Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi

05 sentyabr 2019 | 20:00
   06.09.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində 2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, rayonun təhsil müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak edirdilər.
   Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
   Konfransda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verdi. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən A.Vəliyev bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf və yeniliklərin daim müşahidə olunduğunu bildirdi. Bütün bunlar Prezident cənab İlham Əliyevin təhsilə diqqət və qayğısının nəticəsidir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı olmuşdur. Qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də əsas istiqamətlərdən biri kimi qeyd edilməlidir.
   Sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu rayonu üzrə 2018-2019-cu tədris ilinin yekunu barədə məlumat verdi. Bildirildi ki, rayon üzrə 63803 şagirddən 2693-ü məzun olmuşdur. Onlardan 2268 nəfər ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 1648 nəfər ali məktəblərə qəbul olmuşdur ki, bu da 72.66 faiz təşkil edir.
   Konfransda çıxış edən Milli Məclisin deputatı Eldar Quliyev ölkəmizdə ildən-ilə inkişaf edən təhsil sahəsində uğurlu nailiyyətlərin əldə olunduğunu vurğuladı. Görülən işlər onun göstəricisidir ki, ölkə Prezidenti təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşır.
   Çıxış edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin  siyasi kursunu layiqincə davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyev övladlarımızın yüksək səviyyəli təhsil almasına, onların qazandığı bilik və təcrübə ilə müstəqil Azərbaycanın tərəqqisinə töhfə vermələri üçün lazımi şərait yaratmışdır. D.Cəbrayılova qeyd etki ki, təhsil sahəsində aparılan islahatlar,  bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Respublikamızda  yeni-yeni təhsil ocaqlarının  inşa olunması, əsaslı təmiri, eləcə  də xarici ölkələrdə gənclərimizin təhsilinin davam etdirilməsindən ötrü həyata  keçirilən tədbirlər  də bu islahatların tərkib hissəsidir.
   Tədbirin sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş abituriyentlər və 2018-2019-cu tədris ilində nailiyyətlər əldə etmiş direktorlar Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələrlə mükafatlandırıldılar.
 
Keçidlər