Sabunçu rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu
07.03.2014-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Rayonun səhiyyə və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə rəhbərlərinin iştirak etdiyi tədbiri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev açaraq gözəl bayram münasibəti ilə qonaqları təbrik etdi. A.Vəliyev öz nitqində bildirdi ki, Prezident İlham Əliyevin güclü dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya Azərbaycanı regionda lider dövlətə çevirib. Bu inkişaf Azərbaycan qadınlarının da ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Sonra YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, SRİH başçısının müavini Qəzənfər Həsənov çıxış edərək bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tədbirdə rayonun ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlar icra hakimiyyətinin diplomları ilə təltif olundular.
Tədbirdə çıxış edən qadınlar dövlət qayğısından razılıq etdi, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirdilər.
Sonda bütün iştirakçılara gül çələngi və hədiyyələr təqdim olundu.