və bu barədə gənclərin maarifləndirilməsi ilə bağlı keçirilmiş tədbirlərdə Sabunçu rayonu ərazisində yerləşən orta məktəblərin IX-XI sinif, peşə məktəblərinin şagirdləri, kolleclərin tələbələri əhatə olunmuşlar, yeniyetmələr arasında broşuraların paylanması təşkil edilmiş, sorğular keçirilmişdir. Tədbirlər elmi praktik konfrans, dialoq və diskusiya şəklində aparılmışdır.
Ş.Alıyev qeyd etdi ki, Rayon Polis İdarəsindən daxil olan hesabatlardan görünür ki, məsuliyyətə cəlb olunanlar arasında uşaqlar qeydə alınmamışdır. Bu da onun nəticəsidir ki, rayonun lisey, peşə və orta məktəblərində bu mövzuda maarifləndirmə işləri mütəmadi aparılmışdır. Həmçinin, orta məktəblərdə işləyən psixoloqların mütəmadi olaraq uşaqlar arasında apardığı izahat işləridə müsbət nəticələr vermişdir. Məktəblərdə inşa yazı işləri, rəsm müsabiqəsi, səhnəciklər, narkomanlıqla əlaqədar müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
2013-cü il ərzində Sabunçu rayonunda gələcək nəsli sağlam böyütmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, toksikomaniya, narkomaniya kimi bəlalardan xilas etmək üçün İcra Hakimiyyəti hər cür imkanlardan istifadə edir. Məktəblərdə “Narkomaniyaya yox deyirik”, “Narkomaniya və alkoqolizmin fəsadları”, “Gəlin narkomaniyaya yox deməyi bacaraq”, “Narkomaniya əsrimizin bəlasıdır”, “Gənclər nakomanlığa yox deyir”, “Biz ağ ölümə yox deyirik” başlığı altında tədbirlər keçirilmişdir.
Sonra Sabunçu Rayon Polis İdarəsinin əməliyyatçısı, polis-mayoru Bəxtiyar Bayramov, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyəxanım Səfərova, Respublika QİÇS-lə mübarizə Mərkəzinin təşkilatı şöbəsinin müdiri Eldəniz Muradov, Zabrat Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Araz Əliquliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev və Bakı ŞİH başçısının müavini, Bakı Şəhər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Fidumə xanım Hüseynova çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışaraq, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflərini söylədilər.