Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində 2019-cu ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

06 avqust 2019 | 20:00
07.08.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev,Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, qəsəbə nümayəndələri, idarə-müəssisə nümayəndələri iştirak etdilər. Sabunçu Rayon İcra Hakimyyətinin başçısı Adil Vəliyev 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi və çıxışında bildirdi ki, hesabat dövründə Sabunçu rayonunda sosial-iqtisadi sahələrdə inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Beləki, 2019-cu ilin birinci yarısında 270 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1357.9 milyon manatlıq əmtəə satılmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 97.7 faiz artaraq 204.4 milyon manat təşkil etmişdir. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına rayonda 42.6 milyon manat həcmində əsas fondlar istifadəyə verilmişdir. Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 128.1 milyon manat məbləğində maliyyə vəsaiti yönəldilmişdir. Rayon üzrə orta aylıq nominal əmək haqqının səviyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən 13.1 faiz artaraq 557.4 manat olmuşdur. İlin əvvəlindən rayonun idarə və müəssisələrində, özəl qurumlarda cəmi 970 yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən 30915 nəfər pensiyaçıya xidmət göstərilmiş, pensiyaların hər ay vaxtında ödənilməsi təmin edilmişdir. İş axtarmaq məqsədilə rayon Məşğulluq Mərkəzinə 4148 nəfər müraciət etmişdir ki, onlardan da 1317 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında əsaslı təmir və bərpa işləri və Heydər Əliyev Fondu tərəfindən Zabrat qəsəbəsində yerləşən 260 saylı körpələr evi-uşaq bağçasının sökülüb yenidən tikintisi və Kürdəxanı qəsəbəsində 113 saylı məktəbin təmiri, istirahət parkının tikintisi davam etdirilmişdir.
Rayonda 2019-cu ilin yanvar – iyun ayları ərzində abadlıq-quruculuq işləri də uğurla davam etdirilmişdir. Belə ki, cənab Prezidentin xüsusi sərəncamı ilə ayrılmış maliyyə vəsaiti hesabına  Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən Qaraçuxur qəsəbəsinədək mərkəzi yol müasir tələblərə uyğun yenidən qurulmuş, yeni asfalt örtüyü vurularaq ətraf sahələr abadlaşdırılmışdır.
Nardaran qəsəbəsindəki Mədəniyyət və istirahət parkı, eləcə də oradakı Böyük Vətən Müharibəsində həlak olan əskərlərin xatirə-abidəsi yenidən qurularaq 25 iyun tarixində açılış mərasimi keçirilmişdir.
Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi ev 1; M.Fətəliyev küçəsi ev 28B və ev 35; N.İsmayılov küçəsi ev 59; M.Hacınski küçəsi ev 3; R.Qəmbərov küçəsi ev 14; Ş.Kamilov küçəsi ev 9; Sülh küçəsi ev 8 və ev 11; Vazeh küçəsi ev 6; M.Əmirov küçəsi ev 26; Sabunçu qəsəbəsi, Karqanov küçəsi ev 7; İnqilab küçəsi ev 9; Ə.Cavad küçəsi ev 1 ünvanlarının dam örtüyündə cari təmir işi aparılaraq 4200 m2 rüberoid vurulmuşdur. Qəsəbənin ərazisindəki 6 ədəd çoxmərtəbəli yaşayış binasının fasadı, dam örtüyü və girişlərində təmir bərpa işlərinə başlanmışdır. Çoxmərtəbəli yaşayış binalarının ərazisində nümunəvi həyətlərin yaradılması işləri davam etdirilmişdir.
İlin əvvəlindən “Azəravtoyol” ASC, Bakı Şəhər İcra Hakimiyyəti, Rayon İcra Hakimiyyəti və bələdiyyələrin hesabına rayon ərazisində mərkəzi və daxili yollara cəmi 230 min kv.m.-dən çox yeni asfalt örtüyü salınmışıdr. Bu işlər hazırda da davam etdirilir.
Rayonun mərkəzi və daxili küçə və yollarında çoxmənzilli binaların həyətyanı sahələrində sanitar-təmizlik işlərinin yerinə yetirilməsi, məişət tullantılarının vaxtında götürülməsi təmin edilmiş, bu sahədə nöqsanlara yol verilməmişdir. Yolların kənarlarında qanunsuz ticarətin, ət kəsilib-satılması hallarının da qarşısının alınması üzrə mütəmadi tədbirlər görülsə də təəssüf ki, hələ də bir sıra qəsəbələrdə, xüsusilə mərkəzi yolların kənarlarında belə hallar mövcuddur. Bu sahəyə Qəsəbə nümayəndəlikləri, Polis və eləcə də Gigiyena və Epidemiologiya Mərkəzi, Baytarlıq xidməti nəzarəti gücləndirməlidir.
Əhalinin elektrik enerjisi, qaz, su təchizatı və digər kommunal xidmət sahələrinin fəaliyyəti də qənaətbəxş olmuş, bu sahələr daimi nəzarətdə saxlanılmışdır. Qış mövsümünə hazırlıqla bağlı bu sahələr üzrə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılsa da bir sıra yaşayış binaları, təhsil, səhiyyə və digər sosial obyektlərin mövsümə hazırlığı qənaətbəxş olmamışdır. Sakinlərin müraciətlərindən də göründüyü kimi bu əsasən bir sıra binalara hələ də istilik verilməməsi və dam örtüklərinin vəziyyəti ilə bağlı olmuşdur. Bu nöqsanlar aidiyyatı təsərrüfat rəhbərlərinin nəzərinə çatdırılaraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı indidən tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarı ilə “Pilot layihə” çərçivəsində RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər ilin birinci yarısında da davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilmişdir.
Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12; Ərəblinski 14, 14a, 16, 18, 18a; Nazim İsmayılov 70, 72, 74; R.Qəmbərov 19, 21; Ərəblinski-1 və Aşıq Alı 9  ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilmişdir. Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşası davam etdirilir. Sabunçu qəsəbəsi, Xəstəxanayanı və Əsədullayev küçələrindəki və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılır.
Rayonun Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi 7a; Sabunçu qəsəbəsi, D.Pişəvari küçəsi 13q, 15; 2Aprel küçəsi 8a, 18 və Zabrat qəsəbəsi, N.Nərimanov 6 ünvanlarında yerləşən Fövqəladə Hallar Nazirliyinin kəskin qəzalı vəziyyətdə olması ilə bağlı akt tərtib edilmiş 8 binada yaşayan sakinlərin birdəfəlik kompensasiya ödənilməklə köçürülməsi işlərinə başlanılmışdır. Bununla bağlı sakinlərlə görüş keçirilmiş, bir hissəsinə kompensasiya ödənilmişdir. Hal-hazırda işlər davam etdirilir.
Hesabat dövründə rayonun bütün qəsəbələrində sakinlərlə müntəzəm səyyari görüşlər keçirilmiş və onları narahat edən məsələlərin həlli istiqamətində xeyli işlər görülmüşdür.
Daxil olan müraciətlərdə, yerlərdə keçirilən görüşlərdə sakinlər əsasən qəsəbələrdə, xüsusilə də yeni yaşayış məntəqələrində kanalizasiya şəbəkəsinin olmamasından, qrunt və məişət sularının həyətyanı sahələrə yığılmasından, daxili yolların vəziyyətindən narazılıq edirlər. Yaşayış məntəqələrində bu və digər sosial məsələlərin həllini tezləşdirməyi xahiş edirlər. Bütün bu məsələlər də mərhələli şəkildə öz həllini tapacaq.
“Ölkəmizi tanıyaq” devizi ilə 23, 25 və 26 mart tarixlərində məktəblilərin maarifləndirici 11-ci tur-aksiya çərçivəsində Sabunçu məktəblilərinin Naxçıvan MR-a səfəri və onların qarşılama mərasimləri keçirilmiş, eləcə də naxçıvanlı məktəblilərin Bakı Olimpiya stadionu və Bakı Gənclər Mərkəzi ilə tanışlığı təşkil olunmuşdur. Rayon İcra Hakimiyyəti və Gənclər Evinin birgə təşkilatçılığı ilə “Ən könüllü” layihəsinin iştirakçıları ilə “Dövlət qulluğu” və “Sosial könüllülük” adlı təlimlər keçirilmişdir.
2019-cu ilin birinci yarısında İcra Hakimiyyəti aparatına ümumilikdə 4978 sənəd-ərizə və məktub daxil olmuşdur ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 14.1 faiz (615 sənəd) çoxdur. O da qeyd edilməlidir ki, birinci yarımillikdə daxil olmuş 3200 ərizə və şikayətlərin 1062-si və ya 33.2 faizi şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Bu bənd üzrə qeyd olunan həmin ərizə və şikayətlərin 923-ü və ya 87 faizi yaşayış evlərinin tikintisi, eləcə də Ramana, Zabrat, Maştağa, Pirşağı, Kürdəxanı və digər qəsəbələrin inzibati ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Respublikanın müxtəlif bölgələrindən olan vətəndaşlar tərəfindən aparılan qanunsuz tikililərlə bağlıdır. Mənzil məsələləri ilə müraciətlərin sayı 715, sosial müdafiə məsələləri ilə bağlı 295, enerji daşıyıcıları və su təchizatı ilə bağlı 95 və s. olmuşdur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində fərdi qaydada 225 nəfər qəbul edilmiş, keçirilmiş 22 səyyari görüşlərdəisə 2500 nəfərdən çox vətəndaş iştirak edərək 200-ə yaxın məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, 30 nəfər işlə təmin olunmuş, onlarla vətəndaşa maddi yardım göstərilmiş, məişət problemləri, həyətyanı sahələrin abadlaşdırılması, su təchizatının yaxşılaşdırılması və s. məsələlərin həlli təmin edilmişdir. Ümumiyyətlə qəbul və səyyar görüşlərdə qaldırılmış məslələrin təxminən 95 faizi müsbət həll edilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı soyqırımı”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” və “Ramazan”  bayramları, “Faşizm üzərində qələbə günü”, “Respublika günü” “Milli Qurtuluş günü”və digər əlamətdar günlər münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
İclasın sonunda Şura iclasının qərar layihəsi oxundu.
  İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qarşıda duran vəzifələrdən söz açaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlarını verdi.
Keçidlər